Bakı-Tbilisi qatarının fəaliyyəti bərpa olunur? – Ötənilki xəbərlər gerçəkləşməmişdi
19 May 2026
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası istiqamətində danışıqlar aparılır. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən verilən məlumata görə, qurum hazırda "Gürcüstan Dəmir Yolları" ilə işçi qaydada texniki və təşkilati məsələləri müzakirə edir.
Gürcüstan mediasında rəsmi mənbələrə istinadən yayılan məlumata görə, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bu il mayın 26-da bərpa olunacaq.
COVID-19 pandemiyası və xüsusi karantin rejimi səbəbindən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ilin martında dayandırılıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının başa çatdığını 2023-cü il mayın 6-da elan etsə də, Azərbaycan karantin rejimini xeyli yumşaltmasına baxmayaraq, quru sərhədlərindəki məhdudiyyətləri hələ də saxlayır.
Ötən ilin mayında da Gürcüstan mətbuatında Bakı-Tbilisi qatarının fəaliyyətinin bərpa olunacağı barədə məlumatlar yayılsa da, bu reallaşmamışdı. O zaman ekspertlər prosesin dayandırılmasını Azərbaycan tərəfinin istəksizliyi ilə əlaqələndirirdilər. Analitiklər hesab edirlər ki, pandemiyanın bitməsindən üç il keçsə də, quru sərhədlərindəki məhdudiyyətlərin saxlanması iqtisadi maraqlardan qaynaqlanır. Onların fikrincə, bu qərarla həm ölkədən valyuta axınının qarşısını almaq, həm də daxili bazarda əlavə gəlir əldə etmək məqsədi güdülür.
Azərbaycan hökumətinin rəsmiləri isə son dövrlər bu qərarı daha çox təhlükəsizlik amilləri ilə əsaslandırırlar.
Gürcüstanın baş naziri İrakli Kobaxidze mayın 18-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana gəlib.