Yenə bahalaşır: hökumətdən daha bir dəyişiklik
Siqaret, spirtli içkilər və avtomobillərin rüsumları artırılacaq
03 Noyabr 2021
Azərbaycanda kommunal tariflərinin bahalaşmasından sonra rüsumların artırılması davam etdirilir. Bu dəfə bəzi malların aksiz dərəcələrinin yüksləldilməsi nəzərdə tutulur. Qarşıdakı günlərdə Milli Məclis Vergi Məcəlləsinə əlavə və dəyişiklikləri müzakirə edəcək.
Layihəyə əsasən, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq minik avtomobillərinə görə aksiz dərəcələri artırılır. Məsələn, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60 min 600 manat+mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 80 manat aksiz vergisi tətbiq etmək təklif olunur. Hazırda 53 min 600 manat+5000-dən artıq hər kubsantimetrə görə 70 manat aksiz ödənilir.
Bundan əlavə, içməli spirt, araq, likör və konyakın aksiz dərəcələri artırıla bilər. Layihəyə əsasən, bu məhsulların hər litrinə tətbiq olunan aksiz dərəcəsi 3.2 manatdan 4 manata yüksəldilir.
Siqaretə tətbiq olunan aksiz dərəcəsi də artırılır. Layihəyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 35 manat aksiz dərəcəsi 38.5 manata çatdırılır.
Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb. Orada qeyd edilib ki, təklif olunan dəyişikliklər nəticəsində büdcə gəlirlərində təxmini 65 milyon manat artım gözlənilir.
Bundan başqa, layihədə elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir. Həmçinin, istehsalı 3 ildən, mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı, satışının 2022-ci il yanvarın 1-dən 3 il ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, iki gün əvvəl İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 266 adda xidmətin rüsumları əhəmiyyətli dərəcədə artırılması ilə bağlı layihələr müzakirə olunaraq Milli Məclisin plenar sessiyasına təqdim olunub. Yaxın günlərdə parlamentdə “Dövlət rüsumu haqqında” qanun layihəsi və bir sıra başqa qanun layihələrinə dəyişikliklər müzakirə ediləcək.
İqtisad elmləri doktoru Nazim Bəydəmirli old.old.pressklub.az-a şərhində bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əslində normal yanaşmaq olar. "Bu, onunla izah olunacaq ki, mühərrik həcmi böyük olan avtomobilləri ölkəyə əsasən zəngin insanlar gətirir. Onların bu vəsaiti ödəməyə imkanları var. Amma mən bu yanaşmanı doğru saymıram. Çünki istənilən vergi tənzimlənməsi daxili istehsalın stimulaşdırılmasına gətirib çıxarmalıdır. Bu dəyişikliyin büdcə gəlirlərinin artırılması məqsədi ilə edildiyi qənaətindəyəm. Nəticədə bu avtomobillərdən ölkəyə az gətiriləcək və az istifadə olunacaq",-deyə iqtisadçı qeyd edib.
N. Bəydəmirli tütün məhsulları və spirtli içilərin aksizlərinin artırılmasına da normal yanaşdığını qeyd edib: "Yaxşı olardı, insan sağlamlığına zərərli vərdişlərdən hamı çəkinsin. Amma bunu təkcə vergiləri artırmaq yolu ilə həll etmək mümkün deyil. Nə siqarət çəkənlərin, nə də spirtli içənlərin sayı azalmayacaq. Hesab edirəm ki, təşviq, maarifləndirmə ilə insanları bu məhsulların istehlakından çəkindirmək lazımdır. Bu məhsullar bahalaşdıqca təbii ki, ailə büdcəsinə mənfi təsir göstərəcək. Bu məhsulların optimal qiymətləri müəyyən edilməlidir".
Elektrikli və hibrid avtomobillərin idxalı ilə bağlı özlənilən dəyişikliyə gəlincə iqtisadçı bunu gecikmiş addımlardan biri adlandırdı. Onun sözlərinə görə, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da bu avtomobillərin istifadəsini stimullaşdırmaq lazımdır: "Bu addım yetərli deyil, daha geniş qərarlara ehtiyac var. Hibrid avtomobillərin alınması üçün hökumət müxtəlif təşviqedici addımlar atmalıdır. Məsələn, Norveçdə belə avtomobil alanlara faizsiz kreditlər verilir. Bəzi ölkələrdə isə daxili yanma mühərriki ilə çalışan maşınları dövlət alır, onun əvəzinə elektriklə çalışan avtomobillər verir".
N. Bəydəmirlinin sözlərinə görə, Azərbaycanda vergi dərəcələri çox yüksək olmasa da, az da deyil. İqtisadçı hesab edir ki, atılan addımlar iqtisadi stimullaşdırmaya töhfə verməlidir:
"Bizim hökumətə tövsiyəmiz odur ki, fiskal siyasətlə bərabər, iqtisadi stimullaşdırmanı da gücləndirsin. O zaman vergi bazası genişlənir, ödəyicilərə də narahatlıq yaranmır. Bizdə Qərb ölkələrinin təcrübəsindən yararlanırlar, amma onu nəzərə almırlar ki, orada oliqarx-məmur sahibkarlığı yoxdur. Bizdə daha çox vergi ödəməli olan bizneslər məmur sahibkarlığına məxsusdur. Vergilərin bu sahələrə girişi demək olar ki, məhduddur. Qərbdə daha çox proqressiv şkala ilə əmlakdan vergi tutmaq effektli gəlir sayılır. Bizdə məmurlar müxtəlif mənbələrdən yaralanırlar, amma rüsum artımları onlara yox, hamıya təsir göstərir".
İqtisadçı Natiq Cəfərli isə old.old.pressklub.az-a bildirib ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışının 3 il müddətinə ƏDV-dən azad edilməsi yaxşı xəbərdir. Onun sözlərinə görə, bununla bərabər ölkəyə gətirilən elektriklə işləyən avtomobillərin vergisi ləğv edilmir, amma onların şarjı üçün istifadə olunan avadanlıqlar ƏDV-dən azad edilir: "İli 3 ildən köhnə, mühərrik həcmi 2000 sm3-dən yuxarı olan avtomobillərin aksiz vergisi kəskin artır, 7 ildən artıq olanlar isə fantastik olaraq artırılır. Bunun müsbət tərəfi odur ki, ekoloji cəhətdən problem yaradan mühərrik həcmi yüksək olan avtomobillərin ölkəyə gətrilməsi azalacaq, amma artıq ölkədə olan belə avtomobillərin ikinci əl bazarında qiymətləri kəskin artacaq".
Turqut