Hindistandan əcaib təklif: müharibəyə “müharibə” deməyin
23 Fevral 2023
Hindistan rəsmiləri G20 sammitinin rəsmi sənədlərində Rusiyanın Ukraynada apardığı müharibədən bəhs edərkən “müharibə” sözündən istifadə etməməyi təklif ediblər. Əvəzində “böhran”dan istifadə etmək təklif olunur.
Pressklub.az-ın məlumatına görə, bu barədə informasiyanı Bloomberg agentliyi yayıb.
Rusiyanın əsas ticarət tərəfdaşlarından biri olan Hindistan G20-nin gələcək sammitində Rusiya-Ukrayna müharibəsinə çox diqqət yetiriləcəyindən narahatdır. Rəsmilər deyirlər ki, diqqəti Moskvaya qarşı sanksiyalara yönəltmək G20-ni digər prioritetlərdən yayındıracaq.
Nəşr qeyd edir ki, Hindistanın Rusiyaya münasibətdə daha yumşaq mövqeyə keçməsi Qərb ölkələri üçün geriyə doğru addımdır. Ötən ilin noyabrında keçirilən G20 sammitində onlar Rusiyanın təcavüzünü pisləyən yekun kommünike üzərində razılığa gələ bilmişdilər. Baxmayaraq ki, fikir ayrılığına səbəb olan ifadələr var idi.
Bu il Hindistan G20-yə sədrlik edir. Fevralın 23-25-də Banqalorda maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin ilk böyük toplantısı keçiriləcək.