Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dövlət Departamenti Luis Bononun İrəvan və Bakıya səfərini şərh etdi: "Kömək etməyə hazırıq"

Bazar ertəsi Dövlət Departamenti "Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən prosesə kömək etmək" niyyətini təsdiq edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Dövlət Departamentinin şərhləri Qafqazda danışıqlar üzrə baş müşavir Luis Bononun regiona səfərindən, Ermənistan və Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə danışıqlar aparmasından, möhkəm və layiqli sülhə nail olmaq səylərini müzakirə etməsindən sonra səslənib. 

Bono ABŞ-ın bu səylərə dəstəyini təsdiq edib, bu barədə martın 14-də ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Turan-ın Vaşinqtondakı müxbirinin Bononun danışıqlarının yekunları haqqında sualına cavabda Dövlət Departamentinin nümayəndəsi belə deyib: "Bizim açıqlaya biləcəyimiz təfərrüatlar yoxdur. Qafqazda danışıqlar üzrə baş müşavir Luis Bono ABŞ-ın Qafqazda sülh prosesinə dəstəyini və möhkəm və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez regiona gedir. 

Bono sülh prosesini dəstəkləmək üçün müntəzəm olaraq Ermənistanda və Azərbaycanda bir neçə əsas maraqlı tərəflə söhbət edir. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən prosesə kömək etməyə hazırıq".