Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dövlət Xidməti geri çəkildi - “Trendyol”la bağlı hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Türkiyənin "Trendyol" onlayn alış-veriş saytı ilə bağlı yeni açıqlama yayıb. Xidmət Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlını təkzib etməli olub.

Pressklub.az-ın məlumatına görə, Cavid Süleymanlı bir gün əvvəl elmi konfrans zamanı çıxış edərkən, Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb. Qeyd olunur ki, yerli bazardakı pərakəndə şirkətlər “Trendyol”dakı qiymətlə rəqabət apara bilmir.

Süleymanlının bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, mətbuat dərhal bu açıqlamaya kəskin reaksiya verib. Sosial şəbəkə istifadəçiləri, eləcə də müstəqil ekspertlər Xidmət əməkdaşının açıqlamasının qanunsuz və məqsədəmüvafiq olmadığını bildirərək, onu kəskin tənqid ediblər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ötən gün qurumun Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlının haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyi ilə bağlı fikirlərinə aydınlıq gətirib.

Dövlət Xidmətinin açıqlamasında qeyd olunur ki, onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil.

Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur.

Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər.