Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Vikipedia müharibəsi: “güllə”ni kim atıb?
“Orda bir qruplaşma var...”

“Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr "Vikipedia"dan silinib”. Belə bir məlumatla texnobloqer, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas çıxış edib.

O, üç min şəhidlə bağlı məlumatların "Vikipedia"dan tamamilə silindiyini "Facebook" hesabında yazıb: “Aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar var. Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı Vikipediaçılar tərəfindən tamamilə silindi. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər. Bu, birbaşa azərbaycanlı Vikipediaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, "Vikipedia"dan silinir”.

"Vikipedia Azərbaycan"ın inzibatçısı Ayxan Ziyadzadə isə Qafqazinfo-ya açıqlamasında bildirib ki, şəhidlər haqqında informasiyaların tamamilə silinməsi barədə məlumatlar reallığı əks etdirmir. Həmin məlumatlar siyahılaşdırılıb və "Vikipedia"da verilib: “Şəhid məqalələri 2020-ci ildən başlayaraq Azərbaycanca "Vikipedia"da könüllülərin fərdi təşəbbüsü ilə müvəqqəti olaraq yaradılmışdı. Bunun məqsədi ilkin olaraq şəhidlərimiz haqqında məlumatın azad platformaya yerləşdirilməsi və geniş çərçivədə resurs mənbələrinin bunu özünə köçürməsi idi. "Vikipedia" buna görə uyğun idi ki, orada yazılan mətnlər müəllif hüquqları ilə qorunmur, hər kəs köçürə bilər. Buna baxmayaraq, son dörd il ərzində bu məqalələri saxlamaq çətinləşməyə başlamışdı”.

A.Ziyadzadə əlavə edib ki, "Vikipedia" Azərbaycan Respublikasının nəzdində olan vebsayt deyil, qlobal platformadır və müəyyən qaydalar var ki, beynəlxalq formada tətbiq edilir: “Biz əlimizdən gəldikcə o məqalələri saxlamağa çalışdıq, lakin artıq məsələ ABŞ-də yerləşən "Vikimedia" Fondunun diqqətinə belə çatmışdı. "Vikipedia"nın qaydalarına əsasən, həmin məqalələr, ümumiyyətlə, yaradılmamalı idi. Bu səbəbdən, son çarə kimi, artıq yaradılan məqalələrin öz məqsədinə çatdığı qənaətində olaraq, konsensus ilə silinməsinə qərar verilmişdi. Buna baxmayaraq, həmin konsensus aylardır icra olunmurdu. Mən, sadəcə, silmə səlahiyyətlərinə malik bir inzibatçı kimi həmin konsensusu icra etmişəm.

Şəhidlərin ruhu, mirası biz də daxil olmaqla bütün Azərbaycan vətəndaşları üçün ucadır. Biz onların mirasının davam etməsi üçün əlimizdən gələni etmişik və baş vermiş hadisənin bu cür şərh edilməsi məni şəxsən məyus edir”.

Bəs həqiqətən bu məqalələrin “Vikipedia”dan silinməsində əsas məqsəd nədir? Niyə gözlənilmədən və xəbərdarlıq edilmədən belə bir addım atılıb?

Mövzu ilə bağlı Pressklub.az- açıqlama verən “Vikipedia Azərbaycanca”nın Patrulu, Vikipedia üzrə ekspert-təlimçi Sübhan Xıdırzadə bildirir ki, “Vikipedia Azərbaycanca”da şəhid məqalələri silinib və bu hadisə ictimaiyyətdə, ümumiyyətlə, bütün Vikipediaçıların reputasiyasını zədələyir. Vikipediada bu hadisəni hamı dəstəkləmir. 

 “Ölkədə kifayət qədər vətənpərvər, intellektual "Vikipedia" könüllüləri var. "Qorqud" Vikipedia Metodik Klubu uğurlu işlər ortaya qoyub. Klub hər gün də bu işi davam etdirir. Azərbaycan tarixinə, mədəniyyətinə aid minlərlə məqalə yaradılıb və zənginləşdirilib. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında güclü komanda fəaliyyət göstərir. Biz və komandamız 4 ildir, məqalələrin yaradılması və qorunması üçün mübarizə aparırıq. Şəxsən mən və bizim digər təlimçilərimiz təlimlərimiz zamanı yüzlərlə şəhid məqalələrinin yaradılması istiqamətində işlər görmüşük. Mənim fəaliyyətim də məhz Tovuz hadisələrindən sonra başlayır. İlk fəaliyyətimə şəhid məqalələrinin yaradılması ilə başlamışam” – Xıdırzadə bildirib. 

Müsahibimiz deyir ki, mətbuat öz üzərindən yükü atmaq üçün bunun Amerikadakı fondun təşəbbüsü ilə gerçəkləşdiyini desə də, işin arxa hissəsi tamam fərqlidir. Bu proses tamamilə AzVikipedianın məsuliyyətindədir. Bu barədə dəfələrə daxili müzakirələr olunub. Lakin özlərini "ədalət mələyi" adlandıran, əslində isə qərbə xoş görünməyə çalışan, işlərində isə ədalətdən əsər-əlamət olmayan bir qruplaşma var. Həmin qruplaşma “Vikipedia”nı gəlir mənbəyi kimi görür və öz monopoliyalarına çevirmək istəyir. Onların maraqlarına xidmət etməyən müstəqil, vətənpərvər və vicdanlı redaktorları sıxışdırıb, aradan çıxarırlar. Həmin insanlar sonuncu müzakirədə bizim bəzilərimizi sıxışdırıb aradan çıxardığı və ya küsdürdüyü üçün rahat istədiklərinə çatıblar: “Bu işə ən çox qarşı olanlardan biri mən olmuşam. Mənə dəfələrə məqalələri silmək və yeni bir sayt yaradaq, oraya yerləşdirməyi təklif ediblər. Lakin mən bacardığım qədər mübarizəni öz komandamızla davam etdirmişəm. Onlar ilk növbədə Birinci Qarabağ müharibəsindən olan şəhidlərimiz, daha sonra isə Vətən müharibəsi şəhidləri haqqında məqalələri siliblər. Belə etməklə ictimai təsirin yükünü azaldırlar. Əslində tək Vətən müharibəsindən olanlar müzakirə olunur, amma Birinci Qarabağ müharibəsi şəhidlərinin də məqalələri silinib. İctimai qınaq daha da böyüyərsə, özləri bir müzakirə başladıb, bərpa edə bilərlər. Bu məsələdə Fərid Pərdəşünas obyektiv şəkildə məlumatları ictimaiyyətə və lazımı yerlərə bildirdiyi üçün onların hədəfinə çevrilir. Ona görə də mən ictimaiyyətdən Fərid bəyə dəstək olmalarını xahiş edirəm”.

Digər müsahibimiz - İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov saytımıza açıqlamasında bildirdi ki, şəhidlərimiz haqqında Azərbaycandakı bir çox platformalarda məqalə və məlumatlar var. “Vikipedia”ya bənzər Azərbaycanda bir çox platforma var, amma “Vikipedia”nın reputasiyası və iş prinsipi fərqlidir. Ümumiyyətlə, “Vikipedia” dövlət tərəfindən nəzarət olunan bir platforma deyil, o, beynəlxalq bir ensiklopediyadır. 

 “Vikipediaçılar icması var və bu icmadakı şəxslər oradakı tənzimləmələri aparırlar. “Vikipedia” qaydalarına uyğun olaraq, ensiklopedik şəxslərin “Vikipedia” məqalələri yaradılır, ensiklopedik olmayan şəxslərin məqalələri isə silinir. “Vikipedia”da Birinci Qarabağ, aprel döyüşləri və ikinci Qarabağ müharibəsində iştirak edən qazilər və şəhid olmuş şəxslər haqqında məqalələr yaradılmışdı. Amma bu təcrübə ancaq Azərbaycan üzrə “Vikipedia”da oldu. Xarici “Vikipedia”da isə daha çox tanınmış, “Vikipedia” qaydalarına uyğun gələn generallar, şəhidlər haqqında məqalələr dərc olundu. Azərbaycanda buna ehtiyac var idi və vaxtında bu addımlar atıldı. “Vikipedia”çılar bu istiqamətdə məqalələr yaratdılar. Amma həmin vaxt da deyirdilər ki, bu, müvəqqətidir. Çünki həmin vaxt buna ehtiyac var idi ki, Azərbaycanın qələbəsi beynəlxalq səviyyədə tanınsın, şəhidlərin siyahısı olsun”. 

Müsahibimiz deyir ki, həmin vaxt eşidirdik ki, “Vikipedia”ya uyğun gələn ensiklopedik şəxslərin məqalələri qalacaq. Məsələn, Polad Həşimov, Xudayar Yusifzadə haqqında məqalələr “Vikipedia”da qalır. Dünya təcrübəsinə əsasən deyə bilərik ki, hər şəhidin “Vikipedia” məqaləsi yoxdur. Bu, Azərbaycanda da müvəqqəti idi. Hazırda Azərbaycanda Polad Həşimov kimi şəhidlərin məqalələri qalsa da, digər şəhidlərin məqalələri siyahılaşdırılıb. Bir çox siyahılarda şəhidlərin məqalələri əlifba qaydalarına əsasən var və mövcuddur. Yəni “Vikipedia” inzibatçıları qaydalara əsasən iş aparıblar. “Vikipedia” bir ensiklopediyadır. Necə ki, Azərbaycan ensiklopediyasında bütün şəhidlər haqqında məqalələr olmadığı kimi, ensiklopedik “Vikipedia”da da hər şəhidin məqaləsinin olması vacib deyil.

“Şəhidlik ən böyük zirvədir. İnternet resurslarında şəhidlər haqqında məqalələrin və yazıların olması çox vacibdir”. 

 Bu sözləri isə hərbi ekspert Emin Həsənli saytımıza açıqlaması zamanı bildirib. Ekspert deyir ki, Şəhidlərə qarşı edilən bu diqqətsizlik dövlətə və vətəndaşlara edilən hörmətsizlikdir: “Bununla bağlı lazım olan bütün tədbirlər görüləcək. Davamlı maarifləndirmə işləri aparılmalı, bu məsələlərə nəzarət müəyyən qurumlara tapşırılmalıdır. Birinci və İkinci Qarabağ müharibəsinin 300 mindən artıq iştirakçısı var. Onlar haqqında məlumatlar bütün mənbələrdə olmalıdır”. 

Qeyd edək ki, AMEA-nın Mətbuat xidməti də bu məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Vətən müharibəsi şəhidləri ilə bağlı “Vikipedia”da yaradılan məqalələrin silinməsi ilə Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən könüllü qrupların heç bir əlaqəsi yoxdur: “Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə bağlı məqalələrin silinməsini düzgün olmayan səhv addım kimi qeyd edir və buna təəssüfləndiyimizi bildiririk”.

Mədinə Useynova