Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya müharibə barədə nə düşünür? - 27 ölkədə sorğu

Mərkəzi ofisi Fransa paytaxtında yerləşən “İpsos” beynəlxalq tədqiqat şirkəti dünyanın 27 ölkəsində Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı rəy sorğusu keçirib.

Faktiki bütün qitələri əhatə edən sorğu martın 25-dən aprelin 3-dək 19 min nəfər arasında onlayn formada aparılıb.

Respondentlərin 82%-i Rusiyanın Ukraynada başlatdığı müharibəni bütün dünyaya böyük təhlükə saydığını deyib.

61% bildirib ki, Ukraynadakı müharibənin onların yaşadığı ölkəyə birbaşa aidiyyəti var. Bu cür düşünənlərin sayı bəzi ölkələrdə daha yüksək olub: Yaponiyada 87%, Polşada 77%, Cənubi Koreyada 77%, İsveçdə 75%.

Respondentlərin 57-77%-nin Rusiya-Ukrayna müharibəsi haqda xəbərləri vaxtaşırı izlədiyi aydınlaşıb.

Sorğu iştirakçılarının orta hesabla 74%-i öz ölkəsinin ukraynalı qaçqınları qəbul etməsinə tərəfdar çıxıb. İsveçdə bu göstərici daha çox – 89%, Niderlandda 86%, İspaniyada 85%, Polşada 84% olub.

Respondentlərin 68%-i əmindir ki, Ukraynadakı vəziyyətə müdaxilə olunmasa, Rusiya başqa ölkələrdə də hərbi əməliyyatlara həvəslənə bilər. Eyni zamanda respondentlərin 72%-i öz ölkəsinin hərbi toqquşmadan yayınmasını istədiyini söyləyib.

Sorğu iştirakçılarının orta hesabla 17%-i vətəndaşı olduğu ölkənin Ukraynaya qoşun göndərməsinə tərəfdar çıxıb.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır. Ölkənin hərbi və mülki obyektlərinə, o cümlədən yaşayış evlərinə, xəstəxanalara, qadınların, uşaqların sığındığı binalara zərbələr endirilir, təxliyə olunmaq istəyən dinc sakinlər atəşə tutulur, şəhərlər bombalanır.

Rusiyanın təcavüzü bu günədək Ukrayna əhalisinin 20%-dən çoxunun yaşayış yerini dəyişməsi ilə nəticələnib. (Novator)