Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çin, İran və Rusiya Tehrana qarşı sanksiyaların ləğvini tələb edirlər

Çin, Rusiya və İran martın 14-də Pekində İranın nüvə məsələsi ilə bağlı üçtərəfli görüş keçirib.

Danışıqlardan sonra bu ölkələr ABŞ-nin Tehrana qarşı "qeyri-qanuni, birtərəfli" sanksiyalarına son qoyulmasını tələb ediblər.

Görüşdə Çin, Rusiya və İranın xarici işlər nazirlərinin müavinləri - Ma Çjaosyuy, Sergey Ryabkov Kazım Qəribabadi iştirak edib.

ABŞ prezidenti Donald Tramp Tehrana məktub göndərərək nüvə danışıqlarının bərpasını tələb etdikdən sonra son günlər İranın nüvə məsələsinə diqqət daha da artıb.

ABŞ prezidenti İrana bu tələbdən imtina edəcəyi təqdirdə mümkün hərbi əməliyyatlar barədə xəbərdarlıq edib.

"Biz nüvə məsələsi və sanksiyaların ləğvi ətrafında dərin fikir mübadiləsi apardıq. Bütün qeyri-qanuni və birtərəfli sanksiyalara son qoyulmasının zəruriliyini vurğuladıq", - Çin xarici işlər nazirinin müavini Ma danışıqların yekununda deyib.

"Müvafiq tərəflər mövcud vəziyyətin köklü səbəblərini aradan qaldırmağa çalışmalı, sanksiyalardan, təzyiqlərdən və güc tətbiqi hədələrindən əl çəkməlidir", - o əlavə edib.

Dövlət mediası Çinin xarici işlər naziri Van İnin gün ərzində İran və Rusiya diplomatları ilə görüşəcəyini bildirib.

İran və ABŞ arasında gərginlik artdıqca Tehran və Moskva son illərdə əlaqələri gücləndirib. Hər iki ölkənin Çinlə də sıx əlaqələri var.

Bu həftə üç ölkə strateji Hörmüz boğazı yaxınlığında, Oman körfəzində hərbi təlimlər keçirib. Təlimlərə qatılan gəmilər İranın Çabahar limanında lövbər salıb.

İran Xarici İşlər Nazirliyi martın 13-də bildirib ki, Trampın məktubuna cavab verməzdən əvvəl "ətraflı qiymətləndirmə" aparacaq.

"Məktub dünən axşam alınıb və hazırda nəzərdən keçirilir", - IRNA xəbər agentliyi XİN-in sözçüsü İsmayıl Bəqaiyə istinadən yazıb.

"Cavabın necə olacağına dair qərar hərtərəfli qiymətləndirmədən sonra veriləcək", - İran XİN sözçüsü qeyd edib.

Martın 10-da ölkənin xarici işlər naziri Abbas Əraqçi Tehranın təzyiq və hədə-qorxu altında danışıqlar aparmayacağını bəyan edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Pekində keçirilən toplantıdan əvvəl mətbuat brifinqində bildirib ki, "İranın nüvə proqramı ətrafında vəziyyətin gərginləşməməsi, hətta qarşıdurma və münaqişəyə keçməməsi üçün bütün tərəflər sakit və təmkinli olmalıdırlar".

Bu arada ABŞ İranın neft naziri Möhsün Paknejada və Honq-Konq bayrağı altında "İran neftini Çinə çatdıran" kölgə donanmasına daxil bir neçə gəmiyə sanksiya tətbiq edib.

Tehran bu addımı pisləyib və bunu "ikiüzlülük" adlandırıb.

İran hakimiyyəti uzun müddətdir Avropa ölkələrini 2015-ci ildə Tehranla bağlanmış nüvə sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməməkdə ittiham edir.

ABŞ 2018-ci ildə razılaşmadan çıxdıqdan və iqtisadi sanksiyaları bərpa etdikdən sonra İran nüvə proqramını genişləndirərək saziş üzrə öhdəliklərini azaldıb.