Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanın mümkün yeni prezidenti

Ermənistanın hakim Vətəndaş Sazişi Partiyasının prezidentliyə Araik Arutyunyanı namizəd göstərəcəyi iddia olunur. ArmLur.am saytı yanvarın 26-da belə məlumat yayıb.

Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan 2018-ci il mayın 8-dən baş nazirdir.

Prezident kürsüsü Armen Sərkisyan yanvarın 23-də istefa verəndən boşdur. O, səlahiyyətlərinin az, daxili və xarici siyasətdə rolunun yox dərəcəsində olduğunu bəyan edərək istefa verib.

1953-cü il təvəllüdlü Armen Sərkisyan 2018-ci il martın 2-si parlamentdə prezident seçilmiş, aprelin 9-da, Ermənistan parlament idarə üsuluna keçən gün and içərək səlahiyyətlərinin icrasına başlamışdı.

Yeni prezident seçilənə qədər dövlət başçısı səlahiyyətlərini parlament sədri Alen Simonyan icra edəcək.

Prezidentin səlahiyyət müddəti 7 ildir. Eyni şəxs bir dəfə prezident seçilə bilər. Namizəd 40 yaşına çatmış olmalıdır.

Konstitusiyaya görə, prezident seçkisi maksimum 35 gün ərzində keçirilməlidir. Namizədlik üçün parlament deputatlarının azı dörddə birinin dəstəyi gərəkdir. İlk turda seçilmək üçün deputatların dörddə üçünün səsi tələb olunur. İkinci turda namizəd deputatların beşdə üçünün səsini toplamalıdır. Üçüncü turda qələbə üçün sadə səs çoxluğu müəyyən edilib.

Ermənistan parlamenti 107 deputatdan ibarədir. Vətəndaş Sazişi Partiyası qanunverici orqanda 71 mandatla təmsil olunur.

Adı hakim partiyanın prezidentliyə namizədi kimi hallanan Araik Arutyunyan 1979-cu ildə paytaxt Yerevanda doğulub. Yerevan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. Tarix elmləri namizədidir.

2018-2019-cu illərdə elm və təhsil naziri, 2019-2020-ci illərdə elm, təhsil, mədəniyyət və idman naziri olub, 2020-ci ildən baş nazirin böyük müşaviri postunu tutub.

1 iyul 2021-ci ildən hökumət aparatına rəhbərlik edir.

Subaydır. (Novator)