Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın yeni hərbi qüvvə: Komando birlikləri barədə hər şey


Cümə günü Azərbaycan Prezidenti İlham Əliyev 26 iyun- Silahlı Qüvvələr Günü ərəfəsində növbəti komando hərbi hissəsinin açılışında deyib ki, onun tapşırığı ilə İkinci Qarabağ müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılıb və komandoların sayı gündən-günə artır.





İlham Əliyev hələ İkinci Qarabağ müharibəsi zamanı Türkiyə ordusunun “kiçik modelini” quracaqlarını anons etmişdi və komando qüvvələri də Türkiyə ordusunun bir parçasıdır.





Komando nədir və bu ordu birliyini ənənəvi hərbi qüvvələrdən nə fərqləndirir?





BBC News Azərbaycancanca Azərbaycandan və Türkiyədən olan hərbi təhlilçilərlərin və Azərbaycandakı rəsmi məlumatlar əsasında komandolar barədə bəzi suallara cavab tapmağa çalışıb.








Komando birlikləri təlimdə








Azərbaycan ötən ilin sentyabrında Ermənistanla sərhəddə və həmin ilin avqustunda Qarabağdakı Rusiya sülhməramlılarının nəzarət zonasındakı döyüşlərdə yeni formalaşan komando qüvvələrindən istifadə edib.





Azərbaycan rəsmiləri deyiblər ki, Azərbaycan ordusu Türkiyə modelində qurulur və yeni komando qüvvələri Türkiyədə təlim keçərək formalaşdırılıb. Artıq komando təlimləri Azərbaycanın özündə də aparılır.





Azərbaycan 2021-ci il iyulunda Komando Ordu birliyi yaradıb və artıq Qarabağ ərazisində və Ermənistanla sərhəddə yaxın ərazilərdə azı dörd komando hərbi hissəsi açıb.





Azərbaycan tərəfi İkinci Qarabağ müharibəsindən sonra Qırxqız, Sarıbaba, Buzluq və bir sıra adsız yüksəkliklərin ələ keçirilməsində, Laçının Sus və Zabux kəndlərinin azad edilməsində, həmçinin sərhəddəki son sentyabr döyüşlərində komando hissələrindən istifadə edib.





Azərbaycanlı və Türkiyəli hərbi təhlilçilərə görə, “komandolar bu döyüşlərdə geniş miqyasda, uğurla istifadə olunub və onlar öz imkan və potensiallarını nümayiş etdirə biliblər”.





Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ilk dəfə 2009-cu ildə Türkiyəyə komando təhsili almağa gedənlər olub, amma qayıtdıqdan sonra onları müxtəlif birliklərin kəşfiyyat hissələrinə təyin ediblər.





O zaman onlardan ayrıca birlik kimi istifadə olunmayıbmış.





"Komando" kimlərə deyilir?




Hərbi təhlilçilər komando birliklərini xüsusi təyinatlıların alt bir səviyyəsi kimi təsnif edirlər. Onlar Azərbaycan ordusunda kəşfiyyat bölmələri ilə xüsusi təyinatlılar arasında bir mövqe tuturlar.





Eyni zamanda da bu hərbi birliklərdə Xüsusi Təyinatlılar üçün kadr ehtiyatı formalaşdırılır.





Hazırda Azərbaycanda dörd komando hərbi hissəsinin yaradıldığı məlumdur, hərbi şərhçilər onların sayının daha çox olduğunu deyir. Amma onların sayı  məxfi saxlanılır.





Prezident İlham Əliyev cümə günü yeni komando hərbi hissəsinin açılılşında deyib ki, artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yenilərinin də açılışı nəzərdə tutulur.





Komandolar necə xidmət edir?








Azərbaycan komandoları qış təlimlərində








Komandolar çətin iqlim, relyef şəraitində və əlverişsiz mühitlərdə hərbi əməliyyatlar aparmaq üçün xüsusi hazırlanmış hərbçilərdir.





Onlar xidmət etdikləri yerlərdə düşmən arxasına keçmək, pusqu, basqın, taktiki hücum, kəşfiyyat, izləmə kimi çox çətin və riskli hərbi vəzifələri icra edirlər.





Türkiyəli hərbi təhlilçi Abdullah Ağar BBC Azərbaycancaya deyib ki, Qarabağ müharibəsində tərəflər gecə hərəkətindən çox istifadə etməyiblər.





Amma komandoların bir xüsusiyyəti də onların gecə hərəkət edə biləcək bacarıq və qabiliyyətlərinin olmasıdır.





Özü də əvvəllər komando hərbi qüvvəsində xidmət göstərmiş Abdullah Ağar hesab edir ki, Azərbaycanın ilk Qarabağ müharibəsindəki təcrübəsi və qarşı-qarşıya olduğu təhdid nəzərə alındığında quru qoşunlarının istifadə etdiyi moto-atıcı birliklər çətin relyef və iqlim şəraitində xidmətdə yetərsiz qalıb.





Onun sözlərinə görə, bu səbəbdən yüksək dağlıq ərazidə, çətin iqlimdə, qalın qarda hərəkət edə bilən komandoların yaradılmasına ehtiyac duyulub.





Abdullah Ağarın sözlərinə görə, Türkiyə 1980-ci illərin ortalarından bəri komandoları terrorla mübarizədə uğurla istifadə edib və onun hərbi əməliyyatlarda digər qoşun növləri ilə koordinasiyasında konkret nəticələr əldə edib. İndi həmin təcrübə Azərbaycanda tətbiq edilir və hazırlanmış komandolar həm birgə, həm də ayrı-ayrı təlimlərdə öz bacarıqlarını nümayiş etdiriblər.





Abdullah Ağar əlavə edib ki, Azərbaycanda Sarıbadab, Gamışdağ, Murov kimi ərazilərdə yüksəklik 3 min 500 metrdən yüksəkdir və həmin ərazilərdə xidmət komandolar üçün idealdır.





Kimlər komando ola bilər?








Azərbaycan komandoları təlimdə








Komando seçimləri könüllülük əsasında hərbi xidmət keçmiş şəxslərin müraciəti əsasında həyata keçirilir.





Komando olacaq şəxslərdən əqli, ruhi və fiziki qabiliyyət və bacarıqlara sahib olmaq tələb olunur.





Komando üçün seçilənlər rütbə fərqi olmadan təlimlərdən keçirilir, amma təlimlərdə zabitlər üçün nəzərdə tutulan normativlər şəxsi heyət üçün nəzərdə tutulan normativlərdən daha çətindir.





Azərbaycanlı hərbi təhlilçi Ədalət Verdiyev deyir ki, zabitlər üçün zaman və göstəricilər daha yüksək kriteriyalarda tələb olunur.





Komando təlimləri üçün bütün imtahanlardan keçmək tələb olunur və yüksək nəticə əldə etmək asan deyil.





Seçimlər bir neçə mərhələdən ibarət olur. Təcrübi, əyani, yazılı imtahanlar aparılır.





Məsələn, atəş hazırlığı imtahanı həm ərazidə, poliqonda aparılır, həm də sinif otağında yazılı verilir.





Taktiki hazırlıq imtahanı da iki mərhələdə ərazidə və sinifdə olur.





İdman hazırlığı bir mərhələdədir. Normativlərin nələrdən ibarət olduğu isə rəsmi açıqlanmır.





Hərbi təhlilçilər deyirlər ki, Azərbaycanda da standartlar Türkiyə standartları ilə eynidir.





Seçilən hərbçilər komando kursların bitirdikdən sonra onlara xüsusi mərasimdə mavi beretlər verilir.





Komando birlikləri üçün heyət Quru Qoşunlarından seçilir.





Seçim prosesi Azərbaycan hərbi komandanlığı tərəfindən aparılır. Komando heyətlərinin komandirləri də seçim etmək hüququna malikdir.





Seçim könüllülük əsasında aparılır. Zabit, gizir və ya MAXE (Müddətdən Artıq Xidmət Edən) bu peşəkar orduya könüllü seçim əsasında qatılır.





2022-ci ilin fevralında Azərbaycan Müdafiə Nazirliyi Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulunu elan edib.





Komando olmaq üçün seçimlərə azı ümumi orta təhsili olan, hərbi xidmət keçmiş 30 yaşa kimi şəxslər dəvət olunub.





Kursa qəbul omaq istəyənlər nazirliyin hərbi həkim komissiyaları tərəfindən yoxlanılır, yararlı hesab olunduqları təqdirdə imtahanlara qatılırlar.





Bununla yanaşı, nazirliyin qəbul şərtləri arasında “fiziki hazırlıq, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərin imtahanı" da var.





Mərhələləri uğurla keçən namizədlər kurslara qəbul edilir.





“Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun Əməliyyat (Komando) hərbi hissələrində müvafiq vəzifələrə təyin olunur”, - Azərbaycan Müdafiə Nazirliyinin yaydığı elanda göstərilib.





Komando birlikləri niyə yarandı?




Azərbaycan ordusunun Quru Qoşunlarının əsas qüvvələrini moto-atıcı birləşmələr təşkil edir.





Əsas hücum qüvvələri onlar idi, amma onlar sərt relyefdə, çətin iqlim şəraitində, dağlıq ərazilərdə effektli olmayıblar.





Qarabağ münaqişəsi Azərbaycanda çətin ərazi şəraitində, yüksəkliklərdə manevr edə bilən, mürəkkəb ərazilərdə tapşırıqları yerinə yetirən və həmin yerlərdə qala biləcək qüvvələrə ehtiyac yaradıb, təhlilçilər BBC-yə deyiblər.





“Azərbaycanın Murov, Koroğlu, Gamışdağ kimi zirvələrində hündürlük 3500 metr ətrafındadır. Belə yerlərdə, dərin qar şəraitində hər əsgər xidmət edə bilməz. Belə yerdə hərbi xidmət keçmək üçün əvvəlcə yüksək fiziki hazırlıq və yaxşı təminat tələb olunur. Bunun üçün həm də təlim keçmiş, doktrinanı bilmək lazımdır. Bu işləri çətin iqlimdə, gecə şəraitində həyata keçirmək lap ağırdır. Bunların öhdəsindən bütün bu şəraitə hazırlanmış komandolar gələ bilərlər”, - türkiyəli hərbi təhlilçi Abdullah Ağar deyib.





Təhlilçinin sözlərinə görə, Azərbaycan ordusundakı moto-atıcı qüvvələrin hazırlığı çətin şəraitə uyğun olmayıb.





Azərbaycan ordusu bu ehtiyacdan və təhdid olan ərazinin xüsusiyyətlərinə görə, bu komando hərbi hissələrini yaradıb.





Bütün boşluqları komando birlikləri ilə aradan qaldırmaq mümkün idi və Türkiyə komandoları uğurlu modeldir, Abdullah Ağar bildirib.





1984-cü ildən bəri, 38 ildir ki, Türkiyə komandoları terrorla mübarizədə istifadə edir.





“Türk komandoları terrorla mübarizədə böyük təcrübəyə də malikdirlər və buna görə Azərbaycanlı hərbçilər Türkiyədə təlim keçdilər. Sonradan birgə hərbi təlimlər oldu. Nəticədə komandolar son döyüşlərdə çox təsirli olublar”, – Abdullah Ağar deyib.





Komandolar Xüsusi Təyinatlılardan nə ilə fərqlənir?




Xüsusi Təyinatlı Qüvvələr (XTQ) ayrıca bir hərbi birləşmədir.





Amma Azərbaycan Silahlı Qüvvələrin bütün növlərində (Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə istisnadır) Xüsusi Təyinatlı və ya ona bərabər tutulan bölmələr var. Həmin Xüsusi Təyinatlılar öz tabe olduqları qoşun növlərinin komandanlığına tabedirlər və əmrləri birbaşa ordan alırlar. Məsələn, Sərhəd Qoşunlarında belə qüvvələr "çevik hərəkət briqadası" adlanır.





Amma Komandolar sırf Quru Qoşunların tabeliyində olan birliklərin xüsisi vəzifələrini yerinə yetirmək üçün nəzərdə tutulur.





İki hərbi qüvvə arasında ən təməl fərq isə doktrinal fərqlilikdir. Komandoların tabeçilik zənciri XTQ-lərdən daha fərqlidir. XTQ-lər daha müstəqildirlər, onlar daha fərqli tapşırıqlar üçün istifadə edilirlər.





Komando təlimləri necə və harada olur?




Azərbaycan uzun illər komando təlimləri üçün hərbçiləri Türkiyəyə göndərib. Son illər Azərbaycanda Komando təlim mərkəzləri yaradılıb və hazırda onların hazırlanmasını, imtahanları, komando sıralarına qəbul yerli mütəxəssislərin iştirakı ilə keçirilir.





“Azərbaycanda komando təlimlərinin keçirilməsi prosesinin formalaşması başa çatıb, hazırda aktiv fazadadır”, - Azərbaycanlı hərbi təhlilçi Ədalət Verdiyev deyib.





Rəsmi məlumata görə, 2022-ci ilin sentyabrında Azərbaycan ordusunun rəhbərliyi Azərbaycanda ilk dəfə təşkil edilən "Zabit komando başlanğıc kursu"na cəlb olunan gənc leytenantlarla görüşüb.





Türkiyədə komando təhsili alan və hazırlıq kurslarında fərqlənən və yüksək nailiyyətlər əldə edən hərbi qulluqçular əlavə olaraq təlimatçı kurslarına cəlb ediliblər. İndi onlar Azərbaycan Quru Qoşunlarında Komando Təlim Mərkəzində komando təlimləri keçirlər.





Hazırda həmin təlim mərkəzində komando birləşmələri üçün şəxsi heyət hazırlanması kursları aparılır.





“Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlanmış təlimatçıların cəlb olunması ilə Komando Təlim Mərkəzinin nəzdində “Snayper hazırlığı kursu” fəaliyyətə başlayıb və bir neçə hazırlıq mərhələsi üzrə peşəkar snayperlərin hazırlanmasına nail olunub”, - Azərbaycan Müdafiə Nazirliyi bildirib.





Komando təlimlərinin hansı mərhələləri var?




Təhlilçilər deyir ki, komando olmaq üçün xidmət müddəti təlimlərdən ibarət olur və bu, uzun illər çəkir.





Komando təlimləri iki hissədən ibarətdir: “Təməl komando təlimi” və “İxtisas təlimi”.





Təməl komando və komando ixtisas kursları Türkiyədəki Dağ, Komando Məktəbində verilir.





Təməl komando kursu 10 həftə davam edir və bura, əsasən, yüngül piyada təlimləri daxildir.





Komando ixtisas təlimi isə 28 həftə aparılır.





Komando əsas kursunu keçmiş zabitlər, kiçik zabit heyəti və müddətdən artıq xidmət edən hərbi qulluqçular bu kurs müddətində elit yüngül piyada, xüsusi əməliyyat qüvvələrinin hazırlanması təlimlərindən keçirlər.





Komando ixtisas kursunun aşağıdakı mərhələri var:





• Dərin qarda və şiddətli soyuqda mübarizə əməliyyatları





• Quru komando əməliyyatı





• Suda komando əməliyyatı





• Hava-desant əməliyyatı





• Yaşayış məntəqələrində antiterror əməliyyatı





• Mina və bombaların zərərsizləşdirilməsi kursu





• Axtarış və xilasetmə





Komandolar harada xidmət edirlər?








Azərbaycan komandosu qış təlimlərində








Qırxqız, Sarıbaba, Laçının Sus və Zabux kəndlərinin azad edilməsində, həmçinin 2022-ci ilin 12-13 sentyabrdakı Azərbaycan-Ermənistan dövlət sərhədindəki döyüşlərdə komandolardan "geniş və uğurla" istifadə olunub, təhlilçilər deyir.





(Həmin döyüşlərdə Azərbaycan 70-dən çox hərbçisini itirmişdi. Bu hərbçilərin komando, yoxsa ənənəvi hərbi qüvvələrə məxsus olduğu məlum deyil.





Bu döyüşlərdə Ermənistan da 130-dan çox hərbçisini itirdi.





Hər iki tərəf baş verənlərə görə bir-birini ittiham edib).





Komando hərbi hissələri həm Rusiya sülhməramlılarının nəzarət etdiyi Qarabağ ərazrilərində, həm də Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşdirilib. Amma onların sayı açıqlanmır.





Onların bu ərazilərdə yerləşdirilməsinin əsas məqsədi ondan ibarətdir ki, komando hissələri həmin ərazilərdə baş verə biləcək proseslərə minimal müddətdə müdaxilə edə bilsinlər.





Xüsusi ritualları




Daha əvvəl Azərbaycanın xüsusi təyinatlı taborları, briqadaları mavi beret qoyublar. Onların bazasında məhz xüsusi təyinatlı qüvvələr yaradılıb.





Xüsusi Təyinatlı Qüvvələr yarandıqdan sonra onları tünd qırmızı (bordo) rəngli beretlərə keçiriblər.





Hələ də Xüsisi Təyinatlıların əməliyyat briqadaları bordo beret qoyurlar, onların xüsusi təyinatlı briqadaları isə mavi beret qoyurlar.





Komandolar isə hamısı mavi beretlidir. Bu, dünyada qəbul edilmiş rəngdir, Azərbaycanda da Türkiyə ordu modelinə uyğun olaraq, bu rəng seçilib.





Komandolar təlimlərini tamamladıqdan sonra, kursu ən yüksək nəticə ilə bitirən kursant kötük üzərinə buraxlış ilini göstərən məlumat lövhəsini çəkiclə döyür.





Bu, komandolar üçün bir ənənədir.