Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Ölümə meydan oxuyan, bərabərlik üçün savaşan, snayperlə vurulan rahib
Bu gün mütərəqqi dünya onu xatırlayır

15 yanvar 1929-cu il, ABŞ-da qaradərili əhalinin hüquqlarının müdafiəçisi Martin Lüter Kinq anadan olub. ABŞ-da hər il yanvarın üçüncü bazar ertəsi günü federal səviyyədə “Martin Lüter Kinq günü” qeyd olunur. Çox vaxt qısaca “MLK Day” deyilən həmin gün bu il yanvarın 19-na düşür.  

Afrikadan olan insanlar indiki Amerika Birləşmiş Ştatlarının ərazisində ilk dəfə 1619-cu ildə peyda oldular —kölə statusunda. Onlar bu vəziyyətdə ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun “Azadlıq haqqında Proklamasiya”nı imzaladığı 1862-ci ilə qədər qaldılar, cənubdakı quldar ştatlarda isə daha üç il — Konstitusiyanın 13-cü düzəlişi qəbul edilənədək.

Lakin köləliyin hüquqi cəhətdən ləğvi Amerika cəmiyyətində irqi ayrı-seçkiliyin sonu demək olmadı — seqreqasiya dövrü başladı. ABŞ-da qaradərili əhali ayrı məktəblərdə oxuyur, ayrı kafelərdə yemək yeyir, ictimai nəqliyyatda ayrı yerlərdə oturur, bəzi ştatlarda isə ümumiyyətlə səsvermə hüququndan məhrum idi. 1950-ci illərdə vəziyyət məhz belə idi: ayrı-seçkilik və seqreqasiya hökm sürürdü. O zaman ABŞ hələ cəmiyyəti köklü dəyişikliklərin gözlədiyini və hamının buna hazır olmadığını bilmirdi.

Azadlıq naminə yerimək

Hər şey 1955-ci il dekabrın 1-də Alabama ştatının Montqomeri şəhərində başladı. 42 yaşlı qaradərili qadın Rosa Parks univermaqda iş gününü başa vurub evə getmək üçün axşam saat 6-da avtobusa mindi. O, “rənglilər üçün ayrılmış bölmə”də yer tutdu — afroamerikalılara yalnız bu yerlərdə oturmağa icazə verilirdi. Üstəlik, şəhərdə qüvvədə olan qanunlara görə, əgər ön sıralarda ağdərili sərnişinlər üçün yer çatmırdısa, afroamerikalılar öz bölmələrindəki yerləri onlara verməli idilər.

Məhz belə də oldu: dolu avtobusa bir ağdərili sərnişin mindi və sürücü afroamerikalılardan yer boşaltmağı tələb etdi. Rosa Parks imtina etdi.

Qadın itaətsizliyə görə həbs olundu və 10 dollar cərimə edildi, üstəgəl 4 dollar məhkəmə xərci ödəməli oldu. Rosa Parksın məhkəməsi günü Montqomeridə avtobus boykotu başladı — şəhərin qaradərili əhalisi seqreqasiya siyasətinə etiraz olaraq ictimai nəqliyyatdan istifadə etmədi. Bu etiraz spontan deyildi: onu Edqar Deniel Niksonun rəhbərliyi altında yerli fəallar təşkil etmişdi və boykotun lideri kimi gənc baptist keşişi Martin Lüter Kinq seçilmişdi.

Orta təbəqədən olan təminatlı ailədən çıxmış 26 yaşlı Martin Lüter Kinq o vaxta qədər artıq irqi qərəzlə üzləşmiş, intihar cəhdi yaşamış, imanla bağlı şübhələrini aradan qaldırmış və dinc mübarizə fəlsəfəsinə gəlmişdi. O, 1954-cü ildə Montqomeridə kilsəyə pastor təyin edildi və şəhərdə yenicə tanınırdı. Məhz buna görə təşkilatçılar onu lider seçmişdilər — ən “qorxudulmamış” şəxs kimi.

Əvvəlcə boykotun yalnız Rosa Parksın məhkəməsi günü davam edəcəyi planlaşdırılırdı, lakin aksiya 381 gün — bir ildən çox sürdü. Bir çox afroamerikalı şəhər daxilində piyada hərəkət edir, bəziləri velosipedlərdən və minik heyvanlarından istifadə edir, avtomobil sahibləri piyada gedən tərəfdarlarını aparır, taksi sürücüləri isə qaradərili sərnişinləri təyinat nöqtəsinə avtobus tarifləri ilə daşıyırdılar.

Bu mərhələdə boykot təşkilatçıları seqreqasiyanın tam ləğvini tələb etmirdilər, onlar kompromis təklif edirdilər: yerlərin bölünməsi saxlanılsın, lakin qaradərili sərnişinlər ağdərililərə yer vermək məcburiyyətindən azad edilsin. Onlar ümid edirdilər ki, şəhər rəhbərliyi razılaşacaq.

Lakin hakimiyyət razılaşmadı: az ödəniş alan taksi sürücüləri cərimələnir, boykot liderlərini nüfuzdan salmağa çalışır, afroamerikalılar uydurma yol hərəkəti qayda pozuntularına görə saxlanılırdı.

“Ağ üstünlüyü” tərəfdarları da narazı idi və bu narazılıq radikal formalar alırdı. Məsələn, 1956-cı il yanvar 30-da naməlum şəxs Kinqin Montqomeridəki evinə avtomobillə  yaxınlaşıb, eyvana bomba atdı. Partlayış zamanı keşiş evdə deyildi, lakin onun həyat yoldaşı və yeddi aylıq qızı evdə idi — xoşbəxtlikdən zərər görmədilər. Hadisə yerinə toplaşan tərəfdarlarına Kinq belə dedi: “Mən istəyirəm ki, düşmənlərimizi sevəsiniz”. Bu hücum sonuncu olmadı — elə həmin il başqa bir naməlum şəxs Kinqin evinin yaxınlığında ov tüfəngi ilə atəş açdı, yenə də itki olmadı.

1950-ci illərdə Montqomeridə ictimai nəqliyyat sərnişinlərinin təxminən 70 faizi afroamerikalılar idi və onların itirilməsi nəqliyyat şirkətlərini böyük gəlirdən məhrum etdi. Buna baxmayaraq, cəmiyyətin mühafizəkar hissəsi müqavimət göstərməyə və dəyişikliklərdən imtinaya davam edirdi.

Həlledici məqam 1956-cı ildə baş verdi: Montqomeri federal məhkəməsi nəqliyyatda seqreqasiyanı Konstitusiyanın 14-cü düzəlişinin — bütün vətəndaşlara bərabər hüquq və bərabər müdafiə təmin edən maddənin — pozuntusu kimi tanıdı. Şəhər rəhbərliyi qərarı ABŞ Ali Məhkəməsində mübahisələndirməyə çalışdı, lakin ali instansiya aşağı məhkəmənin qərarını qüvvədə saxladı. 21 dekabrda avtobuslar bütün irqlər üçün ümumi məkan oldu.

Boykot başa çatdı, lakin mübarizə davam etdi. Şəhərdə inteqrasiyanın qatı əleyhdarları tapıldı və məhkəmə qərarından sonra bir sıra hücumlar baş verdi. Məsələn, gecə vaxtı avtobuslara açılan atəş nəticəsində hamilə bir afroamerikalı qadın yaralandı. 1957-ci ilin yanvarında isə radikallar dörd kilsəni və bərabər hüquqlar hərəkatının tanınmış liderlərinin evlərini partlatdılar (Kinqin evində yenidən bomba tapıldı — bu dəfə zərərsizləşdirildi). Hücumların məsuliyyətini Ku-kluks-klan — ağ irqin üstünlüyü tərəfdarı olan qrupun yeddi terrorçu üzvü daşıyırdı.

Oturaq etiraz aksiyaları və “Azadlıq reydləri”

1960-cı il fevralın 1-də Şimali Karolina ştatının Qrinsboro şəhərində dörd qaradərili tələbə “yalnız ağlar üçün” nəzərdə tutulmuş bir qəlyanaltı kafesində oturdular. Onlar özlərinə xidmət göstərilənə qədər getməkdən imtina etdilər. Heç bir aqressiya nümayiş etdirmədiklərindən hadisə yerinə gələn polis onlara qarşı hər hansı tədbir görə bilmədi. Maraqlıdır ki, bu işdə gənclərə ağdərili biznesmen Ralf Cons dəstək verdi və aksiya məhz onun sayəsində kütləvi informasiya vasitələrində geniş işıqlandırıldı. Tələbələr həmin gün kafe bağlanana qədər orada oturdular, ertəsi gün isə yerli kolleclərin digər tələbələri ilə birlikdə geri qayıtdılar.

Bu aksiya oturaq aksiyaların başlanğıcı oldu — iki ay ərzində onlar 13 ştatda 55 şəhəri əhatə etdi və qəlyanaltı kafelərindən kilsələrə, hotellərə, kitabxanalara, çimərliklərə və digər ictimai məkanlara yayıldı.

Bu vaxt bizim qəhrəmanımız Martin Lüter Kinq artıq Montqomeridən doğma Atlantaya köçmüş, orada atası ilə birlikdə baptist kilsəsinə rəhbərlik etməyə başlamışdı. Bu vəzifədə o, vaxtının demək olar ki, hamısını bərabər vətəndaş hüquqları uğrunda hərəkata və “Cənubi Xristian Rəhbərliyi Konfransı” (SCLC) adlı hüquq müdafiə təşkilatının fəaliyyətinə həsr etdi. O, “Azadlığa gedən yol” adlı kitabını buraxdı və daha bir sui-qəsd cəhdindən sağ çıxdı: psixi sağlamlığı pozulmuş qaradərili bir qadın dəftərxana bıçağı ilə onu sinəsindən yaraladı və Kinq təcili əməliyyat olunmalı oldu. 

Həyatını bərabərlik uğrunda mübarizəyə həsr etmiş Kinq oturaq etiraz aksiyalarını dəstəkləməyə bilməzdi — 1960-cı ilin oktyabrında o, Atlantada bir hipermarketin yemək zalında seqreqasiyaya qarşı keçirilən nümayişdə 33 tələbə ilə birlikdə həbs olundu.

Bütün ittihamlar götürülsə də, Kinq yenə də həbsxana fermasında islahedici işlərə məhkum edildi — bir neçə ay əvvəl yol hərəkəti qaydalarını pozduqdan sonra verilən sınaq müddətini pozduğuna görə. Onun azadlığa buraxılmasına isə nə az, nə çox,  Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Con Kennedi şəxsən kömək etdi. Məhz o, Kinqin taleyinə müdaxilə etdikdən səkkiz gün sonra seçkilərdə qalib gələrək ABŞ-ın 35-ci prezidenti oldu. 

Bir il ərzində baş verən genişmiqyaslı oturaq etirazlar ölkənin cənub ştatlarının 150 şəhərində ictimai iaşə müəssisələrində seqreqasiyanın ləğvinə gətirib çıxardı. Lakin bu, yetərli deyildi.

1961-ci ildə qaradərili əhalinin vətəndaş hüquqları uğrunda mübarizəsinin yeni forması meydana çıxdı — “Azadlıq reydləri”. Avtobuslarda seqreqasiyanı xatırlayırsınızmı? Montqomeridə baş verən hadisə ona tam son qoymamışdı: cənub ştatlarının bir çox şəhərində bu praktika qalmaqda davam edirdi — müxtəlif irqlər üçün ayrı dayanacaqlar vardı, bölünmə təkcə şəhərdaxili deyil, həm də şəhərlərarası nəqliyyata şamil olunurdu. Buna diqqət çəkmək üçün qaradərili və ağdərili fəallar Vaşinqtondan başlayaraq cənub ştatları boyunca reydə çıxır, qarışıq qrup halında birgə səyahət etməklə mövcud qaydalara meydan oxuyurdular.

Avtobus Atlantaya çatanda onu Martin Lüter Kinq qarşılayır. O, məsləhət görür ki, Alabamaya getməsinlər. Lakin ona qulaq asmırlar.

1961-ci il mayın 14-də fəallar Anniston şəhərinə gəlirlər və burada iki dəfə hücuma məruz qalırlar. Əvvəlcə Ku-kluks-klan liderinin başçılıq etdiyi 50 nəfərlik dəstə borular, dəyənəklər və zəncirlərdən istifadə edərək avtobusu darmadağın edir. Yerli polis tələsmir — hadisə yerinə hücum artıq qızışdığı vaxt gəlir və avtobusu təhlükəsiz yerə aparmaq əvəzinə şəhərin kənarında qoyur. Məhz burada ikinci insident baş verir: polis getdikdən sonra silahlı ağdərili radikalların başqa bir qrupu avtobusa hücum edir və onu yandırır — fəallar alovlanan nəqliyyatdan çətinliklə xilas olurlar.

“Azadlıq reydçiləri”nin ilk qrupuna növbəti hücum yenə Alabamada, Birmingemdə baş verir. Ku-kluks-klan üzvləri və onlara kömək edən polislər xüsusilə ağdərili sərnişinlərə — “ağ irqin xainlərinə” qarşı amansız davranırlar. Bundan sonra fəallar səyahəti dayandırmaq və birbaşa Yeni Orleandakı mitinqə yollanmaq qərarına gəlirlər. Lakin Alabamadan uçmaq belə onlara yalnız ikinci cəhddə nəsib olur — ilk dəfə təyyarə partlayış təhlükəsi səbəbindən təxliyə edilir.

Cənub ştatlarındakı zorakılıq, sanki, “azadlıq reydləri”nə son qoymalı idi — lakin belə olmadı. Yeni fəallar toplaşdı, yeni avtobuslar yola düşdü, yeni hücumlar baş verdi. Reydlər 1961-ci ilin bütün yayı boyunca davam etdi.

Nəticədə bu aksiya təkcə bəzi müəssisələrdə və nəqliyyatda seqreqasiyadan imtinaya gətirib çıxarmadı, həm də ölkənin cənubundakı bərabərsizliyə geniş ictimai diqqət çəkdi. Bərabər hüquqlar hərəkatının və şəxsən Martin Lüter Kinqin tərəfdarlarının sayı sürətlə artdı.

Olbani və Birmingem

1961-ci ilin dekabrında Martin Lüter Kinq Corciya ştatının Olbani şəhərinə qaradərililərin vətəndaş hüquqları uğrunda yerli hərəkatına dəstək vermək üçün gəlir — və ağır məğlubiyyətə uğrayır.

Kinqin təşkil etdiyi dinc etirazlar şəhər polis rəisinin seçdiyi kütləvi həbslər taktikasına tuş gəlir. Polis planlı hərəkət edir: saxlanılanları müxtəlif həbsxanalara göndərir, etirazçıların qüvvələrini parçalamağa və qarşılıqlı əlaqəni pozmağa çalışır. Dəyişiklik yoxdur, səbir tükənir — “zorakılıqsızlıq” tərəfdarlarını itirir.

Etirazçıların bir hissəsi radikal üsullara keçir, polis ilə birbaşa toqquşmalara girir ki, bu da hüquq-mühafizə orqanlarının əl-qolunu açır və daha çox həbslərə imkan yaradır. Olbani kampaniyası zamanı şəhərin qaradərili əhalisinin təxminən 5 faizi bu və ya digər şəkildə həbsxanaya düşür, Kinqin özü isə üç dəfə həbs olunur. Seqreqasiya qalır, yerli hakimiyyət sevinir.

Olbanidəki uğursuzluqdan sonra artıq tanıdığımız Birmingemdə (Alabama) ağır mübarizə başlayır. Martin Lüter Kinqi ora yerli bir pastor dəvət edir — o, hakimiyyətin, xüsusilə də polis rəisi, “Buğa” ləqəbli Teofil Yucin Konnorun özbaşınalığına qarşı mübarizədə kömək istəyir.

1963-cü ilin aprelində Birmingemdə ilk oturaq etirazlar keçirilir — ardınca həbslər başlayır. Daha sonra Kinq nümayiş təşkil edir və yüzlərlə tərəfdarı ilə birlikdə yenidən həbsxanaya düşür. Həbsdə olarkən o, məşhur “Birmingem həbsxanasından məktub”unu yazır — bu, Kinqə və onun metodlarına qarşı çıxan yerli ruhanilərin bəyanatına açıq cavab idi. Onlar bildirirdilər ki, istənilən ədalətsizliklə yalnız məhkəmə yolu ilə mübarizə aparmaq lazımdır, küçə aksiyaları isə qanunu pozur.

“Cavab ondadır ki, iki cür qanun var: ədalətli və ədalətsiz. Mən ədalətli qanunlara əməl olunmasının ilk tərəfdarı olaram. İnsan təkcə hüquqi deyil, həm də mənəvi məsuliyyət daşıyır — ədalətli qanunlara riayət etməyə görə. Əksinə, ədalətsiz qanunlara tabe olmamaq bizim əxlaqi borcumuzdur”, — deyə keşiş cavab verir.

Kinq səkkiz gün sonra girov müqabilində həbsdən buraxıldıqdan sonra yenidən nümayişlər təşkil edir və bu aksiyalara yeniyetmələr və tələbələr cəlb olunur. “Buğa” Konorun rəhbərliyi altında polis etirazçılara qarşı su şırnaqlarından istifadə edir, onların üzərinə itlər buraxır, nümayişi dağıtmaq üçün fiziki zor tətbiq edir. Növbəti günlərdə Amerika qəzetləri itlərin dişlədiyi və polis tərəfindən döyülən Birmingem uşaqlarının fotolarını dərc edirlər. Hadisəyə Ağ ev müdaxilə edir.

Prezident Kennedi vətəndaş hüquqları üzrə müşaviri Berk Marşalı Birmingemə göndərir və yalnız bundan sonra yerli hakimiyyət orqanları etirazçılarla danışıqlara razılaşır. 1963-cü il mayın 10-da “Birmingem atəşkəs sazişi” imzalanır, fəalların tələbləri təmin edilir. Seqreqasiya tərəfdarları bundan narazı qalırlar: radikallar Kinqin qaldığı motel yaxınlığında partlayış törədir, onun qardaşının evini partladırlar, dörd ay sonra isə şəhərin baptist kilsəsində partlayış baş verir — nəticədə dörd gənc qız həlak olur. Onların ölümündə iştirak edən iki Ku-kluks-klan üzvü yalnız 2001-ci ildə ömürlük həbs cəzasına məhkum ediləcək.

Vaşinqtona yürüş

Birmingemdə keçirilən nümayişlər ABŞ paytaxtında kütləvi aksiya təşkil olunması üçün güclü impuls oldu. Bundan əlavə, 1963-cü ilin yayında prezident Kennedi Konqresə irqi ayrı-seçkiliyə qarşı tədbirləri nəzərdə tutan qanun layihəsi göndərmişdi və cəmiyyət konqresmenlərə bu qanunun qəbulunun vacibliyini göstərməli idi.

1963-cü il avqustun 28-də ölkənin hər yerindən — qaradərili və ağdərili olmaqla — təxminən 250 min nəfər Vaşinqtonda toplaşdı. Aksiyanın təşkilində təkcə Martin Lüter Kinqin rəhbərlik etdiyi “Cənubi Xristian Rəhbərliyi Konfransı” iştirak etmirdi: həmkarlar ittifaqları, hüquq müdafiəçiləri və dini qruplar da ümumi işə qoşulmuşdu. Dövlət başçısı da aksiyanı şərti şəkildə dəstəklədi: Kennedi yürüşün zorakılığa çevrilməyəcəyi halda onu dəstəklədiyini bildirdi və tədbirin təhlükəsizliyinin təmin olunmasını şəxsən qardaşına, ölkənin baş prokuroru Robert Kennediyə tapşırdı.

Əvvəlcə yürüş iştirakçılarının Vaşinqtondan keçərək Kapitoliyə qədər getməsi planlaşdırılırdı, lakin konqresmenlərin özlərini “mühasirədə” hiss etməmələri üçün bu fikirdən imtina edildi. Bunun əvəzinə təşkilatçılar yürüşü Avraam Linkolnun abidəsi önündə başa çatdırmaq qərarına gəldilər — məhz orada Martin Lüter Kinqin məşhur “Mənim bir arzum var” adlı çıxışı səsləndi: “Mənim arzum var ki, ölkəmiz öz ideyasının əsl qayəsini anlayıb onun təzahürünə çevriləcək. Biz qəti əminik ki, ümumi bərabərlik ideyası heç bir sübut tələb etmir”.

Kinq çıxışında bir arzu haqqında danışırdı — insanların bərabər doğulduğu, onlara dərisinin rənginə görə deyil, əməllərinə görə qiymət verildiyi bir ölkə arzusu. O bildirirdi ki, hətta ən mühafizəkar cənub ştatları belə bir gün siyasətlərini dəyişəcək və orada da müxtəlif irqlərin nümayəndələri harmoniya içində yaşaya biləcəklər.

Yürüşün təsiri heyrətamiz oldu. 1964-cü ildə ABŞ Konqresi seqreqasiyanı və irqi ayrı-seçkiliyi qanunsuz elan edən vətəndaş hüquqları haqqında qanun qəbul etdi. 

1964-cü il oktyabrın 14-də Martin Lüter Kinqə Nobel Sülh Mükafatına layiq görülür — o zaman o, bu mükafatın ən gənc laureatı idi.

Vaşinqton yürüşündən sonra nə baş verdi

Kinq son böyük ictimai qələbəsini yenə bizə tanış olan Alabama ştatında qazandı. 1965-ci ildə ştatın qubernatoru Corc Uolles qaradərili vətəndaşları seçici kimi qeydiyyata almaqdan imtina etdi ki, bu da haqlı narazılığa səbəb oldu.

Kinq Alabamada marş təşkil etdi — Selma şəhərindən ştatın paytaxtı Montqomeriyə, lakin özü həmin vaxt Atlantada olduğundan yürüşdə şəxsən iştirak etmirdi. Onun yoxluğunda nümayişçilər Edmund Pettus körpüsündə ştat qoşunları ilə üz-üzə gəldilər və dağılmaq tələbinə tabe olmadılar. Bundan sonra körpüdə toplaşmış ağdərili tamaşaçıların alqışları altında əsgərlər nümayişçilərə dəyənəklərlə hücum etdilər, gözyaşardıcı qaz tətbiq etdilər. Yürüş iştirakçıları geri çəkilməyə başlayanda isə atlı polis onların ardınca düşərək fəalları döyməyə davam etdi. Amerika KİV-ləri bu hadisələri “qanlı bazar günü” adlandırdı.

Birinci yürüşdən sonra Kinq ikinci yürüşü təşkil etdi və bu dəfə kolonun önündə şəxsən özü dayandı. Hadisələr təkrarlandı: yenə Edmund Pettus körpüsündə nümayişçilər qoşunlarla üzləşdi, lakin qarşıdurma baş vermədi. Martin Lüter Kinq yürüşün davam etdirilməsində israr etmək əvəzinə tərəfdarlarını diz çökərək dua etməyə çağırdı, sonra isə gözlənilmədən yürüşü geri çevirdi. Bu qərar Kinqə bir çox gənc radikalların dəstəyini itirmək bahasına başa gəldi — onlar onu həddindən artıq ehtiyatlı olmaqda və hakimiyyətlə gizli razılaşmada günahlandırırdılar.

Hər halda, Alabamadakı hadisələr qaradərili əhalinin seçki hüquqları məsələsini Konqres səviyyəsinə çıxardı və elə həmin 1965-ci ildə parlament səsvermə zamanı irqi ayrı-seçkiliyi qadağan edən qanun qəbul etdi.

Bundan sonra Kinq diqqətini ölkənin şimalına yönəltdi. Orada vətəndaş hüquqları sahəsində vəziyyət nisbətən yaxşı olsa da, bu, iqtisadi diskriminasiyanın olmaması demək deyildi: afroamerikalılar gettolarda yaşayır, aşağı maaşlı işlərdə çalışır, gündəlik problemlərini həll etmək üçün bəzən qanunsuz üsullara əl atmalı olurdular.

“Qeyri-zorakı mübarizə” fəlsəfəsi şimal şəhərlərinin kasıb rayonlarında populyar deyildi. Gettoların çağırışına cavab vermək istəyən Kinq təşkilatının qərargahını Çikaqoya köçürdü və özü də ora yerləşdi. O, mənzil məsələsində ağlar və qaralar üçün bərabər hüquqlara nail oldu, lakin şimal onu qəbul etmədi: yerli gənc fəallar konfrontasiya və dərhal dəyişikliklər tələb edirdilər. Onlar üçün Kinq passiv və məsuliyyətsiz, başqa nəslin nümayəndəsi idi və “inqilab” lideri deyildi. Onun bütün addımları müqavimətlə qarşılaşırdı — təkcə irqçilər tərəfindən deyil, həm də hüquqları uğrunda mübarizə apardığı insanların bir hissəsi tərəfindən.

“Mən yürüşlərdən açıq-aşkar yorulmuşam. Mən həbsxanadan yorulmuşam”, —Kinq 1968-ci ildə etiraf edirdi.

Onun yolu sona yaxınlaşırdı. O, federal hakimiyyətdən işsizlik və yoxsulluq problemlərinin həllini tələb etmək üçün Vaşinqtona daha bir yürüş — “kasıbların yürüşü” — planlaşdırırdı. Lakin planları Tennessi ştatının Memfis şəhərinə səfər zamanı yarımçıq qaldı: Kinq orada tətil edən fəhlələri dəstəkləyirdi. 1968-ci il aprelin 3-də o, sanki gələcəyi xəbər verən sözlər dedi: “Mən vəd edilmiş torpağı gördüm. Ola bilsin ki, ora sizinlə birlikdə çata bilməyim. Amma bilin ki, biz bir xalq olaraq vəd edilmiş torpağa çatacağıq.”

Ertəsi gün, aprelin 4-də, yerli vaxtla 18:01-də Martin Lüter Kinq “Lorraine” motelinin eyvanında snayper gülləsi ilə ölümcül yaralandı. 1969-cu il martın 10-da ağdərili Ceyms Erl Rey qətldə təqsirini etiraf etdi və 99 il həbs cəzasına məhkum olundu. Lakin Reyin həqiqətən qatil olub-olmaması ilə bağlı şübhələr bu günə qədər səngiməyib.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada