Logo
news content
User
Kateqoriyalar

Xəbər

Həkim xəbərdarlıq edir: bu salfetlərlə ehtiyatlı olun

Müasir məişətdə ən çox istifadə olunan təmizlik vasitələrindən biri də nəm salfetlərdir. Lakin məlum olur ki, təmiz və gigiyenik hesab olunan salfetlərin zərərli cəhətləri də var. Mütəxəssislər həmin məhsulun mütəmadi istifadəsi zamanı dəridə dermatitin yarandığını bildirirlər.

Pressklub.az mövzu ilə bağlı həkim-dermatoloq Sevinc Kərimovanın fikirlərini təqdim edir. Mütəxəssis deyib ki, nəm salfetlərdən aşırı dərəcədə istifadə olunması tövsiyə edilmir: “Kosmetikanın silinməsində nəm salfetlərin tərkibində olan təmizləyici vasitədə müəyyən qədər sabun kimi yuyucu vasitə var və dəri ilə kontakt zamanı dermatit kimi qıcıq verən fəsad yarada bilər. Dərini su ilə yuyub təmizləmək daha yaxşıdır”.

Həkimin fikrincə, uşaqların dərisinin daha həssas olduğunu nəzərə alsaq, onda kimyəvi maddələrin onlara vurduğu zərəri təxmin etmək çətin deyil: “Analar uşaq bezlərini dəyişərkən nəm salfetlərdən daha çox istifadə edirlər. Salfetin tərkibində olan maddə dəriyə hopub qalarkən və dəri bezin daxilində nəfəs almadıqda daha çox qıcıq alır. Ona görə də allergik dermatit kimi kontakt dermatit yaranmış olur. Bu səbəbdən mümkün qədər nəm salfetlərdən az istifadə etmək lazımdır”.

Həkim-dermatoloq tövsiyə edir ki, əgər bu cür salfetlərdən istifadəni azaltmaq çətindirsə, heç olmasa tərkibində ətir və spirt olmayan keyfiyyətli salfet almaq məsləhətdir. Restoranlarda verilən üzərində istehsal və son istifadə tarixi yazılmayan yaş salfetdən ümumiyyətlə istifadə etməmək lazımdır.