Logo
news content
User
Kateqoriyalar

Xəbər

40 manata sağlamlıq arayışı: TƏBİB bəzi əhali kateqoriyası üçün "güzəştləri müzakirə edir"


Azərbaycanda sağlamlıq haqqında arayış üçün tələb olunan ödənişin 40,12 manata qaldırılması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bu məbləğ əvvəllər 16 manat olub.





BBC-yə şikayət edən vətəndaşlar hesab edirlər ki, belə bir arayış üçün 40 manat yüksək məbləğdir və xüsusilə, aztəminatlı ailələrin büdcəsinə təsir edir.




Milli Məclisin səhiyyə komitəsinin keçirilən son iclaslarının birində millət vəkili Məlahət İbrahimqızı bildirib ki, bu məbləğ "kasıb adamlar üçün bir kisə un deməkdir".





BBC-yə danışan bəzi iqtisadçı təhlilçilərin fikrincə, sağlamlıq haqqında arayışın verilməsi ya icbari tibbi sığorta paketinə daxil edilməli, ya da onun qiyməti ağlabatan olmalıdır.





TƏBİB-dən BBC-yə bildiriblər ki, arayışın qiymətini təyin edərkən tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınıb, amma qurum bəzi əhali kateqoriyası üçün arayışın qiymətində güzəştlər edilməsi ilə bağlı hazırda müzakirə aparır.




“Bu, necə pulsuz icbari tibbi sığortadır ki?”




Sahibkarlıqla məşğul olduğunu deyən 44 yaşlı Şirvan sakini Ziya Əliyev bildirir ki, sağlamlıq haqqında arayışın qiymətinin artması onu da bir işəgötürən kimi narahat edir:





“Mən çörək biznesi ilə məşğulam deyə, yanıma aztəminatlı ailədən olan şəxsləri göndərirlər ki, onları işlə təmin edim. Vətəndaşı işə götürə bilmək üçün onun sağlamlıq haqqında arayışı olmalıdır. Biz işə götürmək istədiyimiz namizədi arayış almağa göndəririk, amma maddi imkanı olmadığı üçün onlar o arayışı ala bilmir. Yaxşı, bunu pullu edirsən, heç olmasa, qiymətini 5-10 manat et də. Sırf bu 40-50 manata görə nə qədər adam işə girməkdən imtina edir. Düşünür ki, 300 manat maaş alacam, nəyimə lazımdır o qədər pul verib arayış alım? İşçi kasıb adamdır, işə düzəlmək üçün bu pulu ödəyə bilmir. Mən də sənədləşməni düzgün aparmaq üçün məcbur o məbləği öz cibimdən ödəyib işçini işə götürməli oluram”.





Ziya Əliyev deyir, elə özü üçün də bu məbləğ yüksəkdir:





“Oğlum üçün sürücülük vəsiqəsi ilə bağlı sağlamlıq haqqında arayış almağa getmişdik. Dedilər ki, 41 manat ödəniş etməlisən. Düşünürəm ki, bu məbləğ çox yüksəkdir. Absurddur da bu. Sağlamlıq haqqında arayış almaqdan ötrü nəyə görə pul ödəməliyik? Onda bu, necə pulsuz icbari tibbi sığorta oldu ki?”









Xəstəxana








Sağlamlıq haqqında arayış pulsuz olmalıdırmı?




Ötən ilin may ayından etibarən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) qərarı ilə sağlamlıq haqqında arayış üçün ödənişin məbləği 16 manatdan 40,12 manata qaldırılıb.





Sağlamlıq arayışı, adətən, sürücülük vəsiqəsi, işə qəbul zamanı, peşə xəstəliyini müəyyən etmək üçün tələb olunur.





TƏBİB-dən BBC-yə bildiriblər ki, sağlamlıq haqqında arayışın ödənişli əsaslarla olması Prezident İlham Əliyevin müvafiq fərmanına əsaslanır. Bu arayışın etibarlılıq müddəti 30 gündür.





Qurum sözçüsü Zamirə Adilova deyir ki, vətəndaş yalnız tibbi göstərişi - yəni, sağlamlıqla bağlı şikayəti olduğu halda, pulsuz tibbi müayinədən keçə bilər:





“Tibbi göstəriş varsa, göstərilən bütün xidmətlər icbari tibbi sığortanın “Xidmətlər Zərfi” ilə qarşılanır. Amma tibbi göstəriş yoxdursa, icbari tibbi sığorta hər hansı müayinənin ödənişini qarşılamır. Arayış alınması isə tibbi göstəriş əsasında deyil. Ona görə də profilaktik müayinə sayılır və icbari tibbi sığorta təminatına daxil deyil”.





TƏBİB-dən BBC-yə bildirirlər ki, sağlamlıq haqqında arayış üçün təyin olunan 40,12 manatı ödəyən vətəndaş terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloq müayinəsindən keçir, flüoroqrafiya, qanın və sidiyin ümumi analizini verir.





Qurum arayışın qiymətini təyin edərkən tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmini nəzərə alıb, TƏBİB-dən bildirirlər.









Analiz








"TƏBİB istədiyi qiyməti təyin edə bilməz!”




İqtisadi təhlilçi Azər Mehtiyev hesab edir ki, sağlamlıq haqqında arayışın verilməsi ya icbari tibbi sığorta paketnə daxil edilməli, ya da onun qiyməti ağlabatan olmalıdır.





Onun fikrincə, TƏBİB kommersiya qurumu olmadığı üçün ödənişin məbləğini təyin edərkən açıq müzakirələr keçirməli idi:





“Bu xidmətlər bazar qiymətləri deyil ki, TƏBİB istədiyi kimi qiymət qoysun. Bu, dövlət qurumudur. Büdcədən və əhalinin sosial sığorta ödənişlərdindən vəsait alır. İndi işləyən əhalinin böyük hissəsi icbari tibbi sığorta haqqı ödəyir. Bəs bu ödənişi edən vətəndaş nəyə görə sağlamlıq haqqında arayışı ödənişsiz almamalıdır?”





İqtisaçı deyir ki, bu arayış üçün təyin olunan məbləğdən əldə olunan vəsaitin həkimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsi ciddi əsas sayıla bilməz:





“Bu qiymətin təyin olunması üçün həkimin maaşının artırılması və ya onun sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi heç vaxt əsas ola bilməz. Çünki əgər bu arayışı verən yerlər dövlət qurumlarıdırsa, oradakı həkimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasının həm dövlət büdcəsi, həm də digər mənbələr vasitəsi ilə nəzərə alınması TƏBİB-in özünün vəzifəsidir”.





Azər Mehtiyev hesab edir ki, bu cür xidmətlərə ödəniş məbləği təyin edilərkən minimum əmək haqqı və ya digər gəlirlərin nəzərə alınması vacibdir. Amma onun sözlərinə görə, ilk öncə belə ödənişləri formalaşdıran, normativlərin əks olunduğu təlimat hazırlanmalıdır.





Milət vəkili: “Ödəniş qanuna zidd deyil”




Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov sağlamlıq arayışı üçün tələb olunan ödənişi qanunazidd saymır. O, BBC-yə deyir ki, səhiyyə komitəsi TƏBİB-in rəhbərliyi ilə il ərzində azı bir-iki dəfə müzakirələr aparır, amma bu arayışın ödənişini müzakirə etməyiblər:





“Burada [komitədə] ölkənin səhiyyə sistemində aparılan islahatlar zamanı yaranan problemlər, gözlənilən məsələlər və digər mövzular müzakirə olunur. Amma doğrusu, qanunverici orqan olaraq arayışın məbləğinin təyin olunması məsələsi Milli Məclisin predmeti olmadığı üçün biz rəqəmin təyin olunduğu müzakirələrdə iştirak etməmişik”.





Millət vəkili Rəşad Mahmudov BBC-yə dünyada heç bir tibbi xidmətin pulsuz olmadığını deyir:





“Sadəcə olaraq, məsələ o xidmətin ödənişinin kim tərəfindən - dövlət və ya vətəndaş tərəfindən ödənilməsidir”.





O, ictimaiyyətdə sağlamlıq haqqında arayışın qiymətinin camata arasında narazılıq yaratdığını müşahdə etdiyini, səhiyyə komitəsinin iclaslarının birində həmkarlarının da buna diqqət çəkdiyini deyib.





Milli Məclisin səhiyyə komitəsinin keçirilən son iclaslarının birində millət vəkili Məlahət İbrahimqızı “bu məbləğ kasıb adamlar üçün bir kisə un deməkdir”,- deyə vurğulamışdı.





Deputat hesab edir ki, parlamentin Səhiyyə komitəsi, eləcə də aidiyyatı qurumlar bu məsələ ətrafında müzakirələr apararaq "ən doğru və ən effektiv yolun" seçilməsinə qərar verib, bunun praktiki həlli üçün lazım olan addımları atmalıdır.





Rəşad Mahmudov ümid edir ki, yaxın zamanlarda sağlamlıq arayışının məbləği ilə bağlı yaranmış ictimai narazılıq vətəndaşların xeyrinə həll olunacaq.