
Hərbi qulluqçumuz Cəbrayıl rayonunda sürsat partlaması nəticəsində həlak olub
07 Aprel 2025
Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən ərazidən tapılan sursat partlayışı nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərb qulluqçusu, kiçik gizir Musazadə Əsgər Nicat oğlu müxtəlif dərəcəlı bədən xəsarətləri alıb.
Bu barədə DSX-dan bildirilib.
"Həkimlərin səylərinə baxmayaraq, o, həlak olub. Faktla bağlı DSX və Hərbi Prokurorluqda araşdırma aparılır", məlumatda deyilir.
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Musazadə Əsgər Nicat oğlunun partlayış nəticəsində ölməsi faktı əsasında Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.
Bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Məlumata görə, fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.
Əsgər Musazadə Lənkəran rayonunun Göyşaban kənd qəbiristanlığında dəfn olunub.