
Tofiq Yaqublunun həbsi kimin “sifarişi”dir?
06 Aprel 2020

İstər partiya lideri olsun, istər adi funksioner; iqtidar, ya müxalifət – mənimçün hər siyasətçinin arxasında bir insan gizlənir və mən həmişə ideoloji maskanın altında insan obrazının cizgilərini axtarmışam. Buna görə ən müxtəlif, bəzən bir-birinə düşmən cəbhələrdə dost-tanışım var. Eşitmişəm, bəzilərinin xoşuna gəlmir.
Ömrün “qara zolağı”
Tofiq Yaqublu Azərbaycan siyasi səhnəsində ən keşməkeşli həyat yaşamış insanlardan biridir. Mərd, amma bir az ötkəm, iti qələmli, amma bir az kəskin, sakit təbiətli, amma ekstremal şəraitlərdə qətiyyətli adamdır. Müharibə alovundan da keçib, cavanlığından vəzifə də görüb, jurnalistlik edib, böyük bir tarixə malik partiyada sədr müavini olub. Yaşı əllini ötəndən isə ömrünün “qara zolağı” başlayıb: 2012-cü ildən onunku heç gətirmir. Hamısını yada salmaq istəmirəm, ürək ağrıdan şeylər çoxdur. Təkcə deyim ki, bu müxalifətçi ailəsinin üç üzvü həbsxana həyatı yaşamalı olub. Avtomobil qəzaları isə onları qarabaqara izləyir. Əvvəl Tofiq Yaqublunun gənc qızı qəzaya görə həbs olunub, özü tutulanda məhkəmə yollarında qalmış həyat yoldaşı qəzada ağır xəsarət alıb, indi də növbəti “avtomobil əhvalatından” sonra Tofiq bəyi uzun müddətə azadlıqdan məhrum edilmə təhlükəsi gözləyir.
Sonuncu hadisəni həqiqətən qəzadan çox, “avtomobil əhvalatı” adlandırmaq olar. Niyəsini özünüz anlayacaq, qismən görə biləcəksiniz.
Beləliklə, koronavirusun evlərə yığdığı millətin əksəriyyəti kimi, Tofiq Yaqublu da martın ortalarından vaxtının əksər hissəsini Qaraçuxurdakı mənzilində, kompüterin arxasında, ya telefonda keçirirdi. İndi müxalifətçilər üçün Feysbuk real həyatdan geniş fəaliyyət meydanı açır, ona görə başı qarışıqdı. Amma Novruz bayramının üçüncü günü – martın 22-də günortadan sonra həvəssiz-həvəssiz evdən çıxmalı oldu. Səbəb çox prozaik, lakin ciddiydi – həyat yoldaşını bazara aparırdı.
Qorxulu virus, ucuzluğuna görə həmişə basabas olan 8-ci kilometr bazarının həndəvərində də “qayda” yaratmışdı. Əvvəllər burada maşın dürtməyə ara tapmaq müşkül məsələ idi. İndi isə bayram, özü də məhz bazar günü olmasına baxmayaraq, Tofiq bəy köhnə “Toyota”sını rahatca Naxçıvanski küçəsinin sağındakı boş yerlərdən birinə verdi. Təxminən 4-ə 20 dəqiqə işləmiş olardı. Maya xanımla onun qardaşı oğlu maşından düşdülər. Bazarlığa meyli olmayan Tofiq Yaqublu isə oturacaqda yerini rahlayıb, telefonunu götürdü...
Hadisələrin bura qədərki inkişafını mən Tofiq Yaqublunun həyat yoldaşı Maya xanımla onun qardaşı oğlunun sözlərinə əsasən təsvir edirəm. Zatən, başqa şahid də yoxdur. Amma sonrakı hadisələrin, daha doğrusu, onların ən mühüm hissəsinin tam obyektiv və qərəzsiz şahidi ortadadır: müşahidə kamerasının lent yazısı!
Qəzaya 5 dəqiqə qalmış...
Kamera göstərir ki, Tofiq Yaqublunun “Toyota”sından təxminən 50 metr geridə, haradasa saat 15.20-15.21 arasında (videoyazının əvvəlində “zaman sıçrayışları” var – A.A.) yolun eyni kənarında bir qara maşın saxlayır. 15.23-15.24 radələrində isə ondan 5 metr öndə ağ “Jiquli” peyda olur.
15.24.37. Qara maşın hərəkətə gəlir, “Jiquli”nin bərabərində lap yavaşıyır, azca qabaqda saxlayır. Arxadan gələn avtomobil onun böyründən sivişib keçir.
15.25.07. Ağ “Jiquli” də yola çıxır. On – on beş metr geridə isə başqa bir avtomobil ortaya çıxıb faktiki olaraq arxadan gələn maşınların qarşısını kəsir. İndi yol boşdur və qara maşınla “Jiquli” dal-qabaq aramla gedirlər. Hadisə yerinə çataçatda “Jiquli” sürəti bir az da azaldır.
15.25.30. Qara maşın “Jiquli”dən aralanır, düz keçir və videokameranın əhatə dairəsindən itir.
15.25.37. “Jiqulu” həmin yerə yetişmək məqamında sürətini bir qədər artırıb, açıq-aşkar sağa meyllənir, görmək olur ki, yolun kənarındakı maşınlara doğru sürür.
[embed]https://pk-web.s3.eu-central-1.amazonaws.com/media/video-1586095633.mp4[/embed]
Qəza anı videoyazıda yoxdur. Çünki kameranın əhatə dairəsi məhz “Jiquli”nin sağa meylləndiyi yerdə bitir. Orada isə Tofiq Yaqublunun “Toyota”sının dayandığını güman etmək olar: sağ cərgədə kameraya düşmüş sonuncu maşın bilavasitə onun arxasındakı avtomobilə oxşayır. Bunu qəzanın ilk dəqiqələrində telefonla çəkilmiş şəkildə də görmək mümkündür. Həm də sağa meyllənmiş “Jiquli” kadrdan itəndən bir neçə saniyə sonra adamlar qəzaya baxmağa yığışırlar.
Əhvalatın bu ana qədərki saniyəbəsaniyə təsvirini ikili yozmaq mümkün deyil. Doğrudur, bəzi suallar qalır: bir neçə maşının videoda sinxron görünən hərəkətləri arasında bağlılıq varmı? Qara maşınla “Jiquli”nin içindəki adamların həmin dəqiqələrdə telefon əlaqəsi olubmu? Bu sualların cavablarının hansı əhəmiyyət kəsb etdiyini başa düşmək üçün hakim, müstəntiq olmaq lazım deyil. Amma əsas məsələ bunsuz da aydındır: “Jiquli”nin sürücüsü maşınını özü yolun kənarına doğru yönəldir.
Qəzadan sonra
Bəs sözün əsl mənasında oturduğu yerdə işə düşmüş Tofiq Yaqublunun həbsi ilə nəticələnən insident necə yaranır? Onun həyat yoldaşı Maya xanım deyir:
- Yenicə bazara girmişdik, Tofiq zəng elədi ki, maşını vurdular, tez qayıdın. Gəldik ki, maşını vurublar, yanında da sarısaç bir qadın və bir kişi var. Qadın az qalır maşının şüşələrini qıra ki, Tofiqə xəsarət yetirsin. Tofiq isə qapını bağlayıb, icəridəcə oturub. Mən gələndə açdı, dedi, Maya, narahat olma, bu, təxribatdır.
Müxalifətçi həyatında çox təxribat görmüş Tofiq Yaqublu bu qənaətini həmin dəqiqələrdə Feysbukda dostları ilə də bolüşüb:
“15.32. Dostlar, ciddi təxribatla üzləşmişəm. 8-ci kilometr bazarında park halındakı maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır”.
“Jiquli”nin sürücüsü, Xırdalan sakini, beton zavodunun fəhləsi Elxan Cəbrayılov əhvalatı başqa cür nəql edir:
- Yoldaşımla getmişdik Razindən adyal almağa, qayıdanda bazar tərəfdən gəlirdik ki,.. Neftçilər tərəfə gedək. Bazara çatmamış ara var, orada bir “Qazel” dayanmışdı, mal boşaldırdı. Bir maşınlıq yol qalmışdı... Arxada da maşınlar dayanmışdı, probka (tıxac – A.A.) idi... Ora çatmamış, tanımadığım vətəndaş maşınla, əlində telefon, sola baxmamış gəldi, biz toqquşduq. Sonra vətəndaş maşını verdi “parkovkaya”. Mən də verdim qırağa ki, danışaq... Düşdük söhbət eləməyə, oturmuşdu maşında. Nəsə çıxmırdı,.. çıxmırdı... Yoldaşım da yanımda. Birdən açdı qapını, qayıtdı pis-pis söyüşlər söyməyə... O söydü, mən söydüm... Sonra hirsləndi, götürdü başıma vurdu yumruqla, mən gəldim üstünə şey eləməyə. Götürdü, bilmirəm, əlində nə var idi, “atvyorka” (vintaçan – A.A.) idi, buramı kəsdi (çiynini göstərir – A.A.)... Cızdı məni 3 dəfə. Mən də getdim üstünə... Yox, mən belə itirdim özümü (başını tutub əyilir – A.A.). Sonra başladı yoldaşım qışqırmağa onun üstünə, yoldaşımı itələdi. O getdi maşın tərəfə oturmağa, yoldaşım qoymadı. Qapını bağlayanda qolu qapının arasında qaldı. Sonra polis əməkdaşları gəldi, yoldaşım 102-yə zəng vurmuşdu. Apardılar bizi polisə. Orada da necə olub elə danışmışam... “Skoru” (təcili yardım – A.A.) gəlmişdi, baxdı mənə, yoldaşıma baxdı. Ekspert də gəldi, baxdı. Polisdən sonra məni yerləşdirdilər “bolnisaya” (xəstəxanaya – A.A.). Bir az başım ağrıyırdı, “davleniyam-zad” (təzyiqim – A.A.) da qalxmışdı... Yazdılar palataya. Sonra səhər-səhər gəldilər apardılar bölməyə ki, təzədən izahat eləməyə. Bölmədən apardılar “bolnisaya”. Axşama qədər qaldım. Heç halım yox idi, heç bilmirəm, nə diaqnoz idi. “Davleniyamı” yoxladılar, 180-ın 170-ə idi....
Elxan Cəbrayılovun Cəvahir adlı həyat yoldaşı əlavə edir:
- Bunlar dalaşanda mən araya girmişdim. Tofiq müəllim qapını bağlayıb... Dalaşdılar qurtardılar, bu da qapını bağlayanda əsəbi, stressli, həmən vaxt qapı dəydi qoluma. Bağlayanda. Mən deyirdim ki, çıxın, adam kimi danışın. Bunlar dalaşanda mən xəbər verdim polisə.
Nizami rayon polisi elə hadisə baş verən gün Müsavat Partiyasının keçmiş sədr müavini Tofiq Yaqubluya qarşı CM-nin 221.3-cü maddəsi ilə (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) iş açıb. Martın 23-də rayon məhkəməsi onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib. Qəribədir ki, məhkəmənin bu barədə qərarında biz hadisənin heç bir şahid ifadəsinə, video-fotomateriallara əsaslanmayan, hətta bəzi məqamlarda “zərərçəkənlər” qismində tanınmış ər-arvad Cəbrayılovların öz danışdıqlarından fərqlənən üçüncü versiyası ilə tanış oluruq. Buradan belə çıxır ki, Tofiq Yaqublu idarə etdiyi avtomobillə “yolun sağ tərəfində dayanmış vəziyyətdə sola yerdəyişmə edib, hərəkətə başlayarkən manevr qaydalarını pozub” və Elxan Cəbrayılovun maşını ilə toqquşub, sonra da avtomobildən düşərək səbəb olmadan “Jiquli”nin sürücüsünün üstünə hücum çəkib (“Jiquli”nin sürücüsü isə özünün “vətəndaşın” maşınına yaxınlaşdığını və xeyli müddət onun düşməyini gözlədiyini deyir: “çıxmırdı... çıxmırdı...” – A.A.). Bildirilir ki, Tofiq Yaqublu “hüquqazidd davranışı ilə küçədə digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə yaradıb” (??? – A.A.), “ictimai qaydanı kobud surətdə pozaraq Elxan Cəbrayılovun ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib”, “cəmiyyətə açıqca hörmətsizlik edib”, qəsdən Elxan Cəbrayılovun yumruqla başına və “əlindəki silah kimi istifadə olunan vintaçan alətlə sağ çiyin nayihəsinə çoxsaylı zərbələr vurub”, sürücüyə “fiziki ağrı və baş beyin silkələnməsi ilə (!!! – A.A.) müşayiət olunan” xəsarət yetirib, çiynini “sıyırıb”. Bunlar azmış kimi, onun “hüquqazidd hərəkətlərinin və ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Cəvahir Cəbrayılovanın da ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib”, qadını “qəsdən əli ilə itələyib”, avtomobilinin qabaq sol qapısını zərblə açaraq sağ qolundan vurmaqla sonuncuya xəsarət yetirib (“xəsarət alanlar” isə, əksinə, qadının qolunun Tofiq Yaqublu maşının qapısını bağlamaq istəyəndə zədələndiyini deyirlər – A.A.).
Yalanlar, yalanlar
Tofiq Yaqubluya qarşı ittihamlar şübhəli sübutlar, münaqişənin birbaşa iştirakçısı olmuş şəxslərin ifadələri və... yalanlar üzərində qurulub. İstintaqın əsaslandığı “ilkin sübutlar məcmusu” (jaket, vintaçan, “əzilmiş” və “cızılmış” bədən üzvləri) ekspertizanın rəyi açıqlananadək növbəsini gözləsin, biz isə heç bir əlavə araşdırmaya ehtiyacı qalmayan yalanlara diqqət yetirək.
- “Jiquli”nin sürücüsü hadisə yerinə necə gəlib çıxdığını və orada nəyi gözlədiyini məntiqi izah edə bilmir.
- “Zərərçəkən” hadisə yerini və şəraitini düzgün təsvir etmir.
- Tofiq Yaqubluya qarşı qaldırılmış cinayət işində “təqsirləndirilən şəxs”in günahını artırmaq üçün istintaq orqanı ittihama öz detallarını əlavə edir.
- Maşınların aldıqları zədələrin xarakteri cinayət işində təsvir olunan qəza şəraitinə uyğun gəlmir.
- “Gözəgörünməz” vintaçan
https://pk-web.s3.eu-central-1.amazonaws.com/media/10000000_898870493875264_2855106099024267903_n.mp4