Logo
news content
User
Kateqoriyalar

Analitika

Üfüqdəki müqavilə: reallıq və illüziyalar - TƏHLİL
Sülh perspektivi ilə bağlı optimizm nədən qaynaqlanır?

Amerikanın dövlət katibi Antoni Blinken Vaşinqtondakı “Marriott Marquis” otelində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla bir yerdə keçirilən üçtərəfli görüşü açarkən tərəflərin “yekun razılığa gəlməyə çox yaxın olduqlarını” bəyan edib.

Blinken yekun razılaşma əldə edilməsinin vacibliyini qeyd edərək, bu razılaşmanı hər iki ölkə, onların yerləşdiyi region və ABŞ ilə əlaqələr üçün "davamlı, şərəfli və fövqəladə bir fürsət" olaraq xarakterizə edib.

"Birləşmiş Ştatlar Avropa İttifaqı və Avropadakı bir çox həmkarları ilə birlikdə bütün proses boyu yardım etməyə və dəstək olmağa çalışıb. Bu gün - əldə edilmiş irəliləyişləri qiymətləndirmək üçün fürsətdir" – o, deyib.

İnanıram ki, hər iki ölkə yekun razılaşma əldə etməyə çox yaxındır və ABŞ bunu ciddi şəkildə dəstəkləyəcək”, - Blinken əlavə edib.

"Bu səbəbdən də, mən yaranmış vəziyyəti yenidən nəzərdən keçirmək və ABŞ-ın sizin razılığa gəlməyinizə daha nə ilə kömək edə biləcəyini görmək imkanına görə minnətdaram" - dövlət katibi vurğulayıb.

Eyni zamanda, İrəvanda səfərdə olan USAİD rəhbəri Samanta Pauer bəyan edib ki, Ermənistan artıq Azərbaycanla sülh müqaviləsi bağlanması ərəfəsindədir. Ermənistanın paytaxtında mətbuat konfransında çıxış edən Pauer iki ölkə arasında onilliklər boyu gərginlik və vaxtaşırı zorakılıqla müşayiət olunan problemin yoluna qoyulması üçün aparılan danışıqlarda irəliləyişə diqqət çəkib.

"Ermənistan və Azərbaycan hökumətlərinin nümayəndələri barışığa yönəlmiş danışıqları davam etdirirlər", - Pauer bəyan edib. - “Birləşmiş Ştatlar Ermənistanın bu tarixi andan istifadə edə bilməsi üçün əlindən gələni edəcək”, - deyə, o əlavə edib. O, vurğulayıb ki, Vaşinqton sülh yolu ilə həll planına sadiqdir.

USAİD rəhbərinin açıqlaması diplomatik səylərin gücləndiyi, hər iki ölkənin 1990-cı illərin əvvəllərindən yaranmış problemləri həll etməyə çalışdığı bir vaxta təsadüf edir. İlk növbədə, Ermənistanın Azərbaycanın bir hissəsinə - Dağlıq Qarabağa iddiaları səbəbindən başlayan münaqişə ciddi itkilərlə nəticələnib və dərin düşmənçilik yaradıb.

Pauerin nikbinliyinə baxmayaraq, çox ciddi maneələr qalmaqdadır. Azərbaycan hökuməti daima istənilən sülh sazişinin ən mühüm ilkin şərtini irəli sürür: Ermənistan Konstitusiyasına düzəlişlər. Azərbaycan prezidenti İlham Əliyev və onun köməkçiləri dəfələrlə bildiriblər ki, Ermənistan konstitusiyasına yenidən baxılmadan, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə iddiaları əks etdirən Müstəqillik Aktına istinad edən bənd çıxarılmadan sülh müqaviləsi imzalanmayacaq.

Bu vəziyyət danışıqlarda maneəyə çevrilib və hər iki cəmiyyətə sirayət edən millətçilik hisslərini əks etdirir. Ermənistanın konstitusiyaya düzəliş etmək istəməməsi tarixi və emosional bağlardan qaynaqlanır. Bu da istənilən dəyişikliyi siyasi cəhətdən həssas və potensial olaraq sabitliyi pozan addıma çevirir.

Pauer öz çıxışında bu şərtə birbaşa toxunmayıb, əvəzində daha geniş formada barışıq mövzusuna və sülh sazişi potensialına diqqət yetirib. "Bu, tarixi bir məqamdır", - o, təkrar edib. USAİD rəhbəri güman edir ki, hazırkı diplomatik impuls münaqişə zəncirini qırmaq üçün nadir fürsət yaradır.

Birləşmiş Ştatlar uzun müddətdir Cənubi Qafqazda vasitəçi rolunu oynayır. O, strateji əhəmiyyət kəsb edən və geosiyasi rəqabətlə bol olan regionda sabitliyi təşviq etmək üçün öz təsir imkanlarından istifadə edir. Pauerin İrəvana səfəri və onun nikbin baxışı, çox ciddi çətinliklərin qalmasına baxmayaraq, Vaşinqtonun sülh prosesinin irəliləyişinə yönəlmiş səyləri bərpa etdiyini göstərir.

Beləliklə, Blinken və Pauerin sözlərinə görə, ABŞ uğurun yaxın olduğuna əmindir. Bəs, Bakı və İrəvan reallıqda bu yekun sənədin imzalanmasına nə dərəcədə yaxındırlar? Regionun özündə belə bir inam varmı?

Tanınmış xarici ekspertlər bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüblər.

Rusiyalı analitik, “Demokratik Seçim” partiyasının həmsədri, “Liberal Missiya” Fondunun (Moskva) idarə heyətinin üzvü Sergey Javoronkov qeyd edir ki, prioritet Vaşinqtonun həmişəki “bütün yaxşılar bütün pislərə qarşı” istəyi deyil, iki dövlətin - Ermənistan və Azərbaycanın arzusu olmalıdır.

Onlar status-kvonu qəbul edə və əl tutub görüşə bilərlər. Bu, daha yaxşı olardı. Qəbul etməyə də bilərlər və bunun üçün hər iki tərəfdən min cür bəhanə tapmaq olar. Amma belə olmasa, daha yaxşı olar.

Fikrimcə, Ermənistan Konstitusiyasına dəyişiklik etməyə ehtiyac yoxdur. Qarabağ problemi faktiki olaraq aradan qalxıb və sülh müqaviləsini burada və dərhal imzalamaq mümkündür”, - Javoronkov hesab edir.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze isə deyir ki, burada ən asan cavab “mənim bu barədə kifayət qədər məlumatım yoxdur, Pauer və Blinken daha yaxşı bilirlər” olardı.

O bildirir ki, bir şey tam aydındır - həqiqətən də Amerika administrasiyasına bu ilin payızına, yəni prezident seçkilərinə qədər Azərbaycan və Ermənistan arasında imzalanan sənəd lazımdır.

Əsas sual başqadır - sülh müqaviləsini imzalamaq üçün tələsməyə heç bir əsası olmayan və təbii ki, qonşu dövlətin gələcəkdə ərazi iddialarının qarşısını almaq üçün bir sıra məsələləri həll etməli olan Bakı nə tələb edəcək?

Bu, çox çətin, eyni zamanda çox maraqlı prosesdir. Məhz belə məqamlar xüsusi diplomatiya bacarığı tələb edir. Ona görə də, bu prosesi izləmək çox maraqlı olacaq”, - deyə politoloq bildirib.

 

Rauf Orucov