Logo
news content
User
Kateqoriyalar

Xəbər

600 min getmişdi, 300 min qayıtmışdı – indi cəmi 18-i sağ qalıb

Mayın 9-da Azərbaycan və keçmiş SSRİ məkanında faşizm üzərində qələbənin 80 illiyi qeyd edilib. ABŞ və əksər Avropa ölkələrindən fərqli olaraq keçmiş SSRİ məkanında bu qələbə mayın 8-i yox, 9-da xatırlanır.

Hitler Almaniyasının hərbi rəhbərliyi 80 il öncə təslim olmaq haqqında saziş imzalayıb.

1939-cu ildə faşist Almaniyasının Polşanı işğal etməsi ilə İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Bu müharibə 1945-ci il mayın 8-də başa çatıb. İkinci Dünya müharibəsi isə tam olaraq həmin ilin sentyabrında yekunlaşıb.

Müharibə nəticəsində 60 milyona yaxın insanın həlak olduğu bildirilir.

1941-1945-ci illərdə Azərbaycan SSR-in 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısının döyüşlərdə həlak olduğu açıqlanıb.

Müharibə illərində Azərbaycandan gedən 123 şəxs Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər, zabit müxtəlif orden və medallarla təltif edilib

Azərbaycan tarixçilərinin bildirdiklərinə görə, həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft göndərib, benzin və sürtgü yağlarına olan tələbatın 75-90 faizini ödəyib.

Mayın 9-u Azərbaycanda da Qələbə Günü kimi qeyd olunur və rəsmi iş günü deyil.

Son (aprel) rəsmi məlumatlara görə, Azərbaycanda 18 İkinci Dünya müharibəsi veteranı yaşayır.