Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanlı futbol ulduzuna qadağa - İrandan çıxmağa qoymurlar

İranda etiraz aksiyalarını dəstəkləyənlərə qarşı repressiyalar davam edir. Aksiyada iştirak edən, onu hər hansı bir formada dəstəkləyənlərin hamısı mollar rejiminin repressiya maşını ilə üzləşir.

Pressklub.az xəbər verir ki, İran yığmasının keçmiş oyunçusu, milliyətcə azərbaycanlı futbol ulduzu Əli Dayi 22 yaşlı Məhsa Əmininin polis məntəqəsində ölməsindən sonra başlanmış geniş antihökumət aksiyalarına dəstək bildirdiyinə görə ölkədən çıxmasına və beləliklə FIFA-nın keçirdiyi mərasimdə iştirakına imkan verilməyib.

İranın yarımrəsmi ISNA xəbər agentliyinin məlumatına görə o fevralın 27-də İsveçrədə keçiriləcək “Ən yaxşı FIFA Futbol Mükafatları” mərasiminə dəvət olunmuşdu.

53 yaşlı, Ərdəbil doğumlu İran azərbaycanlısı Dayi Almaniyanın Bayern Münhen klubunun hücumçusu olub və onun beynəlxalq səviyyədə vurduğu 109 qol rekordunu yalnız Kristiano Ronaldo təzələyə bilib.

İranın ən məşhur futbolçularından biri olmuş Əli Dayi 2000-ci illərin ortalarından məşqçilik fəaliyyəti ilə məşğul olub.

Dayi bundan əvvəl bildirmişdi ki, etirazlara dəstək verdiyinə görə onu polisə dəvət etmiş və orada pasportunu əlindən almışlar.

Ötən dekabrda futbolçu bildirmişdi ki, Tehrandan Dubaya uçan təyyarənin kursu dəyişdirilib və onun ailəsi təyyarədən düşürülüb.

Başqa futbolçular

İranın başqa bir peşəkar futbolçusu – Əmir Nəsr-Azadani “Allaha qarşı müharibə” ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu maddə ilə adətən hakimiyyətə qarşı çıxanlara iş açılır. Nəsr-Azadani potensial olaraq edam hökmü ilə üzləşə bilərdi.

Bayern Münhen klubunun başqa bir keçmiş futbolçusu, İran millisinin keçmiş kapitanı Əli Kərimi də etirazçılara dəstək verdiyinə görə hakimiyyət tərəfindən hədəflənib.

O bütün ölkəni bürüyən etirazlara özünün sosial media səhifələrindəki postları ilə dəstək verib. Kəriminin Instagramda 15 milyon izləyicisi var.

İranın ali rəhbəri ayətüllah Əli Xameneyi məşhurların etirazlara dəstəyini tənqid etmiş, onlara qarşı hüquqi müstəvidə “tədbir” görülməsinə çağırmışdı.