COP29 təhlükəsi: meymunçiçəyi Azərbaycana gələ bilərmi?
Meymunçiçəyi nədir, necə yayılır? COP29 zamanı Azərbaycan hansı tədbirləri görməlidir?
27 Avqust 2024
Son aylarda bu virusun dünyada yenidən yayıldığı barədə statistika açıqlanır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi mətbuata açıqlamasında bildirib ki, əsas narahatlıq xəstəliyin sürətlə yayılması ilə bağlıdır: "Hələ ki qapanmalara ehtiyac yoxdur. Amma meymunçiçəyinin bütün dünyaya yayılmasını və pandemiyaya çevrilməsini istəmirik”.
Qeyd edək ki, ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus bəyan edib ki, bu il 16 mindən çox şəxs meymunçiçəyi (mpox) virusuna yoluxub, nəticədə 575 nəfər ölüb. Qlobal mpox epidemiyasının başladığı 2022-ci ildən bəri dünyada 100 mindən çox insan meymunçiçəyi xəstəliyinə yoluxub və bu rəqəm artmaqda davam edir: “Virus bütün dünyada aşağı səviyyədə yayılır, lakin Afrika regionu xəstəliyin görünməmiş böyüməsi və coğrafi genişlənməsi ilə üzləşib. Virusun ötürülməsi hazırda Konqo Demokratik Respublikasında (DRC) daha çoxdur. Belə ki, 2024-cü ildə yoluxma hallarının 90%-i bu ölkədə qeydə alınıb”.
Yoluxmaların artmasına baxmayaraq, Avropa İttifaqının (Aİ) Sağlamlıq Təhlükəsizliyi Komitəsi meymunçiçəyinə görə bölgədə fövqəladə vəziyyət elan etmək üçün heç bir səbəb görmür.
Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Stefan de Kersmaker Brüsseldə keçirdiyi brifinqdə deyib ki, məsələyə yanaşmaları elmi dəlillərə əsaslanır: “Avropa Komissiyası və Aİ-yə üzv dövlətlər vəziyyəti müzakirə etmək və sonrakı addımları necə əlaqələndirmək barədə düşünmək üçün bir araya gəliblər. Səhiyyə Təhlükəsizliyi Komitəsi razılaşıb ki, meymunçiçəyi hazırda Avropada fövqəladə hal hesab edilmir”.