Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyanın posterini cıran şəxsin psixiatriya klinikasında intihar etdiyi deyilir

Ermənistanda baş nazir Nikol Paşinyanın seçki posterini cırdıqdan sonra saxlanılan və psixiatriya klinikasına yerləşdirilən şəxsin intihar etdiyi bildirilir. Məlumatı həftəsonu ölkənin hüquq-mühafizə orqanları açıqlayıb.

İstintaq Komitəsi Artaşat şəhərinin sakini Armen Ovannisyana qarşı hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki kampaniyasına mane olmaq ittihamı irəli sürəcəkdi. O, cümə günü – mayın 15-də saxlanılmışdı. Ermənistan Daxili İşlər Nazirliyinin onun hərəkətlərini “psixi baxımdan qeyri-sabit davranış” kimi xarakterizə etmişdi. O, ertəsi gün yerli polis bölməsindən Yerevandakı Nubaraşen psixiatriya klinikasına aparılıb. Nazirliyin məlumatına görə, Ovannisyan bir neçə saat sonra orada özünü asıb.

Səhiyyə Nazirliyi xəstəxana əməkdaşlarının onun həyatını xilas etmək üçün əllərindən gələni etdiklərini bildirib. İntiharın qarşısının niyə alınmadığı açıqlanmayıb.

Ölkənin insan hüquqları üzrə ombudsmanı Anahit Manasyan Ovannisyanın ölümü ilə bağlı narahatlığını bildirib. O, hadisənin Ermənistanın psixiatriya müəssisələrində xəstələrin təhlükəsizliyi ilə bağlı “çox ciddi suallar” doğurduğunu deyib. AzadlıqRadiosunun erməni xidməti yazır ki, müxalif siyasətçilər və hökumətin tənqidçilərindən fərqli olaraq, Manasyan Ovannisyanın həbsini tənqid etməyib.

Müxalifətə yaxın beş vəkil isə birgə bəyanatda bildirib ki, Ermənistan qanunvericiliyinə görə seçki materiallarının zədələnməsi cinayət yox, inzibati xəta hesab olunduğundan Ovannisyan həbs edilməməli idi.

“Bir vətəndaşın həyatı bahasına başa gələn bu ağır hadisə ‘təsadüf’ və ya ‘şəxsi faciə’ kimi təqdim oluna bilməz. Bu, hüquq-mühafizə orqanlarının cəzasızlığı və qanunun açıq şəkildə təhrif edilməsinin nəticəsidir”, – bəyanatda deyilir.

“Azatutyun” yazır ki, 7 iyun parlament seçkiləri üçün rəsmi kampaniya başlayandan bəri müxalifət namizədlərinin seçki posterlərini zədələyən şəxslərin saxlanıldığı və ya cərimələndiyi barədə məlumat yoxdur. Müxalif “Hayastan” alyansı mayın 16-da Yerevanda ictimai məkanda qoruyucu şüşə arxasında olan bir neçə posterinin məhv edildiyini bildirib. Naməlum şəxslər şüşələri də sındırıblar.

“Mərc gələk ki, şanlı hüquq-mühafizə orqanlarımız günahkarları tapmayacaq”, – blokun aparıcı üzvlərindən Artur Xaçatryan deyib.

Seçki kampaniyası vaxtı Paşinyanı və ya onun müttəfiqlərini sosial şəbəkələrdə təhqir edən bir neçə şəxs saxlanılıb. Paşinyan tərəfdarlarından heç kimə bu cür ittihamların irəli sürülmədiyi bildirilir.