Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ələsgər Məmmədlinin qaynı işdən çıxarılıb

Həkim Aydın Əliyev çalışdığı "İstanbul" klinikasında işdən çıxarılıb. Bu barədə həkim özü Turana məlumat verib.

Onun sözlərinə görə, martın 12-də klinikanın rəhbərliyi ona işdən azad edildiyini deyib: "Dedilər ki, sabahdan işə gəlmə".

Həkim bunun səbəbini yaxın günlərdə baş verənlərlə əlaqələndirir: "Mənim bacımın həyat yoldaşı Ələsgər Məmmədli həbs olunub və mən onun qanunsuz həbsinə münasibət bildirmişəm. Görünür, bu kiminsə xoşuna gəlməyib".

A.Əliyev qeyd edib ki, o işdən azad olunması ilə bağlı ərizəyə qol çəkməyib: "Mənim klinika ilə iş müqaviləm, sertifikatlarım, vergi, sosial ödənişlərim, hamısı qaydasındadır. Əslində indi klinika mənə təzminat ödəməlidir".

A.Əliyev martın 7-də Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin "İstanbul" klinikasının önündə saxlanılma videosunu öz sosial şəbəkədəki hesabından paylaşıb. Daha sonra o, Ə.Məmmədlinin həbsi ilə bağlı medialara müsahibə verdi.

Aydın Əliyevin dediklərinə "İstanbul" klinikasının rəhbərliyindən münasibət öyrənmək mümkün olmayıb.