Köhnə sürət, yeni qiymət…
İnternet paketlərin qiyməti qalxır, sürəti isə yerində sayır…
02 Sentyabr 2024
Ölkədə bütün sahələrdə qiymətlərin durmadan və sürətlə artdığı bir zamanda internet provayderləri də “heç kimdən geri qalmayaq” devizini rəhbər götürüblər. Lakin provayderlər “əmma” qoyaraq, bir qədər hiyləgər yol seçiblər...
“Aztelekom” GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırdığını elan edib. Yeni sürət tariflərində abunəçilər üçün seçim imkanı 100 Mbit/s-dən başlayır. İddiaya görə, hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir. Yəni, əvvəllər abunəçilər 10, 15, 18 manatlıq paketlərdən yararlanırdılarsa, yeni qiymət dəyişikliyində artıq seçim imkanı yoxdur. Bu tariflər isə insanların narazılığına səbəb olub.
“Aztelekom” və “Bakı Telefon Rabitəsi” internetin qiyməti ilə bağlı məlumatlara belə aydınlıq gətiriblər ki, aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksək sürətli internetə artan tələbatının qarşılanması və daha yüksək keyfiyyətli internet xidmətlərindən faydalanmasıdır: “Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır”.
İlk baxışdan hər şey gözəldir. Milli provayderlərimiz internetin sürəti baxımından beynəlxalq reytinqlərdə quyruqda sürünən ölkəmizi “pis siyahıdan” çıxarmağa cəhd edir. Yuxarıda qeyd etdiyimiz “əmma” olmasa...
Mütəxəssislərin fikrincə, “Aztelekom”un faktiki texniki imkanları 100 Mbit internet qrafikini təmin etməyə yetmir. Ən yaxşı halda 15-16 Mbit-ə qədər internetlə təmin edə bilir. Həm də vətəndaşa seçim haqqı verilmir. Ən aşağı səviyyə 25 manat deyil, 10-15 manat ola bilər. Burada seçim, rəqabət imkanları, istehlakçıların seçmə sərbəstliyi olmalıdır. Hər kəs də öz büdcəsinə, iqtisadi qrafikinə uyğun, özünə lazım olan qədər internetə vəsait ödəməlidir. Böyük şirkətlər, banklar, təhsil, səhiyyə müəssisələri var ki, orada yüksək sürətli internetə ehtiyac var. Ancaq hər hansı fərdi mənzil, yaxud bir vətəndaş üçün bu qədər yüksək internetə də ehtiyac yoxdur. Olarsa, o zaman vətəndaş büdcəsinə uyğun olaraq daha keyfiyyətli internet üçün çox vəsait ödəyə bilər. Bir sözlə, aşağı kateqoriyalarda seçim olmalıdır. Seçim olmadığına görə bu, birbaşa istehlakçı hüquqlarının, bazarda rəqabət prinsiplərinin pozulmasıdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Pressklub.az-a açıqlamasında deyib ki, istehlakçıların beynəlxalq və yerli hüquqlarından biri onun seçim hüququdur:
“Təəssüf ki, bizdə bu barədə haqsızlıq olur. İstehlakçıların seçim hüququ pozulur. Azərbaycan hökuməti elə bir şərait yaratmalıdır ki, istehlakçıların seçim hüququ təmin olunsun. Kim hansı internetdən istifadə etmək istəyirsə, ona da qoşulsun. Çox təəssüf ki, burada hökmranlıq mövcuddur istehlakçılara təzyiqlər olur. Bu barədə mənə şikayətlər gəlir. Bu, istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Bununla bağlı AİB-ə yazılı şikayətlər daxil olarsa, biz insanların hüquqlarını qorumaq üçün lazımi addımları atarıq”.
Yuxarıda da qeyd etdiyimiz kimi, mütəxəssislər “Aztelekom”un faktiki 100 Mbit internet qrafikini təmin etməyə texniki imkanları olmadığını bildirilər. Elə abunəçilər də qiymət və “sürət” artımı olmasına baxmayaraq, yenə də əziyyət çəkdiklərindən gileylənirlər. Bəs bu problemlərin yaranma səbəbi nədir?
Pressklub.az-a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, adətən insanlar “qapıdan çölə çıxan kimi internet gedir” deyirlər.
Yəni, paketlərin dəyişməsindən sonra internetin keyfiyyəti azalıb: “Əslində modemin əhatəsindən kənara çıxmağın internetin keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu sadəcə modemin siqnallarının əhatəsi ilə əlaqəlidir”.
Ekspert deyib ki, paketin sürətinin qalxması ilə siqnalların fəaliyyətinin zəifləməsinin heç bir əlaqəsi olmasa da insanlar bundan əziyyət çəkirsə, siqnalgücləndirici qurğular, yəni akses pointlərdən istifadə edə bilərlər: “Hər bir halda provayderlər də xidmət etdiyi bölgələrdə öz qurğularını yaxşılaşdırmalıdır. Ola bilsin ki, əhalinin, ailə təsərrüfatının və bizneslərin sayına görə müəyyən qurğular tam hesablanmayıb və daha aşağı yüklə təmin olunub. Həmçinin, ədalətsiz yanaşma da istisna olunmur. Amma bunların hər biri texniki olaraq əsaslanmalıdır. Vətəndaşlar evlərində telefonu və ya kompüteri birbaşa gələn xəttə qoşaraq sürət testi ilə öz internet limitlərini ölçməlidir”.
İnternetin sürətindən şikayət edənlərdən biri də Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabandır. “Qiymətin bahalaşmasının internet xidmətinin keyfiyyətinə heç bir aidiyyatı yoxdur. KTV səhərdən işləmir. Yazırsan da cavab vermirlər. Zəng etməyin mənası da yoxdur”- deyə, o, paylaşımında bildirib.
Yeri gəlmişkən, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mətbuata açıqlamasında bildirib ki, deyilən arqumentlər məntiqsizdir və heç bir dataya söykənmir. Hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur.
Onun sözlərinə görə, sektorda istehlakçıların hüququnu qorumalı olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir: “O da müstəqil deyil. “Aztelekom” da nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) çəkinir, nə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən. Yenicə magistral (backbone) statusu qazanan “Aztelekom”-un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur”.
Osman Gündüz hesab edir ki, gərək müvafiq qurumlar monitorinq aparıb “Aztelekom”un elan etdiyi parametrlərə uyğun texnoloji imkanlarının olmasını müəyyən etsin: “Əminliklə deyirəm ki, “Aztelekom”da nəinki hər abunəçiyə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkanı yoxdur. Açıqlasın görək, “Aztelekom” hazırda nə qədər trafik alır və nə qədər satır? Müştərilərin sayı və tələbatı nə qədərdir ? Dövlət qurumu üçün bu məlumatlar açıq olmalıdır. Lakin “Aztelekom” bunu qapalı saxlayır”.
Günay Elşən