Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünyadakı bütün buzlaqlar ərisə...


Yeni bir araşdırmanın nəticələrinə görə, planetimiz insan fəaliyyəti nəticəsində indiki sürətlə istiləşməyə davam edərsə, 2100-cü ilə qədər bütün dağ buzlaqlarının 68 faizi əriyəcək.





Bəs dünyadakı bütün buzlaqlar ərisə, nə baş verər?





Ölkələrin son iqlim öhdəlikləri yaşadığımız əsrin sonuna qədər dünyanın 2,7 dərəcə istiləşməsinə səbəb olacaq.





Nəticələri Science jurnalında dərc olunmuş genişmiqyaslı bir tədqiqatda 200.000 buzlağın fərqli iqlim ssenarilərindən necə təsirlənəcəyi araşdırılıb.




İstiləşmənin 1,5 dərəcədə məhdudlaşdırılmasını nəzərdə tutan Paris razılaşmasına əməl edilsə belə, buzlaqların yarısı yox olacaq.





Bu, 2 milyarda yaxın insanın həyati əhəmiyyətli su ehtiyatlarından məhrum olması deməkdir.





Təxmin edilir ki, dəniz səviyyəsinin yüksəlməsində dağ buzlaqlarının əriməsinin payı üçdə birə bərabər olacaq.





Tədqiqatçılar xüsusilə də sahəsi 1 kvadrat kilometrdən kiçik olan buzlaqların daha kövrək olduğunu deyirlər.





Onların qənaətincə, Yaxın Şərq, Qafqaz, ABŞ və Yeni Zelandiyada buzlaqlar ən yaxşı halda 60 faiz, ən yüksək istiləşmə ssenarisində isə 100 faiz əriyəcək.





Bu araşdırmada tədqiq edilməyən Qrenlandiya və Antarktika buzlaqları da daxil, planetimizdəki bütün buzlaqlar ərisə, nəticəsi necə olar?





Bütün buzlaqlar ərisə, nə baş verər?









Antarktida





Şərqi Antarktidada buz kütləsinin orta qalınlığı təxminən 1,6 kilometrdir, çox böyük yüksəklikdə yerləşir və bir hissəsinin milyonlarla il əvvəl yarandığı təxmin edilir.




Qütb buzlaqları dünyanın soyuducuları hesab olunur və planetimizin iqlim sisteminin tənzimlənməsində çox mühüm rol oynayır.





Şimal qütbündə buzlu qitə yoxdur. Şimal Buzlu Okeanındakı buzların bir hissəsi hər yay əriyib suya qarışır, qışda isə yenidən əmələ gəlir.





Amma iqlim böhranı nəticəsində donmuş Arktika dənizinin buz qatı hər ay kiçilir və nazikləşir.





Amerika Milli Kosmik Agentliyinin (NASA) məlumatına görə, Arktikadakı dəniz buzlarının ən çox azaldığı sentyabr ayında hər 10 ildən bir orta hesabla 13 faiz kiçilmə baş verir. Bu, son min il ərzində görünməmiş bir vəziyyətdir.





Dəniz buzlaqları da planetin isinməsinə görə əriyir və Yerin daha da qızmasına səbəb olur.





Bu, Yer səthinin albedosunun dəyişməsilə əlaqədardır.





Səthin rəngi açıldıqca albedo (əks etdirmə) qabiliyyəti artır. Qütblərin ağ qar əvəzinə tünd rəngli suyla örtülməsi istiliyin daha çox saxlanmasına gətirib çıxarır.





Boğaziçi Universiteti İqlim Dəyişikliyi və Siyasət Mərkəzinin İdarə Heyətinin üzvü professor Murat Türkeş BBC Türkçe-yə müsahibəsində deyib ki, ən çox istiləşmə qütblərdə baş verir və bu, "indiki böyük təzyiq və külək sistemlərinin formalaşmasına" təsir edir.





İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) məlumatına görə, Arktika səthinin temperaturu son 20 ildə qlobal orta göstəricini iki dəfədən də çox üstələyib.





Bu, daha çox və daha şiddətli isti hava dalğaları yaradır və onların Arktikanı əhatə edən küləklərə təsiri nəticəsində soyuq hava dalğaları yaranır, qış fırtınaları şiddətlənir.





Müşahidə olunan başqa bir yenilik temperatur və duzluluq balansının dəyişməsi nəticəsində okean axınlarının dünya iqlimini tənzimləmək qabiliyyətinin azalmasıdır.





Suyun sıxlığındakı fərqlərdən yaranan, daşıyıcı kəmər kimi tanınan dərin okean axınları soyuq suyla isti suyun yerdəyişməsini və sudakı qida maddələrinin daşınmasını təmin edir.





Buzlaqların əriməsi Arktikada duzlu suyun sıxlığının azaldır, bu isə axınların yavaşlamasına səbəb olur.





Ekspertlərin fikrincə, belə vəziyyət Avropada mini bir buz dövrünün başlanmasına da yol aça bilər.Araşdırmalar göstərir ki, bəşər tarixində aqrar cəmiyyətə keçidlə iqliminin sabitləşməsi eyni vaxtda baş verib.





İqlimdəki qeyri-müəyyənliklə yanaşı, kənd təsərrüfatı fəaliyyətlərinin pisləşməsi səbəbindən ərzaq təhlükəsizliyi böhranı da dərinləşəcək.










Buzlaq





2021-ci ildə Alyaskanın Unalakleet şəhərinin Berinq dənizi kəndi yaxınlığında permafrostun əriməsi çuxur əmələ gətirib




Dəniz səviyyəsinin 70 metr qalxması nə deməkdir?




NASA-nın hesablamaları göstərir ki, Qrenlandiyada hər il 280 milyard ton, Antarktidada isə 150 milyard ton buz kütləsi əriyir.





Bu bölgələrdəki buzlaqlar bir gecədə ərisəydi, dəniz səviyyəsi 70 metrə qədər yüksələrdi.





Amerika Geoloji Araşdırma Xidmətinin (USGS) məlumatına görə, bu, bütün sahilyanı şəhərlərin su altında qalması deməkdir.





Dartmouth Kollecinin Yer elmləri üzrə professoru Mathieu Morlighem “Inverse”-ə müsahibəsində deyib ki, dünya əhalisinin 40 faizi sahil daşqınlarının qurbanı olacaq, bəzi xalqlar tamamilə yox olacaq və Sakit okeandakı adalar su altında qalacaq.





Morlighem-ə görə, dəniz səviyyəsinin qalxması təxminən 65 trilyon dollar zərərə səbəb olacaq.





Britaniya Antarktika Tədqiqatları mərkəzinin professoru David Vaughan qeyd edir ki, dəniz səviyyəsi fırtınaların yaranmasında mühüm rol oynayır.





Məsələn, suyun səviyyəsinin 50sm artması nəticəsində Londonda 1000 ildə bir dəfə baş verəcək tufanın tezliyi 100 ilə qədər azalacaq.





Suyun səviyyəsi bir metrə qədər artarsa, bu müddət 10 ilə enəcək.





Arktika permafrostu üzərində beş milyon insan yaşayır.









buzlaq








Təkcə Arktika buzlaqlarının yox, permafrostun (torpağın donunun) əriməsi də qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər.





Kanadanın yarısı və Alyaskanın 80 faizi daxil olmaqla, permafrost şimal yarımkürəsinin quru səthinin təxminən dörddə birini əhatə edir.





Rusiya, Şimali Amerika və Skandinaviya da daxil, Arktikanın donmuş torpaqlarında beş milyon insan yaşayır.





Temperaturun artması nəticəsində permafrostun əriməsi gözlənilməz təsirlərə, o cümlədən, çuxurların əmələ gəlməsinə, sürüşmələrə və daşqınlara səbəb olur.





IPCC bildirir ki, permafrostun əriməsi həm də karbon və metan qazları əmələ gətirir və iqlim dəyişikliyinə səbəb olan faktorlardan biri də budur.