Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əsl insan haqqında yazı: Zəlzələ qurbanlarına 30 milyon dollar bağışlayaraq yoxa çıxıb!

"Sağ əlin verdiyini, sol əl görməməlidir" məsəlini yaşayırıq. Bir çoxları etdiyi kiçicik yardımı, yardım çağırışını başımıza qaxanc elədiyi bir zamanda, ABŞ-da əsl insanlıq nümunəsi göstərib.

Pressklub.az xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif “Twitter” səhifəsində maraqlı paylaşım edib. Onun yazdığına görə, naməlum şəxs Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 30 milyon dollar ianə edib. Sonra isə yoxa çıxıb.

Zəlzələdən sonra Türkiyəyə xilasetmə qruplarını sövq edən Pakistan yük maşınları və təyyarələr vasitəsilə də humanitar yardımlar göndərməyə davam edir.

Son olaraq isə adı açıqlanmayan bir pakistanlı Türkiyənin Vaşinqtondakı səfirliyinə gələrək zəlzələ qurbanları üçün 30 milyon dollar bağışlayıb, sonra isə səssizcə səfirliyi tərk edərək yoxa çıxıb.

Baş nazir bu davranışın onun qəlbinə toxunduğunu bildirib. “Adı açıqlanmayan bir pakistanlı Türkiyənin ABŞ-dakı səfirliyinə gələrək Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 30 milyon dollar bağışlayıb. Bu məni çox təsirləndirdi. Bu, bəşəriyyətin aşılmaz kimi görünən çətinliklərini dəf etməyə imkan verən şərəfli xeyriyyəçilik nümunəsidir”, - deyə o qeyd edib.