Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bəxtiyar Hacıyev quru aclığı dayandırıb, amma qida qəbul etmir

Həbsdə olan fəal Bəxtiyar Hacıyev bu gündən etibarən su qəbulunu bərpa edib. Bununla o, 5 gündür davam etdirdiyi quru aclığı dayandırıb.

Bu barədə Turan-a Penitensiar Xidmətin Müalicə Müəssisəsində fəala baş çəkən vəkil Rövşanə Rəhimli bildirib.

Onun sözlərinə görə, Bəxtiyar Hacıyev vəkillərin israrı ilə su qəbulunu bərpa etməyə razılaşıb.

"Onun təzyiqi və qanda şəkər səviyyəsi aşağıdır. Güclü başgicəllənmələri səbəbindən çətinliklə hərəkət edir", deyə o bildirib.

Bəxtiyar Hacıyev 44 gün əvvəl başladığı aclığı davam etdirir, sonuncu həftədə o, azad edilməsi tələbi ilə quru aclığa keçmişdi.

* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.