Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan zəlzələnin vurduğu dəhşətli ziyanın məbləğini açıqladı

“Zəlzələnin vurduğu ziyan təqribən 104 milyard dollara çatacaq. Bu miqyasda fəlakətlə heç bir ölkənin təkbaşına mübarizə aparması mümkün deyil”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrinə dəstək məqsədilə İsveçdə təşkil olunan Beynəlxalq Donorlar Konfransına canlı bağlantısı zamanı deyib.

O qeyd edib ki, zəlzələ bölgəsində 11 vilayətdə dağılmış, ağır zədələnmiş, yəni istifadəyə yararsız binaların sayı 298 minə çatır.

Bu çətin günlərdə Türkiyəyə yardım edən bütün dövlət və təşkilatlara təşəkkürünü bildirən dövlət başçısı bildirib ki, zəlzələdə dağılmış bütün şəhərlər yenidən qurulacaq:

“Məqsədimiz bir il ərzində zəlzələ bölgəsinin ehtiyaclarını ödəyəcək qədər bina tikməkdir. İlk ildə 319 min, ümumilikdə isə 650 min mənzil inşa edərək təhvil verməyi planlaşdırırıq. Çadır şəhərcikləri, konteynerlərin tikintisini eyni vaxtda davam etdiririk. İki ayda 108 min konteyner quraraq yarım milyon insanı yerləşdirəcəyik”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş ardıcıl güclü zəlzələlər nəticəsində ölənlərin sayı 50 mini keçib.