Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Şahlara layiq toy tortları: Kraldan prezidentə, şahzadədən aktyora qədər...
Bir parça tortu 20 il sonra fantastik qiymətə satdı

Xüsusi əhəmiyyətli hadisə olan kral toylarında tortlara böyük diqqət ayrılır. Onları bütöv komandalar şəklində ən nüfuzlu şef-konditerlər hazırlayır, tortlar çoxsaylı mərtəbələrdən və yüzlərlə kiloqram çəkidən ibarət olur, mürəkkəb çiçək dekorları ilə bəzədilir, nazik və hamar şəkərlə örtülür və dəbdəbəli postamentlərdə hamının gözü qarşısına çıxarılır…

Beləliklə, qarşınızda ən təkrarolunmaz, heyrətamiz və həqiqətən krallara layiq toy tortlarıdır.

Vəliəhd Çarlz və şahzadə Diananın toy tortunun hündürlüyü 1,5 metrə, çəkisi isə 102 kiloqrama çatırdı.  

Cütlüyün toyu 29 iyul 1981-ci ildə baş tutdu və son 100 ilin ən nağılvarı və ən gözəl toy sayılır. Bukingem sarayının ərazisində keçirilən rəsmi qəbul 120 nəfər üçün nəzərdə tutulmuşdu. Toya 27 müxtəlif tort hazırlanmışdı. Əsas tort 5 mərtəbəli idi və iki ədəd bişirilmişdi – hər ikisi Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin gənclərə hədiyyəsi idi.

Konditer Devid Everi bu tortların üzərində 14 həftə çalışmışdı.

Hündürlüyü 5 fut (1,5 metrdən bir qədər çox) olan tort zanbaq, qızılgül və orxideya buketləri ilə bəzədilmişdi. Tortun bütün tərəflərində vəliəhdin və kral ailəsinin gerbləri, eləcə də yeni evlənənlərin adlarının baş hərfləri təsvir olunmuşdu. Təəssüf ki, tortlardan biri daşınma zamanı zədələndiyi üçün dənizçilərin mətbəxində çalışanlara verilmişdi. Digər tort isə məşhur belçikalı “kral çörəkçisi” S. G.-nin əl işiydi. Londondakı kral iqamətgahının xidmətçisi həmin tortdan ona verilmiş bir tikəni 20 il sonra 1000 funt sterlinqə satmışdı.

II Yelizabet və Edinburqlu Filip

Gələcək kraliça II Yelizabet və prins Filipin toy tortu 226 kiloqram ağırlığında idi və 274 sm hündürlüyündə idi. Onu hazırlamaq üçün 2 həftə lazım gəlib.

Cütlük 20 noyabr 1947-ci ildə evləndi. Müharibədən sonrakı illərdə keyfiyyətli ərzaq çatışmazlığı olduğundan tortun bir çox komponenti xarici ölkələrdən hədiyyə kimi göndərilmişdi.

Bu sənət əsərini hazırlayan “McVitie and Price LTD” şirkətinin konditerləri tortu gənclərin monoqramları və hər iki ailənin gerblərinin elementləri ilə bəzəmişdilər. Şəkər fiqurlar gəncləri sevimli məşğuliyyətləri zamanı təsvir edirdi. Tort ingilis kral ailəsinin üzvü Mountbatten hersoqunun toy hədiyyəsi olan qılıncla kəsildi. Xeyriyyə məqsədilə tortdan və digər təamlarla dolu qutular məktəblərə və xəstəxanalara paylanmışdı.

Prins Uilyam və Keyt Middltonun toy tortu belə nəhəng olmasa da, gözəllikdə geri qalmırdı. 

Cütlüyün nikah mərasimi 2011-ci ildə keçirildi. Təamlar arasında 8 mərtəbəli, içində sukat və qoz-fındıq olan meyvəli tort vardı. 

Dekorasiyada istifadə olunan çiçəklərin seçimi təsadüfi deyildi – onlar Viktoriya dövrünün “çiçəklər dili”nə uyğun seçilmişdi. Belə ki, kral tortundakı qızılgüllər xoşbəxtliyi simvolizə edir. Palıd qozaları güc və dözümlülüyü, inciçiçəyi isə saf sevgini və uzunömürlülüyü ifadə edir. Bundan başqa, toy tortunun çiçək bəzəklərində Birləşmiş Krallığın simvolları da fəxri yer tutur – ingilis qızılgülü, nərgiz, şeytanqanqalı və suyoncası.

Üst hissədəki 3 mərtəbəni cütlük özü üçün saxladı, qalan hissə isə bərabər paylarla qonaqlara verildi. Şirniyyatı hazırlayan şirkət hələ şahzadə Uilyamın valideynlərinin toyunda özünü tanıtmışdı. Tort tikəsi və hərracla bağlı hadisə təkrarlandı: qonaqlardan biri bundan qazanc əldə etmək qərarına gəldi və lotu təqdim edərkən üzərinə kraliçanın gerbi ilə bəzədilmiş kağızda çap olunmuş dəvətnaməni əlavə etdi.

Norveç: Hokon və Mette-Marit

2001-ci ildə Norveçin vəliəhdi Hokon və Mette-Marit üçün hazırlanan toy tortu 140 kiloqram idi, təxminən 2,7 metr hündürlüyündə və 7 mərtəbəli idi. Əsas bəzəklər qeyri-adi tarixi-vətənpərvərlik üslubunda idi. Şirin təamın mərtəbələrində vikinq gəmisi fəxri yer tuturdu. Biskvit roma hopdurulmuş, çoxlu kişmişlə doldurulmuşdu. Tortu gənclər özləri kəsdilər. 

VI Corc və Yelizabet Bouz-Layon

O zaman York hersoqu olan şahzadə Albertin və Yelizabet Bouz-Layonun (II Yelizabetin valideynləri) 26 aprel 1923-cü ildə olan toyundan əvvəl tort 1923-cü ildə Redinq şəhərində nümayiş etdirildi. Onu görmək üçün küçələrdə uzun növbələr yarandı. Tortun hündürlüyü təxminən 10 fut (3 metr) idi.

Vəliəhd Pavel və şahzadə Mariya-Şantal

Hazırda yunan kral xanədanının rəisi olan (Yunanıstanda monarxiya ləğv edilib) şahzadə 

Pavel və Mariya-Şantal 1 iyul 1995-ci ildə baş tutan toylarında qonaqlara əsas torta əlavə olaraq 300 kiçik tort təqdim etmişdilər — hər masa üçün bir ədəd. Əsas tort isə 8 mərtəbəli idi və dizaynı Kral kolleksiyasındakı Çin rəsmlərindən ilhamlanan konditer Kollet Piters hazırlamışdı.

Monako şahzadəsi Renye və Qreys Kelli

19 aprel 1956-cı ildə Qreys Kelli ilə Monako şahzadəsi III Renyenin toyu zamanı gətirilən 6 mərtəbəli möhtəşəm tort həqiqətən krallara layiq idi. Onu Monte-Karlodakı məşhur “Hotel de Paris”in konditerləri hazırlamışdı.

Ən yuxarıdakı iki mərtəbə içində canlı göyərçinlərin olduğu kiçik “qəfəs” formasında idi – cütlük tortu Renyenin qılıncı ilə kəsəndə göyərçinlər azadlığa buraxıldı. Həmçinin tortun zirvəsində cütlüyün miniatür fiqurları vardı ki, “Ave Maria” və Mendelsonun toy marşını sədaları altında fırlanırdılar.

Monako knyazı II Alber və knyaginya Şarlenin toy tortu “bolluq buynuzu”, çiçəklər və ulduzlarla bəzədilmişdi.

İordaniya şahzadəsi Zəmzə ibn Hüseyn və həyat yoldaşı şahzadə Nur toy tortunu qılıncla kəsdilər.

Görünür, bu, kral ailələrinin nümayəndələri arasında dəbdir, çünki iordaniyalı şahzadə Raşid bin Əl-Hassan və adaxlısı şahzadə Zeyna da öz çoxmərtəbəli şedevrlərini qılınc ilə kəsmişdi.

Belə bir tort isə İsveç taxtının varisi, kronprinsessa Viktoriya və onun əri, Vestergötland hersoqu, şahzadə Danielin toyunda olmuşdu.

19 iyun 2010-cu ildə baş tutan toyda İsveç Çörəkçilər və Konditerlər Assosiasiyası cütlüyə rəsmi toy tortu hədiyyə etdi. Çəkisi 300 kiloqram olan bu tort 11 mərtəbəli şəlalə formasında idi və hər mərtəbə yonca şəklində hazırlanmışdı.

Şahzadə Endryu və Sara Ferqussonun tortu

23 iyul 1986-cı ildə evlənən şahzadə Endryu və hersoginya Ferqussonun toyunda qonaqların bəxti gətirdi, çünki onları romla isladılmış, marsipanlı torta qonaq etdilər. Hərbi Dəniz Qüvvələrinin “HMS Raleigh”  Kulinariya məktəbinin hazırladığı beş fut hündürlükdə tort 15 müxtəlif inqrediyentdən, o cümlədən rom, portveyn, brendi və sairdən ibarət idi. Biskvit o qədər böyük idi ki, 2000 porsiyaya bəs etmişdi. 

Şahzadə Eduard və Sofi-Consun tortu

Şahzadə Edvard və onun nişanlısı ingilis ənənəsinə — toy tortunun mütləq meyvəli olmasına — məhəl qoymayaraq, 19 iyun 1999-cu ildə keçirilən toyları üçün yüksək kalorili, yeddiqatlı şokolad tortu sifariş etdilər. Tortun üstü cütlüyün ilk dəfə tanış olduğu xeyriyyə fonduna işarə olaraq tennis raketkaları ilə bəzədilmişdi. Bu 10 futluq (təxminən 3 metrlik) şah əsərin hazırlanmasına şirniyyatçı Linda Flipp və əməkdaşları 515 saat vaxt sərf etdilər. Ənənələri pozmaqda israrlı olan cütlük  tortu təntənəli şam yeməyi başlamazdan əvvəl kəsdilər.

İsveç şahzadəsi Karl Filip və onun həyat yoldaşı, Vermland hersoginyası Sofiyanın toy tortuna da bir nəzər salın.

İordaniya şahzadəsi (indi kral) II Abdullah və şahzadə (indi kraliça) Raniyə 10 iyun 1993-cü ildə keçirilən toylarında tortu birlikdə kəsdilər.

Məşhurların toy tortları

Bəzi məşhurların toy tortları elə bir sənət əsərinə çevrilir ki, onların hazırlanması bütöv bir kulinariya hadisəsinə dönür. Ona görə də hər yeni “ulduz” cütlüyünün toy mərasimi dünyanın hər yerində milyonlarla insanın diqqətini cəlb edir. Bir çox şirniyyatçılar bu tortların bəzəklərini və tərkibini nümunə kimi götürərək, adi cütlüklərin toyları üçün oxşar variantlar təklif edirlər. Axı toy tortu istənilən mərasimin gözəl kulminasiyasıdır.

Ketrin Zeta-Cons və Maykl Duqlas

Hollivud ulduzları Ketrin Zeta-Cons və Maykl Duqlas “ideal cütlük” hesab olunurlar. 2000-ci ilin noyabrında keçirilən toyları üçün şirniyyatçılar 120 sm-dən hündür, beşqatlı tort hazırladılar. Bu şah əsərin müəllifi dünyanın ən bahalı və məşhur şirniyyatçıları arasında ilk beşliyə daxil olan Silviya Veynstok idi. Tortun bəzədilməsi üçün şəkər qlazurundan yüzlərlə çiçək hazırlanmışdı. Bu möhtəşəm desertin qiyməti 7 min funt sterlinq (10 min dollar) idi.

Tom Kruz və Keti Holms

Tom Kruz və Keti Holms 18 noyabr 2006-cı ildə ailə həyatı qurduqları gün qonaqlara qeyri-adi gözəllikdə tort təqdim etdilər. Möhtəşəm beşqatlı möcüzə ağ şokoladdan və qızılgül şəkilli marsipandan hazırlanmışdı. Şirin qabığın altında isə zərif muss gizlənirdi. Qonaqlar həmin şirniyyat incisinin dadına heyran qaldılar. Ekspertlər bu tortu toy mərasiminin “nağıla çevrilməsinin” əsas səbəblərindən biri adlandırdılar.

Toni Parker və Yeva Lonqoriya

07.07.2007-ci ildə keçirilən toyda Eva Lonqoriya və Toni Parker hamını al-qırmızı rəngdə, beşqatlı vanilli tortla təəccübləndirdilər. Tortun qatları al-qırmızı güllərlə örtülmüşdü. Doyğun al qırmızı rəng baxışları özünə çəkir, Yevanın rəfiqələrinin geyimlərinin rəngi və gəlinin ağ orxideya və qırmızı zanbaqlardan ibarət buketi ilə səsləşirdi. Desertin üstü klassik bəy-gəlin fiqurları ilə bəzədilmişdi. Məşhur Kaliforniya kulinarı Sem Goldfrey bu möcüzəni məharət və sevgi ilə hazırlamışdı. Bu qeyri-adi desertin qiyməti 40 min dollardan çox olmuşdu.

Donald Tramp və Melaniya Knaus

Model Melani Knaussun və dünyanın müxtəlif ölkələrində çoxsaylı daşınmaz əmlaka sahib olan ekstravaqant milyarder Donald Trampın məşhur toyu yalnız xərclənən pulların miqdarı ilə (hesab olunur ki, 2005-ci il üçün bu, dünyadakı ən bahalı toy idi) deyil, həm də 23 kiloqram çəkisi və bir yarım metr hündürlüyü olan dəbdəbəli tortu ilə təəccübləndirmişdi. Yeddiqat biskvitə Trampın sevimli içkisi – portağal-konyaklı likör hopdurulmuşdu. Tortun səthində şəkərli qlazurdan hazırlanmış minlərlə çiçək yerləşdirilmişdi. Bu əsərin ilhamvericisi və hazırlayıcısı məşhur konditer Sedrik Barbaret olub.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada