Logo
news content
User
Kateqoriyalar

Xəbər

"9 noyabr bəyanatı hökm deyil" - Daşnaklar yeni bəyanat istəyirlər

“9 noyabr bəyanatı hökm deyil. Qeyri-məqbuldur, amma artıq baş vermiş faktdır. Müqavilələr onları yaradan şərait yaşadıqca yaşayır. Şəraiti dəyişərik – vəziyyət də dəyişər. Biz, bizim həyati maraqlarımızı əks etdirən yeni üçtərəfli bəyanatın əldə olunmasına can atmalıyıq”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Erməni İnqilabi Federasiyası – Daşnaksutyun partiyası ali şurasının üzvü İşxan Saqatelyan 44 günlük müharibəyə son qoymuş və prezidentlər Vladimir Putin, İlham Əliyev və baş nazir Nikol Paşinyan tərəfindən imzalanmış bəyanat barədə deyib.

Saqatelyan, partiyasının 131-ci ildönümünə həsr olunmuş mərasimdə deyib ki, Daşnaksutyun çıxış yolunu Ermənistanda, Dağlıq Qarabağda və diasporda müqavimət hərəkatının yaradılmasında görür:

“Bu müqavimət ümumerməni birliyi ilə Ermənistanın türkləşdirilməsinə və ermənilərin Artsaxdan (Qarabağ-red) qovulmasına son qoymalıdır. Bu müqavimət düşmənlərimizə və onlara xidmət edən qüvvələrə qarşı yönəlməlidir. Bu müqavimət bizim dövlətçiliyimizi dağıdan qüvvələrə qarşı yönəlməlidir. Bu müqavimət bizim vətənimizi növbəti məğlubiyyətə və fəlakətə aparan gündəliyə qarşı olmalıdır. Elə bir müqavimət ki, bütün dünya erməni xalqının diz çökmədiyini görsün və müharibə nəticələrinin hökm olmadığını bilsin”.

Ermənistan Milli Məclisində spiker müavini olan Saqatelyan artıq imzalanmış və bir sıra müddəaları artıq yerinə yetirilmiş, başqa bəndləri üzrə danışıqlar aparılan bəyanatın əvəzinə yeni bəyanata necə nail oluna biləcəyini izah etməyib.

Daşnaksutyunun 131 illiyinə həsr olunmuş mərasimdə Ermənistanın iki keçmiş prezidenti - Robert Koçaryan və Serj Sarkisyan, habelə separatçı rejimin nümayəndələri Arkadi Qukasyan, Bako Saakyan, qeyri-parlament “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan, keçmiş MTX sədri Artur Vanetsyan da iştirak ediblər.

Daşnaksutyun partiyası parlamentdə Robert Koçaryanın başçılıq etdiyi Haysatan blokuna daxildir.

Saqatelyan habelə küçə mübarizəsindən də danışıb, lakin bu mübarizənin konkret nə vaxt başlanacağını və başqa təfərrüatlarını açıqlamayıb:

“Ermənistanın, Artsaxın (Qarabağ-red), diasporun, gənclıiyin məsul siyasi qüvvələri erməni dövlətçilyinin süqutunun qarşısının alınması, erməni xalqının ləyaqətinin bərpası üçün küçələrə çıxmalı və mübarizə aparmalıdırlar. Məğlubiyyətin və müharibənin rəmzi olan rejim devriləcək, Ermənistan türkləşməyəcək, Artsax (Qarabağ-red) bərpa olunacaq”.

Azatutyun yazır ki, Saqatelyan ümummilli müqavimət barədə bundan əvvəlki yığıncaqlarda da danışıb.

O bildirir ki, belə müqavimətin daxili və xarici cəbhələri olmalıdır.

Azatutyun yazır ki, müxalifətin, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatı qəbul ediləndən sonra başlanan küçə etirazları 2021-ci ilin iyununda keçirilən parlament seçkisi ərəfəsində dayandırılıb.

Bu seçkinin nəticəsində Robert Koçaryanın Hayastan və Serj Sarksiyanın “Şərəfim var” bloklarından Milli Məcisə deputatlar seçilib.

Buna baxmayaraq parlament çoxluğunu üçtərəfli bəyanatı imzalamış Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası qazanıb.