Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha bir MTN generalının müsadirə olunmuş əmlakları geri qaytarıldı

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generallarından daha birinin müsadirə olunmuş əmlakları yaxınlarına qaytarılıb. Uzun illər MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə rəhbərlik etmiş Sübahir Qurbanovun yaxınlarına məxsus iki mənzil və yanacaqdoldurma məntəqəsinin müsadirədən azad olunması haqda qərar verilib. Bu qərar Ali Məhkəmənin sədri Ramiz Rzayevin təqdimatı əsasında çıxarılıb.

1954-cü il təvəllüdlü Qurbanov 2015-ci ildə həbs olunub, 14 il azadlıqdan məhrum edilib. Lakin 2020-ci ilin aprelində əfv sərəncamı ilə həbsdən buraxılıb. 2021-ci ildə Ali Məhkəmə onun müsadirə olunmuş əmlaklarından Novxanıdakı bağ evinin qaytarılmasına qərar verib.

Əmlak sahibləri müraciət ediblər


Ramiz Rzayev Ali Məhkəməyə təqdimatında göstərib ki, müsadirə olunmuş əmlakların sahibləri – maraqlı şəxslər ona müraciət ediblər. Onlardan biri Sübahir Qurbanovun qudası, biri də Masallı rayonunun Qızılavar kənd sakinidir.

Generalın qudası Ali Məhkəmə sədrinə ərizəsində göstərib ki, müsadirə olunmuş mənzillər ona məxsusdur, Qurbanova heç bir aidiyyəti yoxdur.

Qızılavar sakini isə ərizəsində bildirib ki, 0.0636 hektar torpaq sahəsində yerləşən yanacaqdoldurma məntəqəsi 2000-ci ildən fəaliyyətə başlayıb.

"Ərizəçilərin müraciətlərində qeyd etdikləri daşınmaz əmlakların əldə olunduğu tarix Sübahir Qurbanovun törətdiyi cinayət əməlinin əhatə etdiyi dövrdən kənardır. Ərizəçilər həmin əmlakları qanuni əsaslarla əldə ediblər", – Ali Məhkəmənin sədri təqdimatda belə yazıb.

Dekabrın sonunda...


Ali Məhkəmədə İlkin Rəcəbovun sədrlik etdiyi hakimlər kollegiyası bu təqdimatı təmin edib, iki mənzil və bir yanacaqdoldurma məntəqəsi müsadirədən azad edilib.

Dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsi 2015-ci ildə Qurbanovla eyni ərəfədə həbs olunub 12 il azadlıqdan məhrum edilən, 2020-ci ilin aprelində eyni vaxtda da əfv sərəncamı ilə azadlığa buraxılan başqa bir MTN generalı Akif Çovdarovun ailə üzvlərinə məxsus təxminən 30 milyon manatlıq əmlakların geri qaytarılmasına qərar vermişdi. Çovdarovun ailəsinə qaytarılanlar arasında "8-ci kilometr bazarı", Nəsimi rayonu, Bülbül prospektində 483 min manatlıq mənzil, Novxanı qəsəbəsində 1.5 milyon manatlıq iki bağ evi, 7-ci mikrorayonda 6-mərtəbəli bina, Nəsimi rayonu, Cavadxan küçəsində 7-mərtəbəli bina və başqa əmlaklar var.

Bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Xatırlatma


2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Onların əksəriyyəti, o cümlədən generallar Akif ÇovdarovSübahir Qurbanov və s. cəzalarının bir hissəsini çəkəndən sonra azadlığa buraxılıb.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2021-ci ilin aprelində daha iki MTN generalı – Nizami Şirinov və Mövlam Şıxəliyev, eləcə də onların tabeliyində çalışan şəxslər cinayət məsuliyyətinə cəlb olunub. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şıxəliyev haqqında 12 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Şıxəliyev hökmdən apellyasiya şikayəti verib. Hazırda onun da işinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.