Tələbə krediti: adı var, özü yox...
Ekspert: "Dünyada ən çətin qaydalar Azərbaycanda qoyulub"
26 Noyabr 2021
Noyabrın 25-də Təhsil Nazirliyində keçirilən brifinqdə təhsil tələbə kreditinin (TTK) verilməsi və geri qaytarılması şərtləri açıqlanıb. Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, birinci tədris ilinin ilk semestrində krediti almaq hüququ olan tələbənin qəbul imtahanında topladığı ümumi balın minimal həddi müəyyənləşib. Onun sözlərinə görə, həmin hədd Təhsil Tələbə Fondunun himayəçilik şurası tərəfindən müəyyən edilib: "Bakalavriat səviyyəsi üçün 300-700 bal aralığında, magistratura səviyyəsi üçün 50-100 bal, subbakalavriat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər". Nazir müavini qeyd edib ki, standart kreditlər illik təhsil haqqının 20 %-ni ödəyən tələbələrə şamil olunacaq.
Təhsil kreditlərin geri qaytarılma şərtlərinə gəlincə, İdris İsayev bu zaman tələbələrə möhlət verilməsinin mümkün olduğunu deyib.
Onun sözlərinə görə, TTK dövründə aşağıdakı hallar baş verərsə, kreditin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır:
- Yuxarı təhsil səviyyəsində əyani təhsil;
- həqiqi hərbi xidmət;
- məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması);
- hamiləliyə, doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluqda olduğu müddəti.
Nazir müavini bildirib ki, möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv ediləcək.
İdris İsayev deyib ki, kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunacaq: “Kreditə görə faizlər müvafiq qaydada hesablanır. Bu güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır”.
Beləliklə, TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:
- Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 71 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır.
- Təhsilin normativ müddətində bütün tədris semestrlərində ümumi ortalama qiyməti 91 bal və yuxarı olan (peşə təhsilində aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalanın təhsilin normativ müddətində aldığı TTK-nın 50 faizi hissəsinin ödənişindən azad olunur”.
Standart TTK üzrə isə aşağıdakı güzəştlər tətbiq edilir:
ÜOMG-si 91 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faizlər hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestr müddətində ÜOMG-si 91 bal və yuxarı olan borcalan kreditin 25 faizi hissəsinin ödənişindən azad olunur.
Təhsil eksperti Kamran Əsədov old.old.pressklub.az-a şərhində bildirib ki, açıqlanan qaydalara görə, əslində, tələbə kreditləri verilmir. O, buna səbəb kimi şərtlərin hədsiz çətin olduğunu göstərir:
"Dünyanın 61 ölkəsində tələbə kreditləri verilir, amma onların arasında ən çətin şərtlər Azərbaycandadır. Demək olar, heç bir güzəşt yoxdur və əlçatan deyil".
Ekspert qaydalarda bir neçə ciddi nöqsanın olduğunu qeyd edib:
"1. Qeyd olunur ki, www.e-ttkf.edu.az portalı vasitəsi ilə kredit almaq üçün müraciət etmək lazımdır. Bunun üçün isə ASAN Login portalında qeydiyyatdan keçmək vacibdir. Qeydiyyatdan keçmək üçün isə müraciət edənin adına mobil nömrə olmalıdır. Axı, hörmətli fond, Azərbaycanda 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Hansı tələbənin, kredit almaq üçün müraciət edənin adına mobil nömrə yoxdursa, o sistemdə qeydiyyatdan keçə bilməz. Deməli, indi azı 60 min tələbə gedib yeni nömrə almalıdır? Bundan başqa, 9 illik bazadan kollecə qəbul olan tələbənin 15 yaşı var, o necə nömrə ala bilər öz adına?
- www.e-ttkf.edu.az portalına müraciət etmək üçün tələbə notariusa müraciət edib, arayış almalıdır. Bunun üçün də rüsum ödəməlidir. Niyə biz onları həm nömrə, həm də rüsum ödəmək üçün əlavə xərcə salırıq? Niyə tələbələr qapı-qapı gəzməlidir? Elektron portalda hər kəs barədə məlumat var.
- Fond deyir ki, kredit almaq üçün minimum 300 bal olmalıdır. Bu, ciddi məhdudiyyətdir. Gəlin rəqəmlərə baxaq: I qrup üzrə 9866 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 7137 nəfər 300 dən çox bal toplayıb. Amma maraqlıdır ki, I qrupda 10112 dövlət sifarişli – pulsuz plan yeri var. Yəni I qrupda abituriyentlər 200 balla hətta pulsuz ixtisaslara qəbul ola bilir. II qrupda 5346 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 3568 nəfəri 300 balı keçib. Lakin burada da 4230 plan yeri dövlət sifarişli – pulsuz ixtisas var və II qrup üzrə 250 balla pulsuz ixtisasa qəbul ola bilər.
- Faizlər hədsiz dərəcədə yüksəkdir. Standart kredit üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlığına ciddi mane olur.
- Kredit üçün yalnız əyani təhsil alanlar müraciət edə bilər. Qiyabi tələbələr müraciət edə bilməz.
- Hazırda ölkədə 126 min tələbə özü təhsil haqını ödəyir. Amma onların hamısı müraciət edə bilməyəcək. 56 min tələbənin müraciət etmək imkanı olacaq. Çünki digərlərinin akademik borcları – kəsrləri var, akademik göstəriciləri 71 baldan aşağıdır. Qısası, biz tələbələrə kreditin verilməməsi üçün bütün imkanları səfərbər etmişik".
"Məsələn, ABŞ-da bu işlə Federal Agentlik məşğul olur və onun çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin, universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən, kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə, məhdud da olsa, təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur – 1-2 faiz. Ümumiyyətlə, tələbə kreditləri Konstitusiyanın tələblərinə ziddir. Belə ki, Konstitusiyaya görə, maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir".
Xatırladaq ki, koronavirus pandemiyası dövründə sosial həssas qrupa daxil olan ailələrdən təhsil alan tələbələrin təhsil haqqı dövlət hesabına ödənilib. (Bu qrupa ünvanlı dövlət sosial yardımı alanlar, hər iki valideyni və ya qanuni nümayəndələrindən I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alan ailələrin övladları aid edilib- red.) Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli qərarı 22 min tələbəyə şamil edilib. Bu tələbələrdən 16 500-ü ali təhsil müəssisələrində, 4500-ü orta ixtisas və 1000-ə yaxını isə peşə təhsili müəssisəsində təhsil alıb. Bu məqsədlə büdcədən ümumilikdə 40 milyon manat ayrılıb. Ödəniş 2019-2020-ci tədris ilinin yaz semestrini və ikinci 2020-2021-ci tədris ilinin payız semestrini əhatə edib.
Bu ilin ikinci semestrində isə maliyyələşdirmə dayandırılıb. Ölkədə sərt karantin rejimi yumşaldıldığına görə, bu istiqamətdə vəsait ayrılmayıb.
Turqut