Logo
news content
User
Kateqoriyalar

Xəbər

Cibdən cibə üzən pullar - "Xəzər Dəniz Gəmiçiliyi” niyə ziyanla işləyir?
Natiq Cəfərli: "Yeganə səbəb məmurların işini düzgün qurmamasıdır"

Rəsmi məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2024-cü ilin birinci yarısını 16.88 milyon manatlıq xalis zərərlə başa vurub. Maraqlıdır ki, şirkət keçən ilin eyni dövründə 18.72 milyon manatlıq xalis mənfəət əldə etmişdi. 

Pressklub.az xəbər verir ki, REAL Partiyasının sədri Natiq Cəfərli dövlətə məxsus şirkətin hansı səbəbdən ziyanla işlədiyinə aydınlıq gətirib. İqtisadçının fikrincə, əsas problem məmurların düzgün işləməməsidir:

“Azərbaycan bölgənin logistika, yükdaşıma mərkəzi olmaq istəyir, Xəzər dənizini Şərqlə Qərb arasında körpüyə çevirməyə çalışır, yeni yollar inşa edir. Amma yükdaşımalarda dövlətə məxsus təbii inhisarçı olan ASCO ziyanla, zərərlə işləyir. Səbəb çox sadədir - dövlət iqtisadiyyatda ən pis menecerdir, dövlətindirsə heç kimindir, dövlətin malı məmurlara “halaldır”. 

Bu sistemlə, bu idarəetmə ilə, bu yanaşma ilə qarşımızda açılan gözəl fürsətləri dəyərləndirə bilmirik və bilmərik də. Azərbaycanın həqiqətən də logistik mərkəz olmaq, Şərqi Qərblə, Şimalı Cənubla (və əks istiqamətlərdə) bağlamaq üçün çox böyük imkanları, təbii coğrafi üstünlüyü var. İnsafən, infrastruktura da böyük yatırımlar qoyulub. Sadəcə, bu idarəetmə modeli potensialı reallaşdırmaq üçün uyğun deyil, hətta ciddi maneədir”. 

Natiq Cəfərli ASCO-nun zərərlə bağlı yaydığı rəsmi məlumatın da onun iddiasını sübut etdiyini bildirib: “Belə ki, 2024-cü il üçün Xəzərdə bir sıra yerli və xarici neft-qaz layihələri yekunlaşdığından, bu layihələrə xidmət edən ixtisaslaşmış gəmilər işlərə cəlb olunmayıb. Eyni zamanda, bu il üçün planlaşdırılan bəzi yeni layihələrin növbəti illərə keçməsi də ixtisaslaşmış gəmilərin işlə yüklənməsinə neqativ təsir edib. Xəzərin Azərbaycan sektorundan kənarda da sözügedən ixtisaslaşmış gəmilər üçün layihələr mövcud olmayıb. Beləliklə, proqnozlaşdırılan, eləcə də gözlənilməyən bu və ya digər obyektiv faktorlar gəlirlərin düşməsinə səbəb olub. 2024-cü il üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi neft-qaz layihələrində ASCO-nun təqdim etdiyi gəmi xidmətlərinə də tələbat azalıb. Bu da ümumi gəlirlərin düşməsinə təsir edib”. 

Partiya sədrinin sözlərinə görə, ASCO illərdir neft-qaz sektorunun, bir dövlət şirkəti digər dövlət şirkətinin hesabına yaşayıb. “ASCO illərdir kef edirdi, bir dövlət şirkəti (ASCO), digər dövlət şirkətinin (SOCAR) hesabına pul qazanırdı – yəni, ortada dövr edən elə dövlətin pulu idi. İndi hasilat azalır, iş həcmi azalır, ASCO ziyan edir. Bəs ASCO niyə beynəlxalq yükdaşımalara önəm vermir? Nədən quru yükdaşımalarda aktiv deyil? Hansı səbəbə Şərq-Qərb koridorunun potensialından istifadə etməyi, yəni, özünü oda-gözə vurub pul qazanmağı düşünmür?! Çox sadə səbəbə görə. Yazdığım kimi, dövlət iqtisadiyyatda ən pis menecerdir. Dövlət iqtisadiyyatın birbaşa iştirakçısı olanda belə bir mənzərə yaranır. Dövlət şirkətləri arxayındırlar ki, borc yaransa dövlət siləcək, vergilərdə güzəşt olacaq, lazım gəlsə dövlət zəmanəti ilə xaricdən kredit götürüb onu da israf edəcəklər. 

Hörmətli hökumət üzvləri, ölkənin iqtisadi modeli nimdaşdır. Bu model böyük neft pullarına hesablanmışdı, indi o pullar yoxdur, olmayacaq da. Yeni, müasir, nefti nəzərə almadan pul qazanan modelə keçməyə isə köhnə idarəetmə sistemi imkan vermir. Ya papağımızı qabağımıza qoyub, düşünüb yeni sistemə keçid etməliyik, ya da sizin indi etdiyiniz kimi, problemləri görməzdən gəlib sistemin tam durma nöqtəsinə doğru gedəcəyik. İndi özünüz bilin...”, - iqtisadçı yekunlaşdırıb.