Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü səbirsizliklə gözləyirik

Bazar ertəsi Dövlət Departamenti ABŞ-ın paytaxtında keçiriləcək Azərbaycan-Ermənistan sülh danışıqları barədə məlumatları təsdiqləyib.

"Biz bu ayın sonunda Vaşinqtonda danışıqların daha bir raundunun keçirilməsini səbirsizliklə gözləyirik, çünki tərəflər Cənubi Qafqaz regionu üçün dinc gələcəyə nail olmağa davam edirlər", - Dövlət Departamentinin rəsmi nümayəndəsinin birinci müavini Vedant Patel gündəlik mətbuat brifinqində Turan-ın suallarını cavablandırarkən deyib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın dövlət katibi Entoni Blinkenin dəvətilə son iki ayda ikinci dəfə Vaşinqtona səfər edəcəyi gözlənilir.

Dövlət Departamenti qarşıdakı görüşün tarixi və yeri barədə ətraflı məlumat verməsə də, Turana-a diplomatik mənbələrdən məlum olub ki, nazirlər qapalı müzakirələri bərpa edəcəklər. Görüş mətbuatın diqqətindən uzaqda - bazar ertəsi Dövlət Departamentinin Arlinqtondakı Diplomatik xidmət İnstitutunda keçirilməlidir.

"Birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır. ABŞ Ermənistanla Azərbaycan arasında danışıqların müxtəlif yerlərdə keçirilməsindən, o cümlədən liderlərin son görüşündən məmnundur", - Patel deyib.