İsrail-İran müharibəsi – dezinformasiya və saxta xəbərlər Azərbaycan mediasında
06 Avqust 2025
Müəllif: Zümrüd Paşkin
İyun ayında İsrail və İran arasında baş verən 12 günlük müharibə Azərbaycan mediasının gündəmində dayanan əsas mövzulardan idi. Bu, həm də Azərbaycanın unikal geosiyasi mövqeyi – İranla sərhəd ölkə olması, eyni zamanda İsraillə sıx münasibətlər saxlaması – ilə əlaqəlidir. Münaqişənin davam etdiyi müddətdə Azərbaycanın media orqanları hərbi əməliyyatların aparıldığı qaynar nöqtələrdən birbaşa reportajlar verə bilmirdilər, onların orada müxbirləri yox idi. Odur ki, mediamız xəbərləri əsasən beynəlxalq və regional mənbələrə istinad edərək yayırdı. Lakin bəzi hallarda bu mənbələr bir tərəfin maraqlarını əks etdirir, siyasi məqsədlər güdərək, yanlış və ya yanıldıcı məlumatlar da yayırdılar. Nəticədə, təsdiqlənməmiş və dəqiq olmayan informasiya Azərbaycan mediası tərəfindən də paylaşılırdı.
Belə şəraitdə – sensasiyalı başlıqlardan tutmuş saxta videolar və fotolara qədər – yayılan məzmun jurnalistika ilə manipulyasiya arasındakı sərhədi pozurdu. Rəqəmsal mediada İran-İsrail münaqişəsi ilə bağlı dezinformasiyanın yayılması üçün sensasiya yaratmağa hesablanmış başlıqlar əsas vasitəyə çevrilmişdi. Həmin başlıqlar hadisələri həddindən artıq şişirdir, təhrif edir və emosional reaksiya yaratmaq, klik qazanmaq və ya siyasi narrativləri gücləndirmək məqsədi güdürdü. Belə məqalələrdə əsas taktika qlobal müharibə təhlükəsini qabardan və panika yaradan yanaşmaları,


təsdiqlənməmiş geosiyasi iddiaları və emosiyalarla manipulyasiya cəhdlərini önə çəkməkdən ibarətdir. Məsələn, hələ prosesin hansı istiqamətdə gedəcəyi müəyyən olmadığı şəraitdə kiminsə artıq “qələbə qazandığı”, kiminsə “məğlubiyyətlə üzləşdiyi” elan edilir. “Globalinfo” saytında dərc olunan bir məqalənin başlığı da bu qəbildəndir. Orada Azərbaycanın da müharibədə fəal rolu olduğunu düşünməyə əsas verən yanlış təsəvvür yaradılır: “SENSASİYA: İsrail-İran müharibəsi buna görə başladı – Azərbaycan detalı”.

Başqa bir nümunə isə “Türküstan” xəbər saytında yayımlanan başlığa aiddir: “İranı dəhşətə salacaq ssenari: ‘Qiyamət qopacaq’”. Bu tip başlıqların xəbərin məzmunu və hədəf auditoriyasının xüsusiyyətlərindən asılı olaraq, ciddi narahatlıq yaratma potensialı var.

“Far.az” xəbər saytının materialında isə guya İranın İsraildə yerləşən ABŞ səfirliyini bombaladığı iddia olunub. Lakin xəbərin orijinalını oxuyanda aydın olur ki, İranın buraxdığı raket Tel-Əvivdə ABŞ səfirliyinin yaxınlığına düşüb və vəziyyət saytın təqdim etdiyi kimi (“İranın buraxdığı raket Tel-Əvivdə yerləşən ABŞ səfirliyini vurub”) deyil.


Manipulyasiyaya uğradılmış, şişirdilmiş və sensasiyalı başlıqlarla yanaşı, Azərbaycan mediasında saxta xəbərlər də geniş yayılıb. Ən çox diqqət çəkən hallardan biri iyunun 15-də baş verib. Həmin gün bir neçə Azərbaycan media orqanı – o cümlədən dövlət televiziyası AzTV – sabiq İran Prezidenti Mahmud Əhmədinejadın qətlə yetirildiyini xəbər verib. Xəbər sosial şəbəkələrdə və onlayn platformalarda sürətlə paylaşılıb. Lakin bir neçə saat ərzində həm Əhmədinejadın ofisi, həm də İranın dövlət informasiya agentlikləri məlumatı təkzib ediblər, sabiq prezidentin sağ olduğunu bildiriblər. Bu nümunə bir daha sübut edir ki, böhran dövründə media orqanları çox vaxt etibarlılığı təsdiq etməyə vaxt itirmədən xəbər paylaşmağa tələsirlər. AzTV yanlış xəbəri sonradan öz sosial media səhifələrindən silsə də, ona istinad edən digər media orqanları bunu etməyiblər. Odur ki, bu cür saxta xəbərlər sonradan hətta istinad nöqtəsində təkzibini tapsalar belə, onların yaratdıqlarıı ciddi problemlər qalır.

Yəni dezinformasiyanın sürəti və yayım dairəsi əksər hallarda düzəlişin təsirindən daha çox olur. Bu isə xəbərlərin dəqiqliyinin yoxlanması prosesində çatışmazlıqlar və hətta dövlət mediasının da dezinformasiyadan qorunma məsələsində zəifliyi ilə bağlı ciddi suallar yaradır. Daha geniş mənada söhbət ümumilikdə media sektorundakı zəiflikdən – sensasiyaya can atmağın və birinci olmaq istəyinin dəqiqlik və məsuliyyəti üstələməyindən, hətta əvəz etməsindən gedir.
AzTV-nin digər bir süjetində İran mənbələrinə istinadən İranın bir israilli qadın pilotu əsir götürdüyü iddia olunub. Lakin İsrail Müdafiə Qüvvələri bu iddianı təkzib edib. Onlayn platformalarda geniş yayılan fotoda hərbi geyimdə bir qadın təyyarənin qarşısında dayanmış şəkildə təsvir olunub və onun guya İranın əsir götürdüyü israilli pilot olduğu iddia edilib. Lakin fakt yoxlayanlar təsdiqləyiblər ki, həmin qadın əslində Çili Hava Qüvvələrinin ilk qadın pilotudur, israilli deyil. İran isə “əsir alınan qadın pilot”la bağlı heç bir sübut və ya əlavə foto təqdim etməyib.


İran-İsrail müharibəsinin ən gərgin vaxtlarında sosial media platformalarında çox sayda saxta videolar da yayılıb. Bu videoların əksəriyyəti əvvəlki müharibə və ya fəlakətlərə aid kadrlar, yaxud kompüter qrafikası və süni intellektlə hazırlanmış görüntülər idi. Məsələn, APA İnformasiya Agentliyinin “Instagram” səhifəsində İranın Mossad binasına (İsrailin Kəşfiyyat xidməti) raket hücumu etməsi haqqında video yayımlanıb. Sözügedən paylaşımda İran mediasına istinad edilib.


Lakin videonun İsrailə hücumla heç bir əlaqəsi yoxdur. Bu görüntü iyunun 11-də Çinin Çuntsin şəhərində motosiklet dayanacağında baş verən böyük yanğın zamanı çəkilib, sadəcə hərbi hücumun nəticəsi kimi təqdim olunub.
“Qafqazinfo.az” xəbər saytının dərc etdiyi başqa bir videoda isə guya ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri göstərilirdi. İyunun 22-də ABŞ B-2 bombardmançıları ilə İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə zərbə endirmişdi. Lakin “Qafqazinfo”nun paylaşdığı, 10 dəqiqədən çox davam edən video materialda (FOX News-un reportajı) yalnız jurnalistlərin ABŞ və İran-İsrail qarşıdurması ilə bağlı müzakirəsi yer alır. Kadrlardakı konkret görüntülər İsrailin 20 iyun tarixində İsfahana endirdiyi hücuma aiddir və İsrail ordusunun rəsmi X səhifəsindən götürülmüşdür.
İsrailin İranı, xüsusilə Tehranı hədəf aldığı hücumlarından sonra beynəlxalq mediada iranlıların ölkəni tərk etməsi ilə bağlı xəbərlər yayılmışdı. Bu xəbərlərlə bərabər, sosial mediada dezinformasiya dalğası da başladı. Bəzi xəbər saytlarının (azvision, axar.az) “Telegram” kanallarında paylaşılan bir videoda guya Pakistana qaçan iranlıların göstərildiyi iddia olunurdu. Əslində isə həmin video üç il əvvələ aid idi və inanclı insanların (pakistanlıların) İrana səfərini əks etdirirdi. Bu hadisə hərbi gərginlik dövründə köhnə görüntülərin necə istifadə oluna biləcəyini nümayiş etdirir.

Hərbi eskalasiya zamanı sosial şəbəkələrdə və bəzi xəbər saytlarında süni intellektlə yaradılmış bir sıra saxta fotolar da yayılıb. Onlardan birində guya İran raketinə bağlanmış İsrail casusu göstərilib.

“Musavat.com” və digər bir neçə saytda dərc olunan bu foto fakt yoxlayan platformalar tərəfindən təkzib olunub. Fotonu diqqətlə incələyərkən aydın olur ki, bu, süni intellektlə hazırlanıb.
Dezinformasiya qlobal problem olsa da, aparıcı beynəlxalq media orqanları onunla mübarizə üçün müəyyən strategiyalar hazırlayıblar. Azərbaycan mediası həmin strategiyalardan istifadə edə bilər. Məsələn, BBC, Deutsche Welle, Reuters kimi media qurumlarının fakt yoxlayan komandaları var, çoxpilləli redaksiya nəzarət sistemi tətbiq olunur və səhvlərin şəffaf düzəlişi təcrübəsi mövcuddur.
Bu komandalar təsdiqləmə üçün şəkil axtarış sistemləri, geolokasiya vasitələri və metadata təhlilindən istifadə edirlər. Sosial mediada geniş yayılan hər hansı məzmunun doğruluğunu yoxlamaq üçün açıq mənbələrin öyrənilməsi və araşdırılması da geniş tətbiq olunan təcrübədir.
Azərbaycan mediası da oxşar redaksiya standartları və fakt yoxlama prosesləri tətbiq etməklə dezinformasiyalara və saxta xəbərlərə qarşı daha dayanıqlı ola, bununla da özünə ictimai etimadı gücləndirə bilər.