Əziz Orucova irəli sürülən ittiham yüngülləşdirilib
13 Dekabr 2024
İbtidai istintaqın yekunlarına görə Kanal-13 İnternet-TV-nin direktoru Əziz Orucova qarşı CM-in 206.3.2-ci (qaçaqlamçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə irəli sürülmüş ittiham ləğv edilib.
İş yalnız CM-in 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) maddəsi ilə məhkəməyə göndərilib. Bu barədə Turan-a jurnalistin həyat yoldaşı Lamiyə Orucova bildirib.
Onun sözlərinə görə, işə Səbail Rayon Məhkəməsində Günel Səmədovanın sədrliyi ilə baxılacaq. Hazırlıq iclası hələ təyin edilməyib.
CM-in 188.2-ci maddəsində 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Əziz Orucov 27 noyabr 2023-cü il tarixində qanunsuz tikinti aparmaq ittihamı ilə saxlanılıb. Sonradan ona qarşı CM-in 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Orucov ittihamları rədd edir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.