Aclıq qarşısında: Taxıl müqaviləsi uzadılmasa, dünyanı qidalandırmaq çətin olacaq
12 May 2023
Dünya Ərzaq Proqramının (DƏP) rəhbəri xəbərdarlıq edib ki, Rusiya Ukrayna ilə taxıl müqaviləsindən çıxsa, dünyanı qidalandırmaq çətin olacaq.
BBC-yə danışan Cindy McCain bəyan edib ki, mayın 18-də müddəti bitəcək müqavilə yenilənməlidir.
Taxıl ixracı sazişi davam edən müharibəyə baxmayaraq, Ukraynaya milyonlarla ton ərzağı ixrac etməyə imkan verdi.
Razılaşma ötən ilin iyulunda Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanıb.
Bu müqavilə Ukraynanın 2022-ci ilin fevralında işğaldan sonra Rusiya hərbi gəmiləri tərəfindən bağlanan Qara dənizdəki limanlarından ərzaq məhsulları göndərə bilməsi ilə qlobal ərzaq böhranının öhdəsindən gəlməyə kömək edib.
Ukrayna beynəlxalq bazara günəbaxan, qarğıdalı, buğda və arpanın önəmli ixracatçısıdır və keçən il Dünya Ərzaq Proqramı tərəfindən tədarük edilən buğdanın yarısından çoxu bu ölkənin payına düşüb.
Eyni zamanda BMT Moskvanın öz kənd təsərrüfatı məhsullarının ixracını asanlaşdırmağa kömək etməyi də qəbul edib.
McCain "Müqaviləni yeniləməlidirlər. Bu olmasa, nəinki dünyanı, bölgəni belə ərzaqla təmin etmək mümkün olmayacaq".
"Bildiyiniz kimi, Ukrayna əvvəllər demək olar ki, Avropanın çörək səbəti idi və indi bu, baş vermir. Biz isə taxılı çıxarmalıyıq, çünki bu, digər ölkələrə də təsir edir".
Müqavilənin hər dəfə 120 gün müddətinə uzadılması nəzərdə tutulub, lakin Rusiya taxıl və gübrə ixracatındakı maneələrə görə mayın 18-də sazişdən çıxmaqla hədələyib.
Rusiya, Ukrayna, Türkiyə və BMT-nin yüksək vəzifəli rəsmiləri cümə axşamı günü İstanbulda müqavilənin uzadılmasına dair təklifləri müzakirə etmək üçün bir araya gəliblər.
Görüş Rusiyanın razılığı olmadan başa çatıb.
Kreml bildirib ki, Rusiya Prezidenti Vladimir Putin müqavilənin uzadılması ilə bağlı lazım gələrsə, Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla qısa müddətdə danışa bilər, lakin hələlik belə bir plan açıqlanmayıb.
Cindy McCain bildirib ki, DƏP dünya ölkələrinə paylamaq üçün başqa mənbələrdən taxıl alır, lakin artan xərclər səbəbindən bu qədər insanı təmin etmək mümkün olmayıb.
Onun sözlərinə görə, münaqişə "bütün dünyada insanları qidalandırmaq üçün çətinliklər yaradıb".
Ötən ay vəzifəsinin icrasına başlayan xanım Cindy McCain ukraynalı fermerlərin bu il məhsul götürməsinin çətin olacağına inandığını söyləyib.
"Bilirəm ki, hələ də fəaliyyət göstərən bəzi təsərrüfatlar var. Ancaq unutmamalıyıq ki, əvvəllər əkinlərin becərildiyi torpaqların böyük əksəriyyəti indi minalanıb", - o deyib.
O, bunu "faciəvi vəziyyət" adlandıraraq deyib ki, münaqişə bu gün sona çatsaydı da, əkib-becərmək və mal-qara buraxmaq üçün "təhlükəsiz olduğuna əmin olmaq üçün o torpaqları və avadanlıqları təmizləməyə illər lazımdır".
Rusiyanın Qara dəniz taxıl sazişinin uzadılmasına imza atacağını düşünüb-düşünməməsi ilə bağlı bu ölkənin "anlaşmaya gedəcəyinə əmin olmadığını" deyib.
"Bu, məni çox narahat edir. Bu, hamını narahat etməlidir".
O, “hər bir dünya liderini” sazişin yenilənməsinə və münaqişənin dayandırılmasına kömək etməyə çağırıb.
Türkiyənin Müdafiə Nazirliyi cümə axşamı günü bildirib ki, Qara dəniz taxıl anlaşması üzrə danışıqlarda irəliləyiş əldə olunub və tərəflər dördtərəfli texniki görüşləri davam etdirmək barədə razılığa gəliblər.
Ukrayna Baş nazirinin müavini Oleksandr Kubrakov danışıqlardan sonra bildirib ki, taxıl müqaviləsi daha uzun müddətə uzadılmalı və genişləndirilməlidir. O, danışıqların onlayn rejimdə davam etdiriləcəyini bildirib.
Rusiya taxıl anlaşmasının uzadılmasına razılıq verməzdən əvvəl BMT-nin təzyiq etdiyi Rusiya ammonyakını Ukraynanın Qara dəniz limanına çatdıran boru kəmərinin yenidən işə salınması, eləcə də özünün kənd təsərrüfatı məhsullarının ixracı və digər yerinə yetirilməsini istədiyi tələblərin siyahısını da açıqlayıb.