Taxta sahiblənən əsgər, sərvət hərisi, qürbətdə ölən şah... – I YAZI
Pəhləvilər 100il əvvəl İranda hakimiyyəti necə ələ keçirdilər
09 Mart 2026
47 il əvvəl — 11 fevral 1979-cu ildə İranda Pəhləvi sülaləsinin devrilməsi və ayətullahlar rejiminin qurulması ilə nəticələnən İslam inqilabı qələbə çaldı. İndi isə sonuncu şahın oğlu — Rza Pəhləvi — İrandakı yeni etirazların təşəbbüskarı kimi çıxış edir, müxalifəti öz ətrafında birləşdirməyə çalışır, ümummilli tətilə çağırır və ölkəyə qayıdacağına söz verir. Müxalif düşüncəli mühacirlər arasında tanınmış fiqur olsa da, İranın özündə Pəhləvinin nüfuzu birmənalı deyil. Yarım əsrdən bir qədər artıq hakimiyyətdə olmuş Pəhləvi sülaləsi yalnız dünyəvi kursla deyil, həm də genişmiqyaslı repressiyalar, senzura və yuxarıdan zorakı modernləşmə ilə assosiasiya olunur ki, bunlar da inqilaba gətirib çıxardı.
İran rusların əlində
İran XX əsrə iflas həddində qədəm qoydu. Əslində ölkə iki imperiya arasında bölüşdürülmüş bir müstəmləkə idi: şimalı Rusiya, cənubu isə neftin fəal işlənməsi və hasilatı ilə məşğul olan İngiltərə nəzarətdə saxlayırdı. Formal olaraq ölkəni Qacarlar sülaləsi idarə edirdi, lakin o, tamamilə xarici qüvvələrdən asılı idi və real hakimiyyətə malik deyildi.
İran hakimiyyətini ayaqda saxlayan əsas qüvvə həm dövlət başçılarını qoruyan, həm də üsyanları yatıran İran kazak briqadası idi. Rus zabitlərinin rəhbərliyi ilə yaradılmış bu briqada ölkədə yeganə müntəzəm hərbi birləşmə sayılırdı. Formal olaraq Qacarlara tabe olsa da, faktiki olaraq Peterburqdan idarə edilirdi.
İran kazaklarına savadsız yoxsullar qəbul edilirdi; bu, onlar üçün sosial dibdən xilas olmağın yeganə yolu idi. Gələcək şah Rza xan da məhz bu mühitdən çıxmışdı — dağlıq əyalətdən olan xırda hərbçinin oğlu idi, nə təhsili, nə də əlaqələri vardı.
Rza xanın atası erkən vəfat etdi. Anası onu Tehrana apararaq kazak hissələrində praporşik olan qardaşının himayəsinə verdi. Dayısı onu briqadaya yazdı ki, küçələrdə avara-avara gəzməsin. Həmin vaxt Rzanın cəmi 14 yaşı vardı və hərbi xidmətə buraxılmadı. Əvvəlcə yeməkxanada çalışır, böyük zabitlərin xırda tapşırıqlarını yerinə yetirirdi.
Bir il sonra artilleriya bölüyünə keçirildi və rəvayətə görə, pulemyotla mahir davrandığına görə ona “Rza Maksim” ləqəbi verildi. 16 yaşında rəsmi şəkildə briqadaya qəbul edildi və tezliklə əsgər həyatının qaydalarını mənimsədi: rus komandanlığı İran kazaklarında cəsarət və macəraçılıq ruhu tərbiyə edirdi. Rza kobud, içkiyə meylli, lakin eyni zamanda son dərəcə cəsarətli əsgər kimi tanındı.
Birinci Dünya müharibəsi illərində Rza xanın alayı ən qaynar nöqtələrə göndərilirdi. O, tezliklə silahdaşları arasında nüfuz qazandı; ətrafına sadiq insanlar toplaşmağa başladı. Bioqraflar yazırlar ki, o, komandanlığın qəddarlığından, ölkədə hökm sürən korrupsiya və yoxsulluqdan narazılığını bölüşür və bu sözləri əsgərlər arasında geniş əks-səda doğururdu.

Rza xan Qacar şahzadəsi Əbdülhüseyn Mirzə Fərmanfərmanın rəhbərliyi altında xidmət edirdi — o, İranın ən nüfuzlu şəxslərindən biri idi. Onların münasibətləri yaxın idi, lakin həmin dövrdə Rza siyasətə can atmırdı. Bununla belə, artıq o zaman rejimin legitimliyinə şübhə edirdi. Xidmətdə irəlilədikcə rusların mövcudluğu və nəzarəti onu daha çox qıcıqlandırırdı. “Kaş Allah bizə kömək edəydi ki, qanımızı zəli kimi soran xarici ağalardan ölkəni xilas edək”, — deyə o, leytenantına şikayət edirdi.
Taxta çıxan kazak
Dönüş nöqtəsi 1917-ci ildə gəldi: Rusiyada baş verən inqilablardan sonra İran kazak briqadasının komandanlığı çaşqın vəziyyətə düşdü, rus zabitlər nüfuzlarını itirməyə başladılar, bölmələr üzərində nəzarət uğrunda mübarizə başlandı. Bu şəraitdə Rza xan mövqelərini möhkəmləndirdi. Bioqraflar onun pərdəarxası intriqalarda və komandirlər arasındakı qarşıdurmalarda iştirakını qeyd edirlər, lakin detallarda fikir ayrılıqları var.
1920-ci ilə doğru İran xaosa sürükləndi: xəzinə boş idi, ölkə boyu tayfa üsyanları alovlanırdı və ordu onları yatırmağa qadir deyildi. London İrandan geri çəkilməyə hazırlaşırdı, lakin arxa cəbhəni qoruyacaq birinə ehtiyac duyurdu. İngilislər rus zabitlərinə etibar etmirdilər, amma onları vəzifədən uzaqlaşdıra da bilmirdilər — kazaklar başqa komandanlığa tabe olmazdılar. Bu zaman Rza öz namizədliyini britaniyalılara təklif etdi. Onlara söz verdi ki, gedişlərindən sonra hakimiyyəti qorumaqda və ölkədə asayişi saxlamaqda şaha kömək edəcək. Onlar razılaşdılar.
Lakin ingilislərin hesabı səhv çıxdı. Mərkəzin zəiflədiyini anlayan və digər komandirlərin dəstəyini qazanan Rza xan Tehrana yürüş etdi. 1921-ci il fevralın 21-dən 22-nə keçən gecə kazak briqadası paytaxtı, demək olar, döyüşsüz ələ keçirdi. Əhməd şah Qacar qaçmaq istədi, lakin İngiltərə səfiri onu qalmağa inandırdı. Şah hakimiyyətin bir hissəsini üsyançılara güzəştə getməyə məcbur oldu. Rzanın yaxın silahdaşı Seyid Ziyaəddin Təbatəbai baş nazir, Rza özü isə hərbi nazir təyin edildi.
Bundan dərhal sonra həbslər başladı — şahın qohumları da daxil olmaqla təxminən dörd yüz iranlı zadəgan həbsə atıldı. Rza xan iki bəyannamə yaydı. Birincidə kazakların Əhməd şaha sadiq olduqlarını və asayiş yaratmaq üçün gəldiklərini bildirirdi. İkincisi isə yalnız İran hökmdarının işlədə biləcəyi sözlərlə başlayırdı: “Mən əmr edirəm”. Tehranda hərbi vəziyyət elan olundu: qəzetlərin nəşri, yığıncaqlar və əyləncə tədbirləri qadağan edildi.
Yeni rejimi sabit adlandırmaq olmazdı. İnqilabi hökumət opponentlərinə qarşı repressiyalarına görə “Qara kabinet” adlandırılırdı. Baş nazir Seyid Ziyaəddin britaniyalılarla bağlanmış alçaldıcı müqavilələrdən açıq şəkildə imtina etmək, lakin qeyri-rəsmi olaraq təsir rıçaqlarını və əsas postları onların əlində saxlamaq istəyirdi. Gələcəkdə isə İranda genişmiqyaslı islahatlar həyata keçirməyi planlaşdırırdı; onların bir çoxunu gələcək şah yadında saxladı.
Ambisiyalı silahdaş Rza xanı qane etmirdi. İnqilabdan cəmi üç ay sonra o, hakimiyyətdən məhrum edilmiş Əhməd şahı inandırdı ki, baş nazir onu öldürmək istəyir və beləliklə Ziyaəddinin istefasına nail oldu. Keçmiş briqada generalının əlində getdikcə daha çox hakimiyyət cəmlənirdi — bu isə britaniyalıların narazılığına səbəb olurdu.
Londonda gənc hərbçini bəsirətli, lakin savadsız və siyasi baxımdan təcrübəsiz, İranda sabitliyi təmin etməyə qadir olmayan biri hesab edirdilər. Təcrübəsizlik isə Rza xana köhnə aristokratlara şərtlərini diktə etməyə və şahın fikri ilə hesablaşmamağa mane olmurdu.
1923-cü ilin oktyabrında Rza xan baş nazir təyin edildi, Əhməd şah isə Avropaya yollandı. Monarxın gedişindən sonra İranda Türkiyə nümunəsi üzrə respublika idarə üsuluna keçid məsələsi ciddi şəkildə müzakirə olunmağa başladı. Ruhani təbəqənin və küçə etirazlarının müqaviməti səbəbindən Rza bu ideyadan imtina etməyə məcbur oldu, lakin monarxiyanın əvvəlki formada mövcudluğu da artıq mümkün deyildi.

Daha iki il ölkədə Əhməd şahın qayıdışı barədə şayiələr dolaşdı. O, daim britaniyalı diplomatlarla məsləhətləşsə də, onlardan nə qəti cavab, nə də real dəstək ala bildi. Nəhayət, 1925-ci ilin payızında şah Tehrana teleqram göndərərək, konkret qayıdış tarixini — 2 oktyabrı göstərdi. Buna cavab olaraq Rza xan ona qarşı kütləvi nümayişlər təşkil etdi.
Əhməd şah risk etməməyə qərar verdi və Fransada qaldı. Az sonra Məclis son 130 ildə ölkəni idarə etmiş Qacarlar sülaləsinin devrilməsi barədə qətnamə qəbul etdi. Daha sonra Müəssislər Məclisi beş iclas ərzində Konstitusiyanın əsas maddələrini yenidən işləyərək, Rza xanı İranın yeni şahənşahı elan etdi.
Rəsmi titullar və ləqəblər ləğv edildikdən sonra Rza şah özünə “Pəhləvi” — “parfiyalı” soyadını götürdü. Bununla o, yeni sülalənin Qacarlar kimi türk deyil, fars mənşəli olacağını göstərmək istəyirdi. Tarixçi Abbas Milani yazır ki, Rza şah yeni soyadla sənədləri qeydiyyatdan keçirməyə gedəndə ona bu soyadın artıq Mahmud adlı bir nəfər tərəfindən götürüldüyü bildirilib. Yeni şah həmin şəxsi taparaq soyaddan imtina etməsini tələb edib. O isə hakim özbaşınalığına etiraz olaraq yeni soyad uydurmur, özünü sadəcə Mahmud Mahmud adlandırır.
26 aprel 1926-cı ildə, tacqoyma mərasimindən bir gün sonra, Rza şah altı yaşlı oğlu Məhəmməd Rzanı vəliəhd elan etdi. Həmin gündən etibarən oğlanın gələcək İran hökmdarı kimi hazırlanmasına başlanıldı.
10 qram şəkər müqabilində hakimiyyət
Rza şah həyat tərzi baxımından heç vaxt aristokrata çevrilmədi. Əvəzində saray qaydalarını öz zövqünə uyğunlaşdıraraq onu kazarmanı xatırladan bir məkana çevirdi. O, hərbi mundirini demək olar ki, heç vaxt çıxarmırdı və sanki mülki geyimi yox idi. Dəbdəbəyə meyil göstərmirdi; hətta qulluqçuların neçə siqaret çəkdiyini, nə qədər çay içdiyini belə izlədiyi deyilirdi.
Yeni saray etiketi xırdalıqlarına qədər düşünülmüşdü və hər kəsin yerini sərt, demək olar ki, hərbi iyerarxiyada müəyyənləşdirirdi; bu qaydalar hətta şah ailəsi daxilində münasibətləri də tənzimləyirdi. Qulluqçular vəliəhdə yalnız əlcəkdə toxuna bilərdilər və yalnız “Zati-aliləri” deyə müraciət etməli idilər. Bu qayda vəliəhdin bacı-qardaşlarına da şamil edilirdi.
Gündəlik həyatda zahid təbiətli olan Rza şah gənc sülalənin maddi qüdrəti məsələsində kifayət qədər həris idi. Şəxsi iqamətgahı üçün Tehranın üstündəki təpədə Qacar şahzadəsindən torpaq sahəsi alaraq 18 saraydan ibarət nəhəng kompleks inşa etdirdi. Bundan başqa, Pəhləvi torpaqları kütləvi şəkildə alırdı, özü də simvolik qiymətə; torpaq sahibləri şahla sövdələşmədən faktiki imtina edə bilmirdilər. Zavodlar, hotellər və digər şəhər daşınmaz əmlakı onun adına rəsmiləşdirilirdi.
Vəliəhd Məhəmməd Rza sərt atasının tam əksi kimi böyüyürdü. Xəyalpərəst və utancaq idi, liderlik keyfiyyətləri göstərmirdi və uşaqlıqdan çox tənha idi. Altı yaşından saray hərbi akademiyasına verilmiş, orada ilkin hərbi hazırlıq keçmişdi.
Təhsilini İsveçrədə, elit internatda Avropa sülalələrinin varisləri arasında davam etdirdi. Lakin orada da Məhəmməd Rza kənarda qaldı — faydalı əlaqələr qurmaq əvəzinə bağbanın oğlu ilə dostlaşdı. Həmin dost onu fransız poeziyası ilə tanış etdi və daimi yoldaşına çevrildi. Sonradan vəliəhd onu özü ilə Tehrana gətirib sarayda yerləşdirdi ki, bu da nəinki atasını qəzəbləndirdi, üstəlik, sarayda söz-söhbətlərə səbəb oldu.
1936-cı ildə vəliəhd yenidən sərt hərbi mühitə qayıtdı. Tehrandakı zabit məktəbində iki illik təhsildən sonra leytenant rütbəsi aldı və tezliklə Misirə yollandı; orada onu 19 yaşında 17 yaşlı şahzadə Fövziyə ilə evləndirdilər. Qədim nəsillə qurulan bu ittifaq Pəhləvi sülaləsinə əskik qalan legitimlik qazandırmalı idi, xüsusilə İran daxilində.
Rza şah nə ruhanilərlə, nə tacirlərlə hesablaşaraq qeyri-populyar islahatlar həyata keçirirdi. Ən böyük rezonans doğuran addımlardan biri ənənəvi geyimlə mübarizə oldu. Əvvəlcə o, kişilərə çalma qoymağı qadağan edərək, əvəzində “Pəhləvi papağı” adlandırılan müasir baş geyimini məcburi etdi. Çadranın qadağan olunması isə daha böyük narazılıq yaratdı. Hətta dünyəvi iranlılar bunu ifrat despotizm kimi qəbul etdilər.
Şəxsi həyata belə müdaxiləyə qarşı etirazlar ordu ilə toqquşmalara və çoxsaylı qurbanlara səbəb oldu. İğtişaşların yatırılması zamanı şah əsas ictimai tabulardan birini pozaraq nümayişçilərə hətta məscidlərdə də hücum edilməsini əmr etdi. Rza şah modernləşmənin yalnız güc yolu ilə mümkün olduğuna inanır və hər yeni islahatla bu inamı daha da möhkəmlənirdi.
Beynəlxalq arenada şah Britaniya ilə SSRİ arasında manevr etməyə məcbur idi. Nəhayət, Pəhləvi nasist Almaniyası ilə yaxınlaşdı —ideoloji deyil, daha çox iqtisadi mülahizələrə görə. İkinci Dünya müharibəsinin əvvəlində İran neytrallıq elan etdi, lakin bu, əvvəlki partnyorları qane etmədi. 1941-ci ilin avqustunda sovet və Britaniya qoşunları İrana soxuldular və tezliklə paytaxtı ələ keçirdilər. Nə ordu, nə də elita ciddi müqavimət göstərdi — şahdan qorxurdular, amma onun uğrunda ölməyə heç kim hazır deyildi. Sülaləni qorumaq üçün Rza şah oğlunun xeyrinə taxtdan imtina etdi.
Hakimiyyətin itirilməsindən sonra sərvətdən də imtina gəldi. Britaniyalıların təzyiqi ilə şah bütün torpaqlarını oğluna “10 qram şəkər” müqabilində bağışladığını göstərən sənədi imzaladı. Məhəmməd Rza isə qanunsuz əldə edilmiş mülkləri sahiblərinə qaytaracağına söz verməyə məcbur oldu.
Britaniyalılar Rza şahı sürgünə göndərdilər. Vəliəhd onunla birlikdə getmək istəsə də, atası ona təzyiq göstərərək, ölkənin idarəsini öz üzərinə götürməyə məcbur etdi. Rza şah Pəhləvi 1944-cü ildə Yohannesburqda ürək tutmasından vəfat etdi.
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada