İran müharibəsi qlobal şirkətlərə 25 milyard dollar ziyan vurub, xərclər artır
19 May 2026
ABŞ və İsrailin İranla müharibəsi qlobal şirkətlərə azı 25 milyard dollara başa gəlib və bu rəqəm artmaqda davam edir. "Reuters" agentliyinin münaqişə başlayandan bəri ABŞ, Avropa və Asiya nəhənglərinin hesabatları əsasında apardığı təhlilə görə, biznes dünyası enerjidaşıyıcıların kəskin bahalaşması, təchizat zəncirinin qırılması və Hörmüz boğazının bağlanması səbəbindən reallıqla üz-üzə qalıb.
Ən azı 279 qlobal şirkət zərəri kompensasiya etmək üçün məhsul qiymətlərini qaldırıb və istehsalı azaldıb. Bəzi korporasiyalar dividendlərin ödənilməsini və səhmlərin geri satın alınmasını (buyback) dayandırıb, işçiləri məcburi məzuniyyətə göndərib və hökumətlərdən təcili maliyyə yardımı tələb edib. "Whirlpool" şirkətinin baş icraçı direktoru Mark Bitzer vəziyyəti belə şərh edib: "Sənayedəki bu geriləmə qlobal maliyyə böhranı dövrünə bənzəyir və digər resessiyalardan daha ağırdır".
Məişət texnikası istehsalçısı artıq illik gəlir proqnozunu yarıbayarı azaldıb və dividendləri dondurub.
"Procter&Gamble", Malayziyanın prezervativ istehsalçısı "Karex" və Yaponiyanın avtomobil nəhəngi "Toyota" da hərbi əməliyyatların yaratdığı xərc böhranı barədə xəbərdarlıq edib.
İranın Hörmüz boğazını bağlamasından sonra neftin bir barelinin qiyməti 100 dolları ötüb. Bu, daşınma xərclərini kəskin artırıb, xammal tədarükünü iflic edib və qlobal dəniz marşrutlarını tamamilə pozub.
"Reuters" vurğulayır ki, araşdırılan şirkətlərin beşdə biri müharibənin birbaşa maliyyə zərbəsinə məruz qaldığını bəyan edib. Onların arasında kosmetika, təkər, yuyucu vasitələr istehsalçılarından tutmuş, kruiz operatorları və aviaşirkətlərə qədər onlarla fərqli sektor var. Ağır itkilər verən şirkətlərin əksəriyyəti Böyük Britaniya və Avropada yerləşir ki, buralarda enerji xərcləri müharibədən əvvəl də yüksək idi. Şirkətlərin təxminən üçdə biri isə Yaxın Şərq neftindən kritik dərəcədə asılı olan Asiya regionunun payına düşür.
Aviaşirkətlərin ümumi itkisi 15 milyard dollara çatıb, çünki təyyarə yanacağının qiyməti təxminən iki dəfə artıb. Böhran uzandıqca antirekordlar yenilənir: "Toyota" münaqişə səbəbindən 4.3 milyard dollarlıq zərər gözlədiyini, "Procter&Gamble" isə xalis mənfəətinin 1 milyard dollar azalacağını açıqlayıb.