Logo
news content
User
Kateqoriyalar

Xəbər

"İdxal edilən dərmanlara daxili nəzarət aşağıdır"

Bugünlərdə Milli Məclisdə "Dərman vasitələri haqqında" Qanuna dəyişikliklər müzakirəyə çıxarıldı. Təqdim edilən layihədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meyarları nəzərə alınmaqla dərman vasitələrinin xarici (beynəlxalq) qeydiyyatının tanınması nəzərdə tutulub. Layihəyə görə, dərmanların dövlət qeydiyyatı proseduru optimallaşdırılmalı, ölkə ərazisinə idxal edilən keyfiyyətli dərman vasitələrinin sayı artırılmalıdır.

Artıq illərdir ki, Azərbaycanda bir çox vətəndaşlar dərman vasitələrini Türkiyə və başqa ölkələrdən gətirməyə çalışırlar. Buna əsas səbəb kimi ölkədə satılan dərmanların keyfiyyətsiz və baha olduğu göstərilir. Bir müddət əvvəl Türkiyədən dərman gətirilməsinə qeyri-rəsmi yasağın da qoyulduğu deyilirdi. Halbuki, rəsmi orqanlar belə məlumatları təkzib etmişdi.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən "Turan"a bildirilib ki, Azərbaycana idxal edilən dərman vasitələri normativ sənədlər əsasında yoxlanılır: "Hər hansı bir parametrdə uyğunsuzluq müşahidə edilərsə, həmin dərman vasitəsinin seriyasının idxalına icazə verilmir. Bu mexanizm Azərbaycan Respublikasına rəsmi şəkildə idxal olunmuş dərman vasitələrinə şamil edilir".

"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri Aydın Əliyev isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda dərmanlarla bağlı, mükəmməl olmasa da, kağız üzərində yaxşı qanun var: "Məsələni praktikada təkmilləşdirmək lazımdır, çünki bu, strateji və insan sağlamlığına xidmət edən bir məsələdir. İnkişaf etmiş ölkələrdən keyfiyyətli dərmanların idxalı da lazımdır. Yəni, hansısa bir idxalçının gedib xaricdə işbirliyinə girərək, dərman inqrediyentlərinin yetərli olmamasını arzu edərək həmin dərmanı gətirib bizim insanlarımıza satmasına ciddi nəzarət etmək lazımdır".

Ekspertin deməsinə görə, dərman məsələsində ən vacib amil daxili istehsaldır: "İnkişaf etmiş ölkələr dərmanlara tələbatının 60-65 faizini daxili istehsal hesabına ödəyirlər. Biz də bunu ən azından 20-30 faizə qaldırmalıyıq. Hazırda bizdə istehsal, demək olar ki, sıfır səviyyəsindədir".

Həkimin sözlərinə görə, ölkəyə idxal edilən bütün dərman preparatlarının tərkibi şəffaf şəkildə yoxlanmalıdır. Onun fikrincə, bu işdə müstəqil laboratoriyaların olması əlahiddə dərəcədə vacibdir ki, şübhəli məqamlar olsa, onlara müraciət etmək imkan olsun: "Yoxsa bu məsələyə bir qurum baxır, necə baxdığı da sual altındadır. Ölkəyə idxal edilən dərmanlara daxili nəzarət çox aşağı səviyyəsindədir".

A.Əliyev deyir ki, idxal edilən dərmanların depolarda və apteklərdə saxlanma şəraiti onların keyfiyyətinə ciddi təsir göstərir və buna da nəzarət olunmalıdır.