Logo
news content
User
Kateqoriyalar

Analitika

YAŞAT şəhid ailələrini və qaziləri layiqli yaşatmağı bacaracaqmı?

Dekabrın-8 də prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (YAŞAT Fondu) yaradılması haqqında" fərman imzalayıb. Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Press Klub”a şərhində bildirdi ki, hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi ilə bağlı dövlət dəstəyini, eləcə də təşviqedici dəstəyi nəzərdə tutan 20 proqram həyata  keçirilir:

“Eyni zamanda, müharibə əlilləri üçün 12 dövlət proqramı var ki, onların bir qismi birbaşa dəstək, bir qismi isə xüsusən pulsuz səhiyyə xidmətləri də daxil olmaqla, təşviqedici, dolayı stimullaşdırıcı tədbirlərdir. Bu baxımdan dövlət tərəfindən şəhid ailələri üzvlərinin, eləcə də müharibə əlillərinin sosial təminatının gücləndirilməsi prioritetdir və təbii ki, növbəti mərhələdə daha da prioritet olacaq. Ölkə prezidenti həmin vətəndaşlarımızın işlə təmin olunmasını da prioritet sosial vəzifə olaraq müəyyənləşdirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İkinci Qarabağ müharibəsində şəhid olanların ailə üzvlərinin, eləcə də müharibə əlillərinin beş yüz nəfərini artıq işlə təmin edib, onları sosial proqramlara cəlb edib”.

Deputatın sözlərinə görə, şəhid ailələrinin üzvlərinə, eləcə də müharibə əillərinə dəstəyin gücləndirilməsi üçün formalaşdırılan YAŞAT Fonduna yığılan vəsaitlər birbaşa müharibə iştirakçılarının, eləcə də şəhid ailələrinin sosial təminatının daha da gücləndirilməsinə imkan verəcək:

“Fond imkan verəcək ki, fərqli mənbələrdən vəsaitləri cəlb edib, onları humanitar, sosial istiqamətə yönəltmək mümkün olsun. Fondun vəsaitlərinin sərəncamçısının ASAN Xidmət olması da vəsaitlərin şəffaf xərclənməsinə şərait yaradacaq. ASAN Xidmət Azərbaycanda bir növ şəffaflıq modeli kimi qəbul edilir”.

İqtisadçı ekspert Samir Əliyev isə qeyd etdi ki, hər bir halda müharibədən zərər çəkmiş ailələrə dövlət tərəfindən birmənalı şəkildə qayğı göstərilməlidir:

“Dövlətin buna tam olaraq gücü çatmayacaq. Ona görə də, dövlət belə bir fond yaradır ki, əhali də dəstək göstərsin. Burada daha çox mənəvi məsələ öndə dayanır.  Bizim hamımızın şəhid ailələri, müharibə əlilləri və iştirakçıları qarşısında mənəvi borcumuz var, bunu təkcə dövlətin üzərinə atmaq da düzgün olmazdı. Əhali döyüş vaxtı orduya kifayət qədər dəstək verdi. Baxmayaraq ki, əhalinin özünün vəziyyəti elə də yaxşı deyildi, amma dəstəyini əsirgəmədi. Bu baxımdan belə bir fondun yaradılması imkan verəcək ki, istər xaricdə yaşayanlar tərəfindən, istərsə də ölkə əhalisi tərəfindən fonda müxtəlif mənbələrdən vəsait yığmaq mümkün olsun”.

İqtisadçı hesab edir ki, burada əsas məsələ fondun idarə edilməsini peşəkar səviyyədə qurmaq, şəffaflığı təmin etməkdir:

“Bunun üçün Müşahidə Şurası yaradılıb. Bu fond da digər fondlara bənzər şərtlərlə formalaşıb. Mütləq orada əhalinin tanıdığı adamlar olmalıdır. Düşünürəm ki, əgər şəffaflıqdan danışırıqsa, bu sahə üzrə insanlar olmalıdır. Amma mən həmin Müşahidə Şurasında qeyri-hökumət təşkilatlarından heç kimi görmədim. Yalnız bir nəfər - şəhid ailəsindən olan, QHT sektorunda işləyən Sevinc Hüseynova oradadır. O, daha çox şəhid ailəsinin nümayəndəsi qismində orada iştirak edir. İqtisadi yönümlü QHT nümayəndələrindən heç kim yoxdur. Heç olmasa, büdcə şəffaflığı və hesabatlılığı sahəsində çalışan bir nümayəndəni ora daxil etmək lazım idi. Təsəvvür edin ki, hesabat Müşahidə Şurasına təqdim edilir, amma Şurada bu sahə üzrə mütəxəssis yoxdur”.

Əliyevin fikrincə, Fondun hesabatları açıq olmalıdır. Bütün o xərclər, mənbələr (həm mədaxil, həm də məxaric üzrə) hər biri detalına qədər açıqlanmalıdır. İnsanlar bilməlidirlər ki, vəsaitlər o fonda daxil oldu və fond həmin vəsaiti hansı istiqamətə yönəltdi. Əgər şəffaflıq olacaqsa, qarşıya qoyulan məqsədə çatmaq mümkün olacaq. Mütləq kənar nəzarət təmin edilməlidir. Hər bir şəxs - vətəndaş cəmiyyəti, müstəqil ekspertlər, mətbuatın özü fondun fəaliyyəti barədə məlumata sahib olmalıdır. Məlumatlar onlar üçün əlçatan olmalıdır. QHT-lər monitoriq aparmalıdır. Yəni fond tərəfindən xərclənən vəsait nə dərəcədə öz təyinatı üzrə xərclənir, bütün bunlara ictimai nəzarət mütləq təmin edilməlidir. Əgər bu işlər düzgün qurulmayacaqsa, şəffaf hesabatlılıq sistemi olmayacaqsa, insanların şübhələri artacaq və həmin fonda vəsait yığmaq da çətinləşəcək”.

Ülviyyə Şahin