Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Avropanın həbsxana statistikasında necə görünür

Avropa Şurası qrupa daxil ölkələrdə həbsxanalar və məhbuslar barədə 2022-ci il üçün illik statistikasını açıqlayıb.

“Həbsxana əhalisi”


2022-ci ilin yanvarına olan məlumata görə Avropa Şurasına daxil ölkələrin həbsxanalarında toplam 981 min 575 məhbus var.

Hesabatda deyilir ki, ən böyük “həbsxana əhalisi” Türkiyədədir.

Türkiyə həbsxanalarında son məlumata görə 303 min 945 məhbus saxlanır.

Bu rəqəm İngiltərədə 79 min, Polşada 72 min, Fransada 70 min, Almaniyada 56 min, Ukraynada 48 mindir.

Azərbaycan həbsxanalarında 22 min 334 məhbus var.

Məhbus əmsalı


Bununla belə hesabatda məhbus əmsalı rəqəmləri də verilib. Bu, əhalinin hər 100 min nəfərinə düşən məhbus sayıdır.

Azərbaycan bu göstəriciyə görə ilk üçlüyə daxildir: Türkiyə üçün bu rəqəm 355, Gürcüstan üçün 237, Azərbaycan üçünsə 217 nəfərdir.

Ən aşağı məhbus əmsalı Finlandiyada (50), Niderlandda (54), Norveçdə (56), Kiprdə (66) və Ermənistandadır (72).

Məhbus sayı bir ildə ən çox Sloveniyada (+23%), Finlandiyada (+15%), Fransada (+15%), Şimali İrlandiyada (+13%) və Türkiyədə (+9.2%) artıb.

Ermənistanda məhbus sayı 7.9 faiz artıb.

Avropa Şurasına daxil 24 ölkədə məhbus sayının cüzi artımı qeydə alınıb. Azərbaycanda bu artım 0.6 faiz olub.

Məhbus sıxlığı


Ümumən Avropa üzrə 2021-2022-ci illərdə həbsxanalardakı məhbus sıxlığı 4.8 faiz artıb.

Başqa sözlərlə bu sıxlıq hər 100 nəfərə 87.4-dən 91.6-ya yüksəlib.

7 həbsxana administrasiyası hər 100 yerə 105-dən çox məhbusun düşdüyünü bildirib.

Bunlar Rumıniya (hər 100 yerə 124 məhbus), Kipr (118), Fransa (115), Belçika (115), Türkiyə (113), Yunanıstan (108) və İtaliyadır (107).

Ən aşağı məhbus sıxlığı olan həbsxanalar Srpska Respublikasında (hər 100 yerə 40 məhbus), Ermənistanda (47) və Ukraynadadır (54).

Azərbaycan üçün bu rəqəm hər yüz yerə 88 nəfərdir.

Məhbus yaşı


Bütün Avropa üzrə orta məhbus yaşı 38-dir. Ən yaşlı məhbuslar Gürcüstan (44 yaş), İtaliya (42 yaş), Portuqaliya (41 yaş) və Estoniyadadır (40 yaş).

Qadın məhbuslar


Hesabatda deyilir ki, Avropada hər 100 məhbusdan 5-i qadındır. Bu göstəricinin yüksək olduğu ölkələr – Kipr (9.5 faiz), Malta (8.6 faiz), Latviya (8.4 faiz) və başqalarıdır.

Ən aşağı göstərici Albaniya həbsxanalarındadır. Burada məhbusların 1.2 faizi qadınlardır. Azərbaycan üçün bu rəqəm 2.8, Ermənistan üçün 2.9 faizdir.

Əcnəbi məhbuslar


Avropa üzrə məhbusların 16 faizi əcnəbilərdir.

Amma İsveçrədə məhbusların 70, Yunanıstanda 59, Kiprdə 52, Maltada 49 faizi xaricilərdir.

Xarici məhbusların ən az olduğu həbsxanalar Rumıniyada (1 faiz), Moldovada (1.4 faiz), Latviyada (1.8 faiz) və Azərbaycandadır (2 faiz).

Cəza müddəti


Avropa üzrə orta məhbusluq müddəti 8.5 ay olub. Azərbaycan bu statistikada ən uzun orta cəza müddətinə görə ilk beşliyə daxildir.

Portuqaliyada orta cəza müddəti 30.6 ay, Ukraynada 27.9 ay, Moldovada 27.7 ay, Azərbaycanda 27.2 aydır.

Ən qısa orta məhbusluq müddəti Kiprdə (1.3 ay) və İsveçrədədir (1.8 ay).

İntiharlar


Avropa həbsxanalarında 2021-ci ildə hər 10 min məhbusa düşən orta intihar sayı 9.4 faiz olub.

Ən yüksək intihar reyti Maltada (48.9 faiz), Estoniyada (22.9 faiz), Sloveniyada (21.7 faiz), Finlandiyada (18 faiz), Almaniyada (17.8 faiz), Avstriyada (17.7 faiz), Norveçdə (16.2 faiz) və Fransada (16 faiz) qeydə alınıb.

Ermənistan həbsxanaları üçün bu rəqəm 14.1 faiz, Azərbaycan üçünsə 5.4 faiz olub.

Cinayətlər


2022-ci il, yanvarın 31-ə olan məlumata görə Avropa üzrə məhbusların əksəriyyəti narkotik maddələrlə bağlı cinayətlərə görə cəza çəkir. Bu cinayətlər üzrə məhbusların 19 faizi məhkum edilib.

Sonrakı yerləri oğurluq (15 faiz), qətl və ya qətlə qəsd (14 faiz), quldurluq (10.8 faiz), cismani xəsarət yetirmə (10,3 faiz), zorlamadan başqa bütün cinsi cinayətlər (6 faiz), zorlama (5 faiz), yol hərəkəti qaydalarının pozulması (4.6 faiz), iqtisadi və maliyyə cinayətləri (3.9 faiz) tutur.

On ölkədə bütün məhbusların 25 faizindən çoxu narkotiklərlə bağlı cinayətlərə görə məhkum edilib.

Belçikada belə məhbuslar 51 faiz, Latviyada 43 faiz, Azərbaycanda 37 faiz və Türkiyədə 32 faiz təşkil edir.

Azərbaycanda məhbusların 14 faizi qətlə görə cəza çəkir.