Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda məktəbdə daha bir kütləvi zəhərlənmə? - 15 şagird xəstəxanaya aparıldı

Bu gün Binə qəsəbəsi 149 saylı orta məktəbdə 15 şagird naməlum səbəbdən özünü narahat hiss edib.

Məktəbdən bildirilib ki, aprelin 18-də məktəbdə 15 şagird naməlum səbəbdən özünü narahat hiss edib: "Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir".

TƏBİB-dən bildirilib ki, Bakı şəhəri 149 saylı orta məktəbdə şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub və təcili tibbi yardım briqadaları çağrış ünvanına cəlb edilib: "Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (8-i qadın cinsi, 7-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin (AQTA) Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 15 şagirddən 13-ü müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.

Bu barədə Bakı şəhəri 149 saylı orta məktəbdən məlumat verilib.

Bildirilib ki, digər 2 şagirdin vəziyyəti qənaətbəxşdir. (Report)