Demokratlar partiyasının namizədi Kamala Harris kimdir?
01 Noyabr 2024
ABŞ-ın vitse-prezident Kamala Harris noyabrın 5-də keçiriləcək prezident seçkilərində Demokratlar partiyasının namizədidir.
59 yaşlı Harris ABŞ prezidentliyinə ilk qaradərili və asiyalı namizəddir.
Eyni zamanda, qalib gələcəyi təqdirdə Amerikanın ilk qadın prezidenti olacaq.
ABŞ Prezidenti Joe Biden namizədliyini geri götürərək Harris-in namizədliyini dəstəkləyib.
Biden-in 81 yaşı olmasının seçkilərdə partiyaya ziyan vuracağını düşünən bəzi demokratlar seçki kampaniyasına yeni enerji qatmaq üçün Harris-in namizədliyini irəli sürüblər.
Bəs Kamala Harris kimdir?
Kamala Harris siyasətə necə gəlib?
Kamala Harris 2020-ci ilin prezident seçkilərində ABŞ-ın ilk qaradərili və asiyalı qadın vitse-prezidenti kimi tarixə düşüb.
2021-ci ilin noyabrında Biden tibbi müayinədən keçən gün 75 dəqiqə prezident səlahiyyətlərini icra edib.
ŞƏKLİN MƏNBƏYİ,KAMALA HARRIS
Şəklin alt yazısı,Kamala Harris uşaqlıq illərində anası və bacısı Maya ilə birlikdə
Kaliforniyanın Oklend şəhərində doğulmuş Kamala Harris-in anası Hindistanda, atası isə Yamaykada anadan olub.
Harris-in 5 yaşı olanda onlar boşanıblar, Kamalanı anası - xərçəng xəstəlikləri üzrə tədqiqatçı və qeyri-kommersiya təşkilatlarının müdafiəçisi Şyamala Qopalan Harris böyüdüb.
Anasının onu və bacısı Mayanı Oklenddəki qaradərili icmalara inteqrasiya etməyə çalışdığını qeyd edən Harris "The Truths We Hold" adlı avtobioqrafik kitabında belə yazıb: "Anam iki qaradərili qız böyütdüyünü bilirdi. O bizi özünə güvənən və qürurlu qaradərili qadınlar olaraq böyütməkdə qərarlı idi".
Qaradərililərin çox olduğu məktəblər siyahısında birinci olan Hovard Universitetini bitirəndən sonra Harris Cənubi Afrikada irqçilik və ABŞ-da irqi münasibətlər kimi siyasi mövzularla maraqlanmağa başlayıb.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
O, Kaliforniya Universitetində hüquq təhsili də alıb, vəkil kimi fəaliyyət göstərib. Sonra müxtəlif bölgələrin prokurorluqlarında çalışıb. 2010-cu ildə Kaliforniyanın Baş prokuroru olub.
2016-cı ildə Kaliforniyanın senatoru seçilib.
2020-ci ildə prezidentliyə namizədliyini irəli sürmək üçün kampaniya aparıb, yarış başlayandan az sonra namizədliyini geri götürüb və Joe Biden onu vitse-prezidentliyə namizəd seçib.
Biden Harris-i "ağıllı, sərt, təcrübəli döyüşçü" adlandırıb.
Onlar 2020-ci il seçkilərində Donald Trump-a və onun vitse-prezidentliyə namizədi Mike Pence-ə qalib gəliblər.
Biden-in kampaniyasında arxa planda görünsə də, qaradərili qadınların 90 faizinin onlara səs verməsi faktı deməyə əsas verir ki, Harris-in qaradərili olmasının bu qələbəyə təsiri olub.
Harris vitse-prezident olduğu müddətdə nələr edib?
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
ABŞ-ın vitse-prezidenti Kamala Harris, eyni zamanda ABŞ Senatının sədridir və hər hansı qanun layihəsiylə bağlı həlledici səsə malikdir.
Harris ABŞ tarixində bu səlahiyyətdən ən çox istifadə edən vitse-prezidentdir - düz 32 dəfə qərarlar onun səsiylə qəbul olunub.
Ali Məhkəmə ölkədə 1973-cü ildən bəri abortları qanuniləşdirən “Rou Ueydə qarşı” qərarını ləğv edəndən sonra Harris qadınların reproduktiv sağlamlıq hüquqlarını müdafiə etmək üçün 2022-ci ildən etibarən, bütün ölkə boyu kampaniya aparıb.
ŞƏKLİN MƏNBƏYİ,REUTERS
Harris mühacirlərin cənub sərhədindən ölkəyə qeyri-qanuni girişini azaltmağa çalışmayıb.
Vitse-prezident olduğu müddətdə seçicilərin ona etimadı yüksək olmayıb. “FiveThirtyEight” təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların 51 faizi onun fəaliyyətini qənaətbəxş hesab etməyib; Harris-in gördüyü işləri respondentlərin cəmi 37 faizi bəyənib.
ABŞ-da prezident seçkilərini izləyən BBC müxbiri Katty Kay-ın sözlərinə görə, Biden-in ona verdiyi əsas tapşırıq miqrasiyanı məhdudlaşdırmaq olsa da, Harris bu problemi həll edə bilməyib.
Harris Biden-in yerinə keçmək istəyirdimi?
ABŞ Nümayəndələr Palatasının 5 demokrat üzvü 81 yaşlı Biden-in televiziyadakı seçki debatlarında rəqibi Donald Trump-a qarşı zəif çıxışını əsas gətirərək prezident seçkilərində namizədliyini geri götürməsi üçün ona açıq çağırış etmişdi.
Biden-i dəstəkləməyə davam etdiyini vurğulayan Kamala Harris həmin günlərdə deyib ki, "Bizim namizədimiz Joe Biden-dir. Biz əvvəl də Trump-ı məğlub etmişik, yenə məğlub edəcəyik. Bu mənim son sözümdür".
Sonra partiyanın bir çox məşhur üzvü Biden-in geri çəkilməsi çağrışına qoşularaq seçkiyə Harrisin qatılmasını təklif etdi. Biden namizədliyini geri götürdüyünü elan edəndən sonra Harris qurultay nümayəndələrinin razılığını alaraq seçkiyə qatıldı.
Son rəy sorğuları Harris-in Trump-a Biden-dən daha yaxşı rəqib ola biləcəyini göstərsə də, vəziyyət kritikdir və onun həlledici üstünlük əldə etmədiyini göstərir.
Harris-in siyasətində əsas xüsusiyyətlər hansılardır?
İqtisadiyyat:
Senator olduğu illərdə Harris ödənişli ailə məzuniyyəti, sosial mənzil, aşağı və orta gəlirli ailələr üçün pulsuz təhsil kimi mütərəqqi təklifləri dəstəkləyib.
Biden-in infrastruktura və yaşıl enerjiyə böyük sərmayələr nəzərdə tutan vacib iqtisadi tənzimləmələrinin qəbul edilməsində rolu olub.
Amma inflyasiya və yüksək faiz dərəcələri vətəndaşları narahat edir. Sorğular göstərir ki, iqtisadiyyat bir çox seçici üçün ən vacib məsələ olaraq qalmaqdadır.
Miqrantlar:
Harris-in mühacir məsələsinə münasibəti əvvəlkinə nisbətən xeyli dəyişib. 2020-ci il seçkilərində demokratların prezidentliyə namizədi olmaq üçün kampaniya aparanda Harris mühacirlərin qaldığı mərkəzləri bağlamağı vəd etmişdi.
İndi isə o, prezident seçiləcəyi təqdirdə “sərhəd təhlükəsizliyini gücləndirmək üçün hər iki partiyanın dəstəkləyəcəyi həll yollarına” sadiq qalacağını deyir.
Ukraynaya yardım və NATO
Keçən il Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Harris NATO-nu dəstəkləyib, təcrid siyasətini pisləyib.
Rusiyaya qarşı müharibədə Ukraynanı “nə qədər lazımdırsa” dəstəkləməyə söz verib.
Qəzza müharibəsi
Harris uzun müddətdir ki, bu konflikin ikidövlətli həllini müdafiə edir.
İsrail-Həmas müharibəsində o, İsraili Biden-dən daha çox tənqid edib.
Harris fələstinlilərin üzləşdiyi humanitar fəlakətdən narahatlığını dilə gətirib və "təcili atəşkəs" tələb edən ilk yüksək vəzifəli administrasiya üzvlərindən biri olub.
Netanyahuya Qəzzadakı itkilərlə bağlı "ciddi narahatlığını" ifadə edib, İsrailin özünümüdafiə tərzinin vacib olduğunu bildirib.
Ağ Evdə Netanyahu ilə görüşəndən sonra deyib: “Bu müharibəni bitirməyin vaxtı çatıb”.
Bununla belə, Harris ABŞ-dakı bəzi solçuların İsrailə silah embarqosu tətbiq etmək tələbini dəstəkləməyib. (BBC)