Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dollar martda bahalaşa bilər - Bizi nə gözləyir?

ABŞ-ın mərkəzi bankı (FED) böyük ehtimalla bu ilin mart ayında faizləri artıracaq. Hazırda 0-0,25 olan uçot dərəcəsinin martda 0,25-0,5 və ya 0,5-0,75 həddinə qaldırılacağı gözlənilir. Amma bu, faiz artımı ilə bağlı son qərar olmayacaq və 2022-ci ildə ən azı daha 2 dəfə faiz artırılmasına dair qərar qəbul ediləcək.

Bəs, FED-in faizləri artırmasından sonra nə baş verəcək? FED-in faizləri artırması ilk növbədə dolları bahalaşdıracaq.

Dollarda bahalaşma artıq bir neçə aydır ki, davam edir. 2021-ci ilin mayında 90 səviyyəsində olan dollar indeksi hazırda 96,8 səviyyəsindədir. Ötən 7-8 ay ərzində dolların qlobal məzənnə dəyəri 7,5 faizdən çox yüksəlib.

Dollardakı bahalaşmaya FED-in faizləri artıracağına dair gözləntilərin güclənməsi də təsir göstərir. Yəni, hələ faizlər artmamış birjalarda artımdan sonrakı vəziyyətin qiymətləndirməsi həyata keçirilir. Əslində FED özü bu informasiyaları cəmiyyətə, biznes aləminə ötürür ki, faiz artımları dollarda qəfil bahalaşmaya səbəb olmasın. Buna görə də mart ayına qədər dollarda tədrici bahalaşma davam edəcək və indeks 100 səviyyəsinə çatacaq.

Dolların bahalaşmasında FED-in maraqlı olduğu dəqiqdir. Çünki son bir ildə dünyada və ABŞ-da qiymətlər xeyli artıb. Bu vəziyyət FED-i məmnun etmədiyindən qiymət səviyyəsinin aşağı salınması üçün tədbirlər görülməlidir. Əsas tədbirlərdən biri də dolların bahalaşdırılmasıdır.

Dolların bahalaşması dəyəri birjalarda dollarla müəyyənləşdirilən əmtəələrin qiymətinə azaldıcı təsir göstərir. Bu məntiqlə dollar bahalaşdıqca neftin, qızılın və digər əlvan metalların, bir sıra kənd təsərrüfatı məhsullarının dəyərinin düşməsi ehtimalı var. Həmin məhsulların qiyməti məhz beynəlxalq birjalarda müəyyənləşir.

Faizlərin artmasının digər təsiri kreditlərin bahalaşması olacaq.

FED-in faizləri artırması dəyişkən faiz dərəcəsi ilə ABŞ dollarında borc alan şirkət, bələdiyyə və hökumətlərin xərclərini artıracaq. Azərbaycan da xaricdən dollarla dəyişkən faizlə borc cəlb etdiyindən bu, dövlət büdcəsinin xarici borcla bağlı xərclərini müəyyən qədər artıracaq.

Digər tərəfdən, yeni kreditlərin hamısını həm biz, həm də digər ölkələr daha yüksək faizlə almalı olacağıq. Təcrübə göstərir ki, kredit faizlərinin artması götürülən kreditin həcmini azaldır və bu, ümumi tələbi zəiflədir.

Faizlərin artması sərbəst vəsaitlərin ABŞ qiymətli kağızlarına yönəlməsi ilə də nəticələnəcək. Bu proses digər ölkələrdən maliyyə vəsaitlərinin çıxışına, onların inkişaf etmiş ölkələrə, xüsusən də, ABŞ-a yönəlməsinə səbəb olacaq.

Nəticədə investisiya qoyuluşunun artım tempi səngiyəcək. Qeyd edək ki, investisiya qoyuluşunun azalması da qiymət artımlarının zəifləməsinə kömək edəcək.

FED-in faizləri artırmasının digər nəticələri də olacaq.

Bizim üçün ən önəmli olan məsələ qlobal tələbin zəifləməsinin və dolların bahalaşmasının neft qiymətlərində yaradacağı dəyişiklik olacaq. Hazırkı mövcud vəziyyət neftin ucuzlaşmasının qarşısını alır.

Lakin baha dollar və aşağı qlobal iqtisadi aktivlik neft qiymətlərini yenidən azalda bilər. Yeni vəziyyətin neft qiymətlərini hansı səviyyəyə qədər endirəcəyini isə zaman göstərəcək. (Sfera.az)