Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran inqilabının ildönümünün boykotuna çağırış edilir

İranda hazırkı antihökumət aksiyalarında həlak olmuş etirazçılar da daxil ruhani hakimiyyət orqanları tərəfindən öldürülənlərin ailələri Twitter-də diplomatları 1979-cu il İran İslam İnqilabının ildönümü tədbirlərində iştirak etməməyə çağıran kampaniyaya başlayıblar.

İranda Pəhləvi sülaləsinin hakimiyyətinə son qoymuş inqilabın ildönümü hər il fevralın 11-də silsilə tədbirlərlə qeyd edilir.

Bu tədbirlərdə əsasən İran hakimiyyətinin təbliğatı aparılır.

Amma builki ildönümü hakimiyyətin inqilabdan bəri üzləşdiyi ən böyük etirazlarla eyni dövrə təsadüf edir.

Müxalifətin kollektiv 1500təsvir qrupu xəbər verir ki, hakimiyyət tərəfindən öldürülmüş qurbanların, o cümlədən Nika Akrami, Navid Əfkari və Mino Məvidinin ailələri Twitter-də "#BoycottIRIDay" heşteqi yaradaraq İrandakı diplomatik missiyaları təntənəli mərasimlərin boykotuna çağırıblar.

Son günlərdə sosial media platformalarında yayılan videolarda İranın bir neçə şəhərlərində inqilaba və onun ildönümünə həsr edilmiş plakatlara od vurulduğu görünür.

Xatırlatma

İranda sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb.

Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia edirdilər.

Hazırkı küçə etirazları İranda 1979-cu il inqilabından bəri ən böyük həyəcan sayılır.

Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər.

Fəalların HRANA agentliyi yanvarın 16-na olan məlumata görə etirazlar ərzində 70-i azyaşlı olmaqla azı 522 nəfərin öldüyünü bildirib.

Bu da xəbər verilir ki, ölənlərin 68 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Ölkədə etirazlarla bağlı 20 min nəfərin həbs olunduğu, bunlardan 100-ü barəsində edamla nəticələnə biləcək hökmlərin çıxarıldığı xəbər verilir.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub.

İran etirazlarda iştirakilə bağlı 4 nəfərin edam olunduğunu təsdiq edib.