Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Cəllada boyun əyməyən, arvadı ilə birgə həbs olunan, adını tarixə yazan “Qoca”
Soyqırımından sonra ilk dəfə onun dəfninə gəldi...

Almaniya Federativ Respublikasının ilk kansleri Konrad Adenauerin doğumundan 150 il ötdü. Adenauer Almaniyanın XX əsrin ikinci yarısında inkişaf istiqamətini müəyyənləşdirən, dağılmış ölkədə iqtisadi möcüzə yaradaraq çiçəklənməsinə nail olan xadim kimi yadda qalıb.  

Erkən illəri və ailəsi

Konrad Hermann Yozef Adenauer‎ 1876-cı ilin yanvarın 5-də Köln şəhərində anadan olub. O, şəhər məhkəməsinin katibi İohann Konrad Adenauer və dərin dindar katolik Helena Şarfenberqin ailəsində üçüncü oğul idi. Ailədə beş uşaq böyüyürdü: üç oğlan və iki qız. Böyük ailədə tərbiyə və məişət qayğılarının əsas yükü ananın üzərinə düşürdü ki, bu da XIX əsrin sonlarında Reyn vilayətinin katolik ailələri üçün səciyyəvi idi.

 

1885-ci ildə Adenauer Köln gimnaziyasına daxil oldu və təhsilini fərqlənmə ilə başa vurdu. Həmin dövrdə Almaniyada klassik orta təhsil sistemi sürətlə inkişaf edirdi; bu sistemdə latın və yunan dillərinə, eləcə də hüququn əsaslarına xüsusi diqqət yetirilirdi. Aldığı biliklər və formalaşan intizam gələcək hüquqi və siyasi karyerasının bünövrəsini qoydu.

Təhsili və karyerasının başlanğıcı

1894-cü ildə Adenauer Almaniyanın aparıcı ali məktəblərindən birinin, Bonn şəhərindəki Fridrix Vilhelm Universitetinin tələbəsi oldu. Bu universitetdə ənənəvi olaraq gələcək siyasi və inzibati elitanın nümayəndələri təhsil alırdı. O, çalışqanlığı və  məqsədyönlülüyü ilə seçilirdi: hüquq fakültəsinin beşillik kursunu cəmi iki ilə başa vurdu. Belə sürətli təhsil istisna hal sayılır və onu həmyaşıdlarından fərqləndirirdi. 

Universiteti bitirdikdən sonra Konrad ədliyyə üzrə kiçik müşavir rütbəsi aldı. Peşəkar fəaliyyətinin ilk addımlarını Köln prokurorluğunda atdı və məhkəmə iclasçısı vəzifəsində çalışdı. Ədliyyə orqanlarında iş ona hüququn tətbiqi təcrübəsi qazandırdı və şəhər administrasiyasında ilk əlaqələrini qurmağa imkan verdi ki, bu da sonradan siyasi təşəkkülündə mühüm rol oynadı.

1933-cü ilə qədər siyasi karyerası

1906–1933-cü illərdə Adenauer Almaniya imperiyası və Veymar Respublikası dövründə nüfuzlu katolik siyasi təşkilat olan Mərkəz Partiyasının üzvü idi. 1917-ci ildə Kölnün ober-burqomistri (mer) postunu tutdu və nasistlərin hakimiyyətə gəlişinədək bu vəzifədə qaldı. 1920–1932-ci illərdə torpaqların nümayəndələrini birləşdirən məşvərətçi orqana — Prussiya Dövlət Şurasına rəhbərlik etdi. Onun fəaliyyəti siyasətlə məhdudlaşmırdı: o, bir sıra səhmdar cəmiyyətlərin, o cümlədən enerji və kömür şirkətlərinin, həmçinin Alman Bankının müşahidə şuralarının üzvü idi. İnzibati və iqtisadi fəaliyyətin belə vəhdəti ona Veymar Almaniyasının siyasi dairələrində mövqelərini möhkəmləndirməyə imkan verdi.

Nasional-sosializmə dirəniş

Adenauer nasional-sosialistlərin 1933-cü  ildə hakimiyyətə gəlişini kəskin mənfi qarşıladı. O, 1933-cü il fevralın 17-də Kölnə səfər edən Adolf Hitleri qarşılamadı, öz yerinə müavinini göndərdi və şəhər küçələrində svastikalı bayraqların asılmasını qadağan etdi. Asılmış iki bayrağın endirilməsini əmr etməsi yeni hakimiyyətlə açıq qarşıdurmaya səbəb oldu. Artıq ay yarım sonra, aprelin 4-də Adenauer mer vəzifəsindən getməyə məcbur oldu və işsiz qaldı; sonradan yalnız dövlət pensiyası aldı. 1934-cü ildə o, rejimin əqidəli əleyhdarı kimi gestapo tərəfindən həbs edildi. Albert Şpeer Hitlerin onun əvvəlki fəaliyyətinə şəxsi hörmətindən bəhs etsə də, nasist siyasətində iştirak Adenauer üçün mümkünsüz idi. Sonrakı illərdə o, daimi təqib təhlükəsi altında yaşadı və ictimai həyatda iştirak etmədi. 1944-cü ildə Hitlərə uğursuz sui-qəsddən sonra həyat yoldaşı ilə birlikdə yenidən həbs olundu və yarım il istintaq altında saxlanıldı.

İkinci Dünya müharibəsindən sonra Adenauer Kölnün meri vəzifəsinə bərpa edildi, lakin artıq 1945-ci ilin dekabrında Britaniya işğal hakimiyyəti onu bu postdan uzaqlaşdırdı. Buna baxmayaraq, o, sürətlə siyasi həyata qayıtdı. 1946–1949-cu illərdə Şimali Reyn–Vestfaliya landtaqında Xristian-Demokrat İttifaqının (XDİ) fraksiyasına rəhbərlik etdi, 1948–1949-cu illərdə isə AFR-in Əsas Qanunu üzərində işləyən Parlament Şurasının prezidenti oldu. 1949-cu ilin sentyabrında Adenauer AFR-in ilk federal kansleri seçildi və 1963-cü ilin oktyabrınadək bu vəzifəni tutaraq XX əsrdə ölkə tarixində ən uzunmüddətli hökumət başçısı oldu.

Federal kansler

Müharibədən sonrakı ilk onilliklərdə Adenauer geniş xalq dəstəyinə malik idi və “Der Alte” (“Qoca”)ləqəbini qazanmışdı. Onun siyasəti sosial bazar iqtisadiyyatı konsepsiyasına əsaslanırdı — sosial sabitliyi təmin etməyə yönəlmiş dövlət nəzarəti ilə azad bazarın uzlaşdırılması. İkinci əsas prinsip AFR-in Avropaya inteqrasiyası və “yeni Avropada yeni Almaniya”nın qurulması idi. 1951–1955-ci illərdə Adenauer eyni zamanda xarici işlər naziri vəzifəsini icra edərək AFR-in Qərb müttəfiq strukturlarına — Avropa Kömür və Polad Birliyi, NATO və Avropa Şurasına — daxil olmasına töhfə verdi. Bu addımlar müharibədən sonrakı iqtisadi yüksəlişin təməlini qoydu və ölkənin beynəlxalq mövqelərini möhkəmləndirdi.

 Adenauer 1950–1966-cı illərdə Xristian-Demokrat İttifaqının (XDİ) ilk sədri olmuşdur. O, partiyanı katolikləri və protestantları, həmçinin müxtəlif sosial təbəqələrin nümayəndələrini birləşdirməli olan universal “xalq partiyası” kimi görürdü. Cəmiyyətin quruluşunun əsası kimi gördüyü xristian etikası onun proqramında mərkəzi yeri tuturdu. Adenauer siyasi və iqtisadi hakimiyyətin dövlətin əlində həddən artıq cəmləşməsinə qarşı çıxır, bunun fərdi azadlıqları məhdudlaşdırdığını düşünürdü. Proqramının həyata keçirilməsi aləti kimi o, XDİ/XSS (Xristian-Sosial İttifaq) alyansını yaratdı və onu ölkənin iqtisadi inkişafını təmin edən, sənaye maraqlarını qoruyan güclü siyasi bloka çevirdi.

Adenauerin ideoloji fəaliyyəti xristian demokratiyası çərçivəsinə sığırdı — bu istiqamət katolik sosial təliminin, personalizmin və subsidiarlıq prinsipinin ideyalarını birləşdirirdi. Bu yanaşmalar mühafizəkar dəyərləri dövlətin sosial məsuliyyəti ilə uzlaşdırmağa imkan verdi və AFR-in demokratik, sosial hüquqi dövlət modeli kimi formalaşmasını təmin etdi.

Beynəlxalq siyasət və Avropa kursu

Almaniya Federativ Respublikasının yaranmasından sonra Adenauer tarixi günah yükü və müttəfiqlərin məhdudiyyətləri altında olan ölkənin beynəlxalq mövqeyinin yaxşılaşdırılmasına diqqət yetirdi. Artıq 1949-cu ildə o, işğal rejiminin şərtlərini yumşaltmaq və qərarların qəbulunda daha böyük müstəqillik əldə etmək cəhdlərinə görə kansler postundan kənarlaşdırılmaq təhlükəsi ilə üzləşdi. O, əsas alət kimi iki supergüc — ABŞ və SSRİ arasındakı ziddiyyətlərdən istifadəni görürdü. Bu strategiya Qərbi Almaniyanın — ABŞ, Böyük Britaniya və Fransanın qərb işğal zonalarının — vahid dövlət qurumunda — Almaniya Federativ Respublikasında birləşdirilməsinə şərait yaratdı.

1950-ci ilin payızında Şərqi Almaniyanın (ADR) Nazirlər Şurasının sədri Otto Qrotevol kansleri alman xalqının taleyinə görə birgə məsuliyyətə çağırırdı. Adenauer əvvəlcə danışıqlar üçün şərtlər irəli sürsə də, tezliklə Şərqi Almaniya rəhbərliyi ilə təmasları dayandırdı. Dialoq əvəzinə o, AFR-in Qərbə inteqrasiyasına və eyni zamanda vətəndaşlarda nasist cinayətlərinə görə günah hissinin formalaşdırılmasına diqqət yetirdi. Onun siyasəti Almaniyanın Şərq və Qərb arasında balanslaşdırılmış mövqeyinin yaradılmasına yönəlmişdi ki, bu da ölkəni iki dünya müharibəsinə aparan fəlakətlərin təkrarlanmasının qarşısını almalı idi.

Əhəmiyyətli istiqamətlərdən biri Fransa ilə münasibətlərin möhkəmləndirilməsi oldu. Adenauer Fransa–Almaniya yaxınlaşmasını Avropanın dinc inkişafının təminatı və gələcək inteqrasiyanın əsası kimi qiymətləndirirdi. Onun imzaladığı 1954-cü il Paris sazişləri AFR-in Avropa siyasi strukturlarına daxil olmasını təmin etdi və onu federativ dövlət kimi müəyyənləşdirdi. Artıq 1955-ci ildə Qərbi Almaniya NATO-ya bərabərhüquqlu üzv kimi qəbul olundu və bu, ölkənin Qərb alyansları sistemindəki mövqeyini möhkəmləndirdi.

SSRİ ilə münasibətlər və “Adenauer amnistiyası”

Kanslerin Sovet İttifaqına münasibətdə siyasəti sərt idi. O, SSRİ-ni antixristian dövlət kimi dəyərləndirir və ona yalnız güc mövqeyindən qarşı durmağın mümkünlüyünə inanırdı. Bununla belə, 1955-ci ilin sentyabrında Adenauer Moskvaya səfər etdi və diplomatik münasibətlərin qurulması, eləcə də təxminən on min alman hərbi əsirinin azad edilməsi barədə razılıq əldə olundu. Bu hadisə “Adenauer amnistiyası” kimi tanındı və Aleksandr Soljenitsın tərəfindən “QULAQ arxipelaqı” kitabında xatırladıldı.

Sovet rəhbərliyi ilə danışıqların gizli tərəfləri də vardı. Məlumatlara görə, İosif Stalin daha əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə hərbi əsirlərin taleyinin həllini təklif etmişdi, lakin Adenauer bu məsələni humanitar deyil, siyasi problem kimi qiymətləndirirdi və əsirlərin SSRİ-də uzun müddət qalmasının AFR üçün faydalı olduğunu düşünürdü. Bu cür yanaşmalara baxmayaraq, məhz 1955-ci il səfəri diplomatik münasibətlərin normallaşmasına və əsgərlərin əhəmiyyətli hissəsinin vətənə qayıtmasına imkan verən dönüş nöqtəsi oldu.

Daxildə Adenauer sərt antikommunist siyasət yürüdürdü. 1957-ci ildə Federal Konstitusiya Məhkəməsi Almaniya Kommunist Partiyasının fəaliyyətini demokratik quruluşa təhlükə sayaraq qadağan etdi. Bununla belə, müasirlərinin xatirələrinə görə, kansler partiyanın liderlərindən biri Maks Reymana şəxsi simpatiya bəsləyir, lakin siyasi baxımdan tam əks mövqedə dayanırdı. Almaniyanın AFR və ADR-yə bölünməsini o, əlverişli alət hesab edirdi: bu, sosialist Şərqi Almaniya sistemi ilə müqayisədə Qərb inkişaf yolunun üstünlüklərini vətəndaşlara əyani şəkildə göstərməyə imkan verirdi.

Sosial bazar iqtisadiyyatı

AFR-in iqtisadi siyasətinin nəzəri əsasları Adenauer və onun silahdaşları tərəfindən 1949-cu ildə XDİ-nin Düsseldorf tezislərində ifadə olunmuşdu. Bu sənədlərdə klassik kapitalist sistemin özünü tükətdiyi və muzdlu işçilərin maraqlarını nəzərə alan yeni modellə əvəzlənməli olduğu vurğulanırdı. Əsas istiqamətlərdən biri “deproletarlaşma” idi — yəni zəhmətkeşlərin əmlak imkanlarının genişləndirilməsi: mənzil əlçatımlılığı, səhmdar kapitalda iştirak və sosial sığorta sistemi vasitəsilə. Konkret tədbirlər siyahısına dövlət mənzil tikintisi, “dinamik” pensiyaların tətbiqi, xəstəlik və uşaqlara görə sosial ödənişlərin artırılması daxil idi.

Banklara əmanət qoyuluşunu həvəsləndirmək məqsədilə əmanətçilərə vergi güzəştləri təqdim edir və mükafatlar ödəyirdi, bununla da əhalinin yığım sistemində iştirakını stimullaşdırırdı. “Xalq səhmləri” işçilərə güzəştli qiymətlərlə təklif olunurdu ki, bu da “Proyssaq”, “Volkswagen” və FEA konsernlərinin qismən özəlləşdirilməsinə imkan verirdi. Kursun mühüm hissəsindən biri də işçilərin əmək haqqının bir hissəsinin çalışdıqları müəssisələrin investisiya fondlarına yönəldilməsi idi.

İqtisadi möcüzə

Müharibədən sonrakı dağıntılar şəraitində Almaniya ABŞ-ın Marşall planı üzrə yardım aldı. Adenauer bu yardımdan sənayenin bərpası üçün istifadə edərək sosial bazar iqtisadiyyatı konsepsiyasının müəllifi olan professor Lüdviq Erhardı hökumətə dəvət etdi. Məhz onun rəhbərliyi altında sonradan tarixə “alman iqtisadi möcüzəsi” kimi düşən islahatlar həyata keçirildi.

Ümumi milli məhsul 1948-ci illə müqayisədə 1953-cü ildə 48 % artdı, işsizlik iqtisadi fəal əhalinin 6 faizinə endi, kənd təsərrüfatı istehsalı isə 20 % yüksəldi. Real əmək haqqı təxminən 1,5 dəfə artdı. Həmçinin Şərqi Prussiya, Sileziya və Sudetlərdən olan 12 milyon qaçqının iqtisadiyyata inteqrasiyası mümkün oldu. Azad qiymətlərin tətbiqi və ticarətin liberallaşdırılması sayəsində 1950-ci illərin ortalarında müharibədən əvvəlki rifah səviyyəsi əldə olundu.

Pensiya islahatı

1957-ci ilin yazında hökumət pensiyalar haqqında qanun qəbul etdi və onların məbləğini milli gəlirin səviyyəsindən asılı etdi. Sosial-demokratlar və həmkarlar ittifaqlarının təklif etdiyi yığım sistemindən fərqli olaraq, bu mexanizm iqtisadi artımla birlikdə ödənişlərin də artmasını təmin edirdi. 1957-ci il yanvarın 1-dən pensiyalar yenidən hesablandı və bu, yaşlı vətəndaşlara nəzərəçarpacaq artım gətirdi. Elə həmin ilin sentyabrında bundestaq seçkilərində XDİ/XSİ bloku səslərin və mandatların mütləq əksəriyyətini qazandı — AFR tarixində nadir hal. Erhard vitse-kansler oldu, hökumətə isə Aşağı Saksoniyada populyar olan Alman Partiyasının nümayəndələri də daxil edildi.

Holokostdan sonra yəhudi xalqı ilə münasibətlərin tənzimlənməsi Adenauer siyasətinin ayrıca istiqaməti idi. İsrail Maliyyə Nazirliyinin baş direktoru David Qoroviç və Ümumdünya Yəhudi Konqresinin sədri Naxum Qoldmanla danışıqlarda o, 1,5 milyard dollar məbləğində reparasiyaların ödənilməsinə razılaşdı. Bu məbləğ AFR-in Marşall planı üzrə aldığı bütün subsidiyaların yarısından çox idi. Ödənişlər təkcə maddi deyil, həm də simvolik əhəmiyyət daşıyırdı: bu, Almaniyaya beynəlxalq etimadı qaytarmalı və reputasiyasını bərpa etməli idi. İsrail dövlətinin qurucularından David Ben-Qurionun illər sonra, 1967-ci ildə Adenauerin dəfn mərasiminə gəlməsi bu addımın əhəmiyyətini göstərir.  

Şəxsi həyat

Konrad Adenauerin ilk həyat yoldaşı Köln şəhər elitasının nümayəndəsi Emma Veyer olub. Bu nikah onun karyera yüksəlişinə ciddi təsir göstərdi. Arvadının əlaqələri sayəsində Kölnün siyasi və ictimai dairələrində mövqelərini möhkəmləndirdi. Cütlüyün üç övladı — iki oğlu və bir qızı dünyaya gəldi. Lakin baş verən faciə ailə həyatını yarımçıq qoydu: Emma 36 yaşında ağır xəstəlikdən vəfat etdi.

 Onun ölümündən sonra Adenauer azyaşlı uşaqlarla dul qaldı, lakin bir neçə ildən sonra yenidən evləndi. İkinci həyat yoldaşı siyasətçidən iyirmi yaş kiçik olan Avqusta Zinser idi. Bu nikahdan daha beş uşaq doğuldu və Adenauer böyük ailənin atası oldu.

Kanslerin boyu 1,86 metr idi; bu, onu müasirləri arasında seçdirir və vücuduna xüsusi görkəmlilik verirdi. Ailə həyatına dair fotolar, o cümlədən qızı Şarlotta ilə çəkilmiş birgə şəkillər Adenauerin obrazını təkcə dövlət xadimi kimi deyil, həm də çoxuşaqlı ata kimi qoruyub saxlayıb.

Son illər

1963-cü ildə Konrad Adenauer yaşının çoxluğunu əsas gətirərək federal kansler vəzifəsindən könüllü şəkildə getdi. Onun istefası nüfuzunun zirvəsində olan və AFR-in həm iqtisadi yüksəlişinin, həm də siyasi quruluşunun memarı kimi tanınan siyasətçinin şüurlu gedişinin nadir nümunəsi idi. Vəzifədən gedərkən o, ölkə tarixində ən uzunmüddətli kansler idi: 1949-cu ildə 73 yaşında hökumətə rəhbərlik etməyə başladığı vaxtdan 14 il.

İstefadan sonra o, Xristian-Demokrat İttifaqında və ümumən Almaniya siyasətində təsirli fiqur olaraq qalırdı, lakin artıq ölkənin gündəlik idarəçiliyində fəal rol oynamırdı. Ömrünün son illərini Röndorfda yerləşən villasındа keçirdi və 19 aprel 1967-ci ildə, ömrünün 92-ci ilində orada vəfat etdi.

Müasirləri onu iradəli, enerjili və avtoritar rəhbərlik üslubuna meylli siyasətçi kimi xatırlayırdılar. Adenauer praqmatizmi dərin skeptisizmlə birləşdirirdi ki, bu da ona daxili və xarici siyasətdə sərt xətti qorumağa imkan verirdi. Onun “Qoca” obrazı Almaniya Federativ Respublikasının tarixinə bütöv bir dövrün simvolu kimi həkk olundu.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada