Logo
news content
User
Kateqoriyalar

Xəbər

Prezident: "Kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir"

Mayın 25-də prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatına həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı inkişafa aid edilən bir sıra məsələlərdən danışdıqdan sonra deyib: "Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir".

"Yeni Dövlət Proqramı hazırlansın"

Əliyevin vurğulamasına görə, bir müddət əvvəl Prezident Administrasiyasına və hökumətə kənd təsərrüfatının inkişafına dair yeni, hərtərəfli və əhatəli Dövlət Proqramının hazırlanıb qəbul edilməsi ilə bağlı göstəriş verilib: "Bu proqram həm dövlət investisiyalarını, həm də özəl sektor tərəfindən cəlb olunacaq investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbulu və icrası ilə bağlı olacaq".

Dövlət başçısının qeyd etməsinə görə, elə bir şərait yaradılmalıdır ki, kəndlərdən şəhərlərə yox, əksinə, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın: "Bunun üçün də, əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır".

"Buğda təminatı 55 faizdir, yerində sayırıq"

Müşavirədə kənd təsərrüfatının ayrı-ayrı sahələrinə toxunan Əliyev buğda istehsalındakı vəziyyəti tənqid edib: "Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz yerində sayırıq. Neçə ildir ki, buğda istehsalı bu səviyyədədir, baxmayaraq ki, çox böyük təkan verilmiş, bir çox aqroparklar yaradılmışdır".

Dövlət başçısı əlavə edib ki, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə sahəsində vəziyyət müsbətdir. Heyvandarlıq sahəsinə aid rəqəmləri sadalayan prezident daxili istehsal və idxal balansını belə açıqlayıb: "Mal əti: özümüzü 84 faiz təmin edirik, 30 min ton idxal edilir, 150 min ton daxili istehsaldır. Quş əti: 82 faiz, 147 min ton istehsal, 32 min ton idxal. Qoyun-keçi əti: 94 faiz, istehsal 88 min ton, idxal 5 min ton".

Əliyev ət, süd və quş əti məhsulları üzrə daxili təminatın 100 faizə çatdırılmasının vacibliyini vurğulayıb.

Xatırlatma

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 717.6 milyon manat təşkil edib. Bunun 1 milyard 616.3 milyon manatı heyvandarlıq, 101.3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. 2025-ci ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1.1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0.9 faiz, bitkiçilik məhsulları istehsalı isə 5.5 faiz artıb.

Amma DSK-nın hesabatlarından görünür ki, son illər Azərbaycanda mal-qaranın sayı azalıb. Ekspertlər bunu ölkədə pambıqçılığın inkişafı məqsədilə bir sıra qoyunçuluq təsərrüfatlarına icarəyə verilmiş torpaqların geri alınması və örüş sahələrinin azaldılması ilə izah edirlər.

Üstəlik, müstəqil ekspertlər xatırladırlar ki, 2004-cü ildən bəri regionların inkişafına dair dörd dövlət proqramı icra edilib və həmin layihələrə milyardlarla manat vəsait xərclənib. Ekspertlərin fikrincə, əgər həmin vəsaitlərdən səmərəli istifadə olunsaydı, regionlardan paytaxta daxili miqrasiya axını davam etməzdi.

Ekspertlərə görə, regionlara ayrılan pulların təyinatı üzrə xərclənməsinə dair ciddi şübhələr var və bu məsələlər obyektiv şəkildə araşdırılmalıdır.

Müşavirə zamanı aqrar sektorun 2025-ci ildə ÜDM-dəki payının 5,9 faiz olduğu bildirilib. İqtisadçılar ölkədə məşğul əhalinin böyük bir hissəsinin məhz kənd təsərrüfatında çalışdığının açıqlandığını əsas gətirərək, bu göstəricinin real potensialdan çox aşağı olduğunu qeyd edirlər.