Logo
news content
User
Kateqoriyalar

Analitika

Torpaqları azad etdik, ətraf mühitimizi də təmizləyək!

2021-ci il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində polietilen torbaların və plastik məmulatların satışı və istifadəsi qadağan edilir. Bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılan və ikinci oxunuşda qəbul olunan "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan olunur.

Ekspertlərin dediyinə görə, ölkədə hər il adambaşına 24 kiloqram plastik tullantı yaranır. Orta hesabla dünyada dənizlərə və okeana ildə 3 milyon tondan çox plastik tullantı atılır. Təkcə son altmış ildə plastik qablaşdırmadan istifadə 1 faizdən 12 faizə qədər yüksəlib. Son illər isə 40 ölkədə bu məhsulların istifadəsi məhdudlaşdırılıb.  Bəs, Azərbaycanda bu proses necə həyata keçiriləcək?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hesab edir ki, bu sahədə ciddi marrifləndirmə işi aparılmalıdır:

“Əhali bilməlidir ki, bu, çox zərərlidir. Hətta sellofan torbaların üzərində koronavirus infeksiyası bir neçə gün qala bilir. Bu da indiki şəraitdə çox risklidir. Belə torbaların geniş istifadəsinin səbəbi odur ki, alternativlər bu günə qədər təklif olunmamışdı. Alternativ olaraq başqa ölkələrin təcrübəsindən yararlanmaq olar. Karton materialından olan torbalardan istifadə etmək mümkündür”.

E.Hüseynov əlavə etdi ki, polietilen torbalar orqanizm üçün zərərli olduğu kimi, təbiətə də ziyan vurur:

“Plastik torbaların torpaqda çürüməsi üçün 800 il vaxt lazımdır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Səyyarə Məmmədova bildirdi ki, ətraf mühitin mühafizəsində aidiyyəti qurumlarla yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar.

O qeyd etdi ki, birdəfəlik plastik qablar və 15 mikrona kimi olan polietilen torbalar təkrar emala yararsızdır:

“Təkrar emala yarasız olduğu üçün də ətraf mühiti çirkləndirərək böyük fəsadlara gətirib çıxarır. Yüngül çəkili olduqlarından su tutarları, kanalizasiya borularını çirkləndirir, torpaq qatında mikrohissəciklərə parçalanıb bitkilərə, kənd təsərrüfatı məhsullarına zərər vururlar. Plastik qablarda saxlanılan qidalar isə zəhərli maddələrlə qarışaraq orqanizmə ötürülür və bununla da insan sağlamlığına zərər vurur. Polietilen torbalara alternativ olaraq kağız, parça, həsir torbalardan istifadə etmək olar. Eyni zamanda, birdəfəlik plastik qabları da kağız, şüşə, metal alternativləri ilə əvəz edə bilərik. Bununla da ətraf mühiti və sağlamlığımızı qoruya bilərik. Burada eko-çanta dediyimiz parça torbalar, həsir çantalar və yaxud daha çox istifadə üçün nəzərdə tutulan torbalar da ola bilər”.

Ülviyyə Şahin