Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Formula-1” Bakıda: Azərbaycan Qran-prisi start götürür - AFİŞA

Sabah Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürəcək.

Paytaxtda altıncı dəfə keçiriləcək yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.

 

Yarışın ilkin mərhələsi “Formula-2” iştirakçılarının sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 8-ci sınağında saat 15:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər. İlk günün son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər.

İyunun 11-də və 12-də “Formula-1” Azərbaycan Qran-prisi üçün əsas günlərdir. Şənbə günü “Formula-2”də sprint yarışları, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır.

İyunun 12-də “Formula-2”də yekun yarış təşkil olunacaq. Bundan sonra əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, açılış mərasimi olacaq və Azərbaycan himni səslənəcək. Saat 15:00-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

Bu mərhələyə də əvvəlki yarış kimi, 10 komandanın heyətində 20 pilot qatılacaq. Ölkəmizdə “Red Bull”un heyətində Serxio Peres, Maks Ferstappen, “Ferrari”nin heyətində Şarl Lekler, Karlos Sayns, “Mercedes”in heyətində Luis Hamilton, Corc Rassell, “MakLaren”in heyətində Daniel Rikkardo, Lando Norris, “Alfa Romeo”nun heyətində Çjou Quanyu, Valtteri Bottas, “Alpin”in heyətində Fernando Alonso, Esteban Okon, “Alfa Tauri”nin heyətində Pyerr Qasli, Yuki Tsunoda, “Haas”ın heyətində Kevin Maqnussen, Mik Şumaxer, “Aston Martin”in heyətində Sebastyan Fettel, Lens Stroll, “Uilyams”ın heyətində Aleksander Albon və Nikolas Latifi sürətini yoxlayacaq.

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər burdan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Qeyd edək ki, martın 20-də Bəhreyndə start götürən mövsümdə 7 mərhələdən sonra pilotların mübarizəsində 125 xalla “Red Bull”dan Maks Ferstappen liderdir. Onu “Ferrari”nin pilotu Şarl Lekler (1116 xal) və “Red Bull”un digər təmsilçisi Serxio Peres (110) izləyir.

Komanda hesabında isə “Red Bull” 235 xalla birincidir. “Ferrari” 199 xalla ikinci, “Mercedes” 134 xalla üçüncüdür.

Bakı Şəhər Halqası
Döngə sayı – 20
Dövrə - 51
Əsas yarış günü – 12 iyun
Halqanın uzunluğu – 6,003 km
Ümumi məsafə - 306,049 km

Azərbaycan Qran-prisinin proqramı
10 iyun
“Formula-2”

Saat. 12:35 - Sərbəst yürüş

“Formula-1”
Saat. 15:00 - Birinci sərbəst yürüş

“Formula-2”
Saat. 16:30 – Sıralama yarışı

“Formula-1”
Saat. 18:00 - İkinci sərbəst yürüş

11 iyun
“Formula-2”

Saat. 13:30 – Sprint yarışı

“Formula-1”
Saat. 15:00 - Üçüncü sərbəst yürüş

“Formula-1”
Saat. 18:00 - Sıralama turu

12 iyun
“Formula-2”

Saat. 11:05 - Yarış

“Formula-1”
Saat. 14:44 – Dövlət Himni mərasimi
Saat. 15:00 - Azərbaycan Qran-prisi
Saat. 17:00 – Podium mərasimi