Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakının mərkəzində müəmmalı bunker: Labirint, izolyasiya olunmuş otaq, qırmızı oxlar - REPORTAJ/FOTOLAR

Sığınacaqlar mülki müdafiədə kollektiv mühafizə vasitələrinin əsas növlərindən biridir. Sığınacaqdan ilk dəfə Birinci Dünya müharibəsi zamanı istifadə edilib.

Sığınacaqların, daha dəqiq desək, bunkerlər tikintisində inşaat materiallarına, möhkəmliyə xüsusi diqqət yetirilir. Çünki bunker nüvə partlayışının zərbə dalğasından, radioaktiv, kimyəvi, bakterioloji maddələrin təsirindən qorumalıdır.



Bakıda belə sığınacaqlardan biri Səbail rayonu, Cəmil Hasilov küçəsi yaxınlığında yerləşir. Çox insanın məlumatsız olduğu bu sığınacağın sovet dövründə, təxminən 1980-87-ci illərdə inşa edildiyi deyilir.

Jurnalistlər sözügedən sığınacağın (bunkerin) içərisində çəkiliş aparmağa müvəffəq olublar.

Yaşayış evləri, iaşə obyektlərinin yaxınlığında kiçik təpəni xatırladan bir döngə görürük. Üzüaşağı düzülmüş pillələrlə qapıya çatırıq. Hələ içəri daxil olmamışdan, qapının qarşısında adamı vahimə basır.



Bunkerin hansı müddət ərzində, nə qədər işçi qüvvəsi ilə tikildiyi barədə dəqiq məlumatlar yoxdur. Lakin görünən odur ki, buradan heç vaxt təyinatı üzrə istifadə edilməyib.

Elektrik xətləri çəkilsə də, işıq yoxdur. İçəri zülmət qaranlıqdır. Telefonların işığını yandırıb, “bismillah” çəkib, ilk qapını açırıq…

İçəri buz kimidir. Hər tərəf betondur. Adamda belə hiss yaranır ki, zatən zirzəmi sayılan otaqların altında daha bir zirzəmi var. Divarların altından şaxələnən tunellər var, ancaq oradan sürünərək keçmək olar. Təbii ki, oraya düşməyə və iddiaları doğrulamağa heç birimiz risk etmirik.

Bunkerin dərinliyini, uzunluğunu təxmini də olsa, gözəyarı təyin etmək mümkün deyil. Otaqların bəziləri iç-içə olduğundan sayını itiririk. Bunkerin nə dərəcədə təhlükəsizlik tədbirlərinə, standartlara uyğun tikildiyi bəlli olmasa da, daxildə olan polad, seyf qapılar buranın bir sıra təhlükələrdən kifayət qədər müdafiə edə biləcəyinə işarədir.

Hər tərəfi qara hörümçək torları basıb. Filmlərdə izlədiyimiz qorxu səhnələrini burada çəkmək mümkündür desəm, yerinə düşər. Otaqların bir qismində qapılar bağlıdır. Ucu-bucağı bilinməyən tuneldə bir qədər irəliləməyə qərar veririk.

Labirint, qaranlıq, qırmızı oxlar



Polad qapılara otaqların bir neçəsində rast gəlirik. Bəzi otaqlarda isə sadəcə, qapı çərçivələri var. Bir otaqdan daha iki-üç otağa giriş tapmaq olur, əsl labirintdir.

Divarlarda bir sıra qeydlər var, çoxu oxunmur, ancaq bir neçə adı ayırd edə bilirik. Deyilənə görə, bir müddət bu qapılar açıq olduğu üçün əraziyə girən-çıxan çox olub. Təxmin edilir ki, divardakı adları da həmin şəxslər qeyd ediblər. Bunkeri başdan sona gəzənlər olub, amma o insanlar hazırda həyatda deyillər. Sonuncu dəfə bunkerin girişindən çıxışına qədər gedən adam içəriyə daxil olanlar labirintdə qalmasınlar deyə divarlarda qırmızı boya ilə istiqamətləndirici oxlar çəkib.

Biz də həmin oxların göstərdiyi istiqamətdə irəliləməyə qərar veririk. Bəzi oxların yanında “S”, “W”, “E”, “Loğman” kimi qeydlər həkk olunub.

Ventilyasiya qurğuları, istilik, su

Sığınacaqda bütün lazımi avadanlıqlar: ventilyasiya, enerji, istilik, su təminatını həyata keçirəcək qurğular quraşdırılıb və xüsusi mühafizə sistemi yaradılıb.

Ventilyasiya qurğusu ilə təchiz edilən otaqlarda adamların iki-üç gün rahat qala biləcəkləri düşünülür. Bir neçə otaq nisbətən genişdir, düşünülür ki, bunlar əsas otaqlar olub. Digər otaqlarda isə ərzaq, su ehtiyatlarının saxlanılması nəzərdə tutulub. Bir neçə unitaz qoyulmuş sanqovşaqlar da var.

Bundan başqa, yardımçı otaqlar, kanalizasiya, isitmə sistemi, qəza halları üçün giriş və çıxış yolları nəzərdə tutulub. Otaqların divarları sarı və qırmızı boyalarla rənglənib. Bir neçə otaq isə izolyasiya edilib. Polad qapılı, uçuq-sökük vəziyyətdə olan tunelin divarlarının səthində his, dəhlizlərində isə ağacların qalıqları, pambıq, mis və kabellər ayağa dolanır.

Bura müharibə dövründən qalan, hazırda muzey kimi qorunan Stalinin bunkerini xatırladır



Burada gəzərkən İosif Stalinin Kuybışevdəki bunkeri haqda oxuduqlarım yadıma düşür. Düzdür, o daha səliqəlidir, burada isə sadəcə, əşyalar çatışmır, bir də işıqla təmizlik yoxdur.

Kuybışevdə bunker doqquz aya tikilib. Tikinti ilə bağlı Moskvadan Kuybışevə 600 nəfər mütəxəssis ezam olunub, onların tabeliyində isə minlərlə fəhlə çalışıb. Tikinti işləri 24 saat ərzində ikinövbəli rejimlə davam etdirilib. Bunkerin tikintisi zamanı yerin altından 25 min kubmetr torpaq çıxarılıb, beş min kubmetrdən artıq isə beton tökülüb. Həmin sığınacaq o dövr üçün dünyada ən təhlükəsiz bunker hesab edilib. Bunkerin dərinliyi, deyilənə görə, 37 metrə çatıb, ümumi hündürlüyü 12 mərtəbəli binaya bərabər olub. Stalin üçün tikilən bu bunkerin ikitonluq aviasiya bombasına davamlı olduğu deyilirdi. Hazırda bu əzəmətli yeraltı saray muzey kimi saxlanılır. Elə adı da “Stalinin bunkeri” adlanır. Sığınacaqda heç nə dəyişdirilməyib. Müharibə dövründə necə olubsa, elə də saxlanılır.

Beş ildir bağlanan polad qapılar...

Özəl mənbələrdən əldə etdiyimiz məlumata görə, bunkerin ətrafında və daxilində müvafiq dövrlərdə bərpa-abadlıq işləri aparılıb. Bizdə olan bir digər məlumata görə, abadlıq işləri Səbail Rayon İcra Hakimiyyətinin müvafiq tabeli qurumları tərəfindən icra edilib.



Bunkerin içərisində quraşdırılan təchizat sistemi, qurğular və əsası qoyulan kommunikasiya xətləri fəaliyyət göstərmir. Lakin buranı daha maraqlı hala gətirmək olar. Təmizlənib, tarixçəsi öyrənilərsə, maraqlı ekskursiya obyekti kimi istifadə edilməsi pis olmaz.

Bu fikirlərlə irəlilədikcə ikinci çıxışı tapmağın saatlar alacağını anlayırıq. Telefonun enerjisi bitmək üzrədir. Ona görə də risk etməyərək geri qayıdırıq. Ancaq bunkerin tarixçəsi barədə daha ətraflı məlumat toplamaq qərarımız qətiləşir. (Oxu.az)