Logo
news content
User
Kateqoriyalar

Xəbər

ATƏT missiyalarının rəhbərləri səsvermənin gedişi barədə

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini çoxsaylı beynəlxalq müşahidəçilər izləyirlər. Bunların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Şanxay Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Təşkilatının, digər ölkə və parlamentlərin müşahidə missiyaları var.

ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi koordinatoru və rəhbəri  Artur Gerasimov (Ukrayna) bildirib ki, hazırda ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Parlament Assambleyasının üç yüz müşahidəçisi ölkənin bütün regionlarında müşahidə aparırlar.

"Aydın prinsiplərimiz, standartlarımız, prosedur qaydalarımız var. Biz seçkinin bu qaydalara uyğun keçirilib-keçirilməməsini qiymətləndiririk. Bu qaydalar 1990-cı ildə qəbul olunmuş Kopenhagen sənədində əks olunub. Eyni zamanda missiya üzvləri vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər, KİV nümayəndələrilə görüşlər keçirirlər. Biz seçkinin hansı kontekstdə keçirilməsilə bağlı təsəvvür formalaşdırmışıq”, - o deyib.

Bütün müşahidəçilər müşahidələrin nəticəsi olaraq onlara təqdim edilmiş hesabatı doldurub təqdim edəcək və bu əsasda yekun rəy formalaşdıracaqlar, Gerasimov əlavə edib.

ATƏT Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri, vitse-prezident Daniela De Ridder (Almaniya) deyib ki, səsvermə fəal keçir.

“Gün boyu seçki prosesini müşahidə edəcəyik. Eyni zamanda seçkinin sonunda bağlanışı və səslərin sayılması prosesini müşahidə edəcəyik”, - o deyib.

“Jurnalsitlərin həbs olunduğu şəraitdə azad seçki keçirmək nə qədər adekvatdır? sualına cavabda Gerasimov deyib ki, uzunmüddətli müşahidəçilər ölkədə fəaliyyətdədir. “Yekun hesabat dərc olunanda bu məsələlərin orada necə əks olunduğunu görəcəksiniz”, - o deyib.

Daniela De Ridder isə deyib ki, onun özü də əvvəllər jurnalist olub. “Ona görə mən çox yaxşı bilirəm ki, azad mətbuat nə qədər önəmlidir.  Azərbaycanda seçkini uzunmüddətli müşahidə edənlər çox yaxşı bilirlər ki, ölkədə seçki hansı şəraitdə keçir”, - o deyib. (Turan)